Fərəc Kərimlinin hansı həbsxanaya köçürüləcəyi bəlli deyil

Amma onun qardaşı Sirac Kərimli 10 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb  

 

Müsavat Partiyası bəyan edir ki, Fərəc Kərimlinin hara aparılması ilə bağlı məlumatın gizlədilməsi kobud qanun pozuntusudur

İyulun 14-də Müsavat Partiyası başqanının müavini, vicdan məhbusu Fərəc Kərimlinin Apellyasiya Məhkəməsi başa çatıb. Qərarın təcridxanaya təqdim edildiyi gün Fərəc Kərimli Cəzaçəkmə Müəssisəsinə köçürülməli idi. Fərəc Kərimli bu gün ailəsi ilə əlaqə saxlayaraq məlumat verib ki, o, təcridxanaya köçürüləcək. Amma hansı müəssisəyə aparılacağı haqqında ona deyilməyib. Hal-hazırda Fərəc Kərimlinin hansı təcridxanaya aparıldığı barədə vəkillərinə və ailəsinə məlumat verilməyib.

Müsavat Partiyası bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinə görə, məhkum edilmiş şəxsin yer dəyişməsi halı ilə əlaqədar onun yaxınlarına, vəkillərinə əvvəlcədən məlumat verilməlidir (maddə 16.1. Cəzanı icra edən müəssisə və ya orqanın vəzifəli şəxsləri məhkumun razılığı ilə onun ailəsinə və ya yaxın qohumlarından birinə, yaxud məhkumun göstərdiyi şəxsə ona təyin olunmuş cəzanın icrası, cəzanın çəkilmə yeri, məhkumun yerdəyişmələri və azad edilməsi barədə məlumat verməlidirlər.) və məhkum edilmiş şəxs cəzasını yaşayış yerinə yaxın müəssisədə çəkməlidir (maddə: 65.1. Müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzalarını bir qayda olaraq yaşayış yerinə yaxın ərazidə yerləşən cəzaçəkmə müəssisələrində çəkirlər)”.

Müsavat Partiyası bəyan edir ki, Fərəc Kərimlinin hara aparılması ilə bağlı məlumatın gizlədilməsi kobud qanun pozuntusudur.

Müsavat Partiyası, Fərəc Kərimli ilə baglı yol verilən özbaşınalığa son qoyulmasını və onun harada olması barədə ən qısa zamanda yaxınlarına və vəkillərinə rəsmi məlumat verilməsini tələb edir.

xural.com-un özəl mənbələrdən əldə etdiyi məlumatlara görə, Fərəc Kərimlinin qardaşı Sirac Kərimli 10 saylı CÇM-ə göndərilib və artıq cəzasını çəkməyə başlayıb.

 

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button