Eynulla Fətullayev Avrapoda görüşlər keçirib

O, bütün görüşlərində Ramiz Mehdiyevin “Xural”a təzyiqlərindən söz açıb…

Strasburqa AŞPA-nın sessiyasına dəvət edilmiş keçmiş siyasi məhbus Eynulla Fətullayev ötən həftə bir sıra görüşlər keçirib. O, Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq və AŞ PA-nın Azərbaycanda siyasi məhbuslar üzrə xüsusi nümayəndəsi Kristof Ştrasserlə görüşüb.

Görüşdə Azərbaycanda insan hüquqları sahəsində vəziyyət müzakirə olunub. Bu barədə E.Fətullayev görüş başa çatdıqdan sonra “Turan”a bildirib.

“Fəaliyyətinə, Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarına verdiyi dəstəyə görə və mənim azad edilməyim üçün etdiklərinə görə Hammerberqə təşəkkürümü bildirdim”, deyə Fətullayev qeyd edib.

Eyni zamanda o bildirib ki, Kristof Ştrasseri Azərbaycana qonaq çağırıb.

“Hakimiyyət Sizi insan hüquqları üzrə xüsusi nümayəndə kimi Azərbaycanda görmək istəmirsə, mən Sizi qonağım kimi dəvət edirəm və siyasi məhbuslarla tanış edəcəyəm”, deyə Fətullayev bildirib.

O, həmçinin deyib ki, siyasi məhbuslar məsələsinin həlli və bütünlükdə Azərbaycan cəmiyyətinin demokratikləşməsi yolları barədə fikir mübadiləsi aparılıb.

Eynulla Çavuşoğlu ilə görüşdən imtina edib

AŞ Nazirlər Komitəsi hökumətin ona 27,5 min avro məbləğində kompensasiya ödəməsi barədə qərar çıxarıb

AŞ PA-nın yay sessiyasına dəvət almış keçmiş siyasi məhbus Eynulla Fətullayev bu qurumun rəhbəri, türkiyəli deputat Mövlud Çavuşoğlu ilə görüşdən imtina edib. Bu barədə “Turan”a E.Fətullayev özü məlumat verib, amma bunun səbəblərini açıqlamayıb.
Lakin görüşdən imtinanın səbəbinin Çavuşoğlunun mövqeyi ilə əlaqədar olması şübhə doğurmur. Belə ki, o, açıq şəkildə Azərbaycan hakimiyyətinin siyasətini dəstəkləyir və ölkədə insan hüquqlarının pozulmasına göz yumur.
Sessiyanın birinci günündə – iyunun 20-də E.Fətullayev Fransa, Rumıniya, Slovakiyanın AŞ-dakı səfirləri, həmçinin AŞPA-nın Azərbaycan üzrə keçmiş məruzəçisi, AŞ PA-da Estoniya nümayəndə heyətinin hazırkı rəhbəri Andres Herkellə görüşüb.

Eynulla Avropa Şurasının Baş katibi ilə görüşüb

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sessiyasına dəvət edilmiş jurnalist Eynulla Fətullayev Strasburqda görüşlərini davam etdirib. İyunun 21-də o, Avropa Şurasının baş katibi Turborn Yanqlandla görüşüb.

Fətullayev “Turan”a açıqlamasında deyib ki, azad olunması üçün göstərdiyi bütün səylərə və dəstəyə görə T.Yaqlanda təşəkkürünü çatdırıb: “Həbsdə olarkən Yanqland dörd dəfə mənim dərhal azad olunmağımı tələb edən bəyanatla çıxış edib. Dedim ki, bunu bilirdim və bu dəstəyin sayəsində həbsxanada sağ qaldım”.
Jurnalist deyib ki, AŞ baş katibinə Azərbaycanda vətəndaş cəmiyyətinin problemləri, siyasi azadlıqların genişləndirilməsi məqsədilə hakimiyyətlə dialoqun davam etdirilməsinin vacibliyi barədə danışıb: “Onu tezliklə Azərbaycana gəlib öz nüfuzundan istifadə edərək siyasi islahatların vacibliyi məsələsini aktuallaşdırmağa çağırdım. Bu günlərdə Bakıda Norveç şahzadəsi ilə görüşməyim haqda ona məlumat verdim. O görüş zamanı Norveçin Azərbaycandakı sabiq səfiri Steynar Gil və Yanqland kimi xadimlərə görə Norveçə təşəkkür etmişdim”.
E.Fətullayev AŞ PA Monitorinq Komitəsinin üzvləri və katibi, AŞ kommunikasiya departamentinin direktoru Daniel Oltgen, media departamentinin direktoru Ceremi Moakes, AŞ PA-dakı liberal qrupun deputatları və katibi, Almaniya Yaşıllar Partiyası fraksiyasının təmsilçiləri ilə görüşüb.

Eynulla Fətullayevin XuralTAC-a verdiyi məlumatlara görə, keçirdiyi bütün görüşlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural”a qarşı göstərdiyi təzyiqləri müzakirəyə çıxarlıb. Azərbaycanın ən güclü məmurunun bir həftəlik qəzeti nəşr olunmamaq təhlükəsi ilə üz-üzə qoyduğu haqda məlumatlar Avropa başbilənlərinin də təəccüblərinə səbəb olub. Onlar qəzetlərin ödəyə biləcəkləri qədər cərimələnməsindən yana olduqlarını xüsusi bildiriblər və dövlət məmurlarının əllərindəki səlahiyyətlərdən istifadə edərək mətbuatı sıradan çıxarmaq təşəbbüslərinin zərərli olduğunu vurğulayıblar.

Eynulla Fətullayev keçirəcəyi bütün görüşlərdə ümumi mətbuatla birlikdə “Xural”ın problemlərini qldıracağını vurğulayıb.

E.Fətullayev 2007-ci il aprelin 20-dən ayrı-ayrı üç hökmlə həbsdə olub. 2011-ci il mayın 26-da prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. O, 2005-ci ildə “Realnıy Azerbaydjan”, “Gündəlik Azərbaycan” qəzetlərini və “Azerbaydjan v mire” jurnalını yaradıb. Hazırda bu nəşrlər fəaliyyət göstərmir.

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button