Fərəc Quliyev parlamentə təyin olundu!

Vüqar Bəyturan

Vüqar Bəyturan: «Fərəc Quliyevin topladığı səslərin sayı 300-400 arası ancaq olardı»

Seçki dönəmində DUİ istər AXCP, istərsə də Müsavat tərəfindən dışlandı…

Vüqar Bəyturan Azərbaycanın gənc və uzun zamandır siyasətdə olan nümayəndələrindəndir. Maraqlıdır ki, bu çapda siyasətçiləri siyasətimizin «balinaları» (ifadə Tahir Kərimliyə məxsusdur) özlərinə lazım olanda böyüdüb-böyüdüb onlarla gözlərimizi yağır edirlər, lazım olmayanda isə onları gərəksiz əşya kimi kənara tullayıb fikirlərinə «qeyri-ciddidir» yarlığı yapışdırırlar. Sual olunur ki, bu adamlar ki qeyri-ciddidir, o zaman ən güclü müxalifətdaxili birləşmə-qruplaşmalarda onların nə işləri vardı? Yox, siz ki onları hər zaman projelərinizin başında oturdubsunuz, o zaman tərs fikir söyləyəndə niyə qocunursunuz.

Bu müsahibə Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturanın qocundurucu müsahibələrindən biridir. Onun ilginc və ciddi iddiaları var. Müxalifətdaxili münasibətlər və digər məsələlər haqqında siyasətimizin bu gənc nümayəndəsinin maraqlı fikirləri var.

Qonağımız Milli Qurtuluş Partiyasının sədri Vüqar Bəyturandır…

Əvvəli ötən saylarımızda

– Deyirsiniz ki, Fərəc Quliyev də digərləri kimi təyin olunub, seçilməyib?
– Bəli, Fərəc Quliyev təyin olundu. Hansı seçilməkdən söhbət gedə bilər? Seçki dövründə bütün namizədlərə eyni şərait və imkan tanınmadı, amma bir şey məlumdur ki, Əli Kərimli və mən Fərəc Quliyevdən dəfələrlə artıq səs toplamışdıq. Hətta Etibar Əliyev də Fərəc Quliyevdən artıq səs toplamışdı. Fərəc Quliyevin topladığı səslərin sayı 300-400 arası ancaq olardı. O da ərazidə yaşayan MİS işçiləri, Suraxanı Rayon İcra Hakimiyyətinin əməkdaşları, büdcə təşkilatında rəhbərlikdən təmsil olunan adamların hamısı Fərəc Quliyevə dəstək durdular. Orada Fərəc Quliyevin sıravi vətəndaşlar tərəfindən heç bir dəstəyi və səsi olmayıb. Baxmayaraq ki, Fərəc Quliyev yaxşı maliyyə dəstəyi olan bir seçki kampaniyası keçirdi. Seçkilər obyektiv keçirilsəydi, qələbə çalmaq imkanlarım böyük idi. İqtidar da bilərəkdən və ya bilməyərəkdən Əli Kərimlinin digər namizədlərdən daha çox təbliğ olunmasına şərait yaratdı. Hafiz Hacıyevin və Əhəd Abıyevin, o cümlədən də Fərəc Quliyevin siyasi səhv buraxaraq Əli Kərimlinin üzərinə getməsi onu seçicinin favoriti etdi. Mən də o sırada oldum, amma bunun səbəblərini müsahibəmin əvvəlində bildirmişəm. «Yeni Müsavat» qəzetində məlum yazının dərc olunması məni hiddətləndirdi və bunu elə qəbul etdim ki, Rauf Arifoğlu məni təbliğat kampaniyasının ən əhəmiyyətli vaxtında arxadan vurdu. Ona görə də İTV-dəki məlum çıxışı etdim. Həmin çıxışda Əli Kərimli ilə münasibətlərin əslində nə cür olduğunu izah etməyə çalışdım. Belə deyək, mən o fikirləri qəzetdə dərc olunan məqalənin təkzib olunması üçün ifadə etdim. Qəzet bizə o təkzibin dərc olunmasına imkan vermədi. O çıxışdan sonra neçə illərdir müxalifətdə bir yerdə olduğumuz dostlarımız da, tərəfdarlarımız da, neçə illərdir müxalifətdə olub, əqidəsini dəyişməyən insanlar da mənə iradlarını bildirdilər ki, ən azı o tip insanlarla bir yerdə Əli Kərimlinin ünvanına o cür sözləri söyləmək düzgün deyildi.
– Təbii ki…
– O iradları təbii ki, qəbul edirəm, amma eyni zamanda mən də öz fikirlərimi bildirirəm ki, başqa yol yox idi. Mən İTV-də Əli Kərimlini pisləyən, onun fəaliyyətini tənqid edən heç bir bəyanat verməmişəm. Sadəcə demişəm ki, Əli Kərimlini həmin dairədən şanslı namizəd hesab etmirəm və «Yeni Müsavat» qəzetində mənim adımdan dərc olunan bəyanat mənə qarşı yönəlmiş təxribatldır.
– Vəziyyət elə idi ki, bir dəstə eyni mətni üzündən oxuyurdu. Onların arasında MTN-nin namizədlərinin də olduğu məlumdur. O baxımdan, canlı yayından istifadə edərək Əli Kərimli və İsa Qəmbər əleyhinə istifadə olunan hər bir fikir bu qurumların ssenarisinin bir hissəsi kimi qəbul olunurdu. Vüqar Bəyturan bu projenin içində yox idi?
– Bir daha deyirəm ki, mən Əli Kərimlinin siyasi fəaliyyətinə, onun şəxsiyyətinə xələl gətirəcək fikir söyləməmişəm. Sadəcə mənə qarşı törədilən təxribatın qarşısını almışam…
– Əli Kərimlinin bu məsələdə nə suçu var ki?
– Ola bilsin, bununla əlaqəsi yoxdur. Amma mən o fikirləri dəstəkləmirəm ki, Əli Kərimlinin ailəsi və ya siyasi fəaliyyətdən kənar şəxsiyyəti ilə bağlı ifadələr işlədilib. Bu, bizim millətə yaraşmayan hərəkətlərdir. Hətta mən bir an istədim ki, onlara cavab da verim, bu cür ifadələrin yersiz olduğunu bildirim. Sadəcə bunu etmədim, çünki mənə ayrılan 4 dəqiqə vaxt çox qısa müddət idi. O müddət ərzində Əli Kərimliyə dəstək olsaydım, ictimaiyyətdə belə bir fikir yaranardı ki, Vüqar Bəyturan Əli Kərimlinin ictimai vəkili kimi çıxış edir. Bu baxımdan, mən onu müdafiə etmədim. Digər tərəfdən, açığı, məcburən o səviyyəli insanlarla bir yerdə oturmuşdum. Xalq arasında belə bir deyim var – öz adını qorumaq… Öz adımı qorumaq naminə onlarla debata girmədim. Çünki hesab edirəm ki, ictimaiyyət də onların fikirlərinin nə qədər doğru və ya yanlış olduğunu hamıdan yaxşı bilir. Əslində, onlara qarşı mövqe qoymaq, onlarla mübahisəyə girməyin özü düzgün olmazdı. Əli Kərimlinin tərəfdarlarına da bununla bağlı öz fikirlərimi bildirdim ki, yaxşı olardı, o da İsa Qəmbər kimi həmin çıxışlarda iştirak edəydi və İsa Qəmbər kimi öz mövqeyini ortaya qoyardı. O zaman onun heç kimin dəstəyinə və müdafiəsinə ehtiyacı qalmazdı.
– DUİ-nin axırı necə olacaq? Pənah Hüseyn də getdi…
– Pənah bəy getdi. Müzakirələr gedir ki, müəyyən keyfiyyət dəyişiklikləri ortaya qoyulmalı, dəyişikliklər baş verməlidir. Hər həftə bir yerə yığılıb müəyyən qərarlar qəbul edib ictimai fikrə, ictimai proseslərə təsir imkanlarını artırmadan, sadəcə müttəfiqik, bir-birimizlə yaxşı münasibətlərimiz var deyə bu birliyi qorumaq siyasi proseslərə xeyir gətirəcək bir şey olmayacaq. DUİ 2013-cü il prezident seçkiləri ilə bağlı mövqe ortaya qoymalıdır. Seçki dönəmində DUİ çox aktiv idi ki, müxalifət qüvvələri bir araya gəlsin. Son nəticədə elə oyunlar quruldu ki, DUİ proseslərdən kənarda saxlanıldı. İstər AXCP tərəfindən, istərsə də Müsavat partiyaları tərəfindən dışlandı. Biz artıq bu xəttə son qoymalıyıq. Təcrübədə gördük ki, bunlar bir araya gələndə saf, təmiz, sözün əsl mənasında millətin yanında olan siyasətçilərə həmin birlikdə yer olmur. Əgər belədirsə, bu birliyin yaranması üçün biz niyə çaba xərcləyirik? Ona görə də biz yeni qüvvə kimi ortaya çıxmalıyıq. Əlavə qüvvələrin də DUİ-yə gəlmələrini təklif etmişəm. Müəyyən partiyalar var ki, onlar BAB ilə bir arada olmuşdular. Onların da aralarında olan adamlar DUİ-də təmsil olunmaq üçün müraciət ediblər.
– Deyirsiniz ki, AXCP ilə Müsavat Partiyaları bu birlikdən kənarda olmalıdır?
– Təbii… Onlar kənarda olmalıdır və hesab edirəm ki, getdikcə bu siyasi qüvvələr İlham Əliyevlə, hakimiyyətlə bizim aramızda olan baryer funksiyasını yerinə yetirməkdən imtina etməlidirlər. Çünki sizin o fikrinizlə razılaşıram ki, ənənəvi müxalifət hakimiyyətlə bizim aramızda hər zaman sipər rolunu oynayıb. Bu gün həmin liderlər, özünü birinci sayan radikal müxalifətçilər imkan vermirlər ki, bizim kimi partiyalar, siyasi fəaliyyətlə məşğul olan insanlar irəli çıxsınlar. Öz qəzetləri vasitəsilə, digər üsullarla buna mane olurlar. Son nəticədə müxalifət cəbhəsində yeniliyin yaranmasına imkan vermirlər. Özləri də müxalifət missiyasını, funksiyasını yerinə yetirməyi bacarmırlar. Son nəticədə bu da hakimiyyətin mənafeyinə xeyir gətirmiş olur. Yəni hakimiyyət bilir ki, bu cür dözülməz şəraitdə nə AXCP sədri, nə Müsavat başqanının ətrafında olan qüvvələr şəraitin tələb etdiyi missiyanı həyata keçirmək imkanlarına malik deyil. Elədirsə, onların qalmağı, siyasi meydanda mövcud olmaları hakimiyyət üçün ziyandan çox xeyirdir. Amma yeni bir qüvvə gələrsə və mövqeyini ortaya qoyarsa və nəzarətdənkənar olarsa, təbii ki, bu, hakimiyyət üçün problem olar. Təsəvvür edin ki, bu gün tirajı və dövriliyi sizdən çox olan qəzetlər dərc olunur. Lakin hakimiyyət o qəzetlərdən zərrə qədər ehtiyat etmir, «Xural»dan isə ehtiyat edir. Nəyə görə? Ona görə ki, «Xural» nəzarətdə deyil, müstəqildir. Bu hakimiyyət də çox gözəl bilir ki, ona zərbə yalnız müstəqil, onun nəzarətində olmayan obyektdən gələ bilər. Bu baxımdan, baxmayaraq ki, bizim partiyalar əhatə dairəsinə görə, bazasına görə o qədər də böyük partiyalar deyil – ən azı Müsavat Partiyası və AXCP qədər deyil – onlarda olan nəzarət mexanizmi bizim üzərimizdə yoxdur. Yəni bizim müstəqillik imkanlarımız qat-qat onlardan üstün olduğuna görə, bizdən ehtiyat edirlər. Bu ehtiyatın bir nümunəsi kimi bir hadisəni nəzərinizə çatdırmaq istərdim. 2009-cu il dekabrın 26-da DUİ həmrəylik günü ilə bağlı tədbir keçirirdi. Bütün müxalifət cinahı orada təmsil olunurdu və təbii ki, həmsədrlərdən biri kimi mən də orada təmsil olunurdum. Orada mən mövqeyimi ifadə etdim. Həm həmin tədbirdən əvvəl, həm də həmin tədbirdə çox radikal bəyanatlar verdim – iqtidarın istefaya getməsi ilə, siyasi vəziyyətlə bağlı bəyanatlarım oldu. Digər çıxışçılardan demək olar ki, fərqli mövqe ortaya qoydum. Hətta hiss etdim ki, dəyirmi masada iştirak edən çox adam həmin mövqedən çəkindilər. Çünki bu qədər radikal mövqe yəqin ki, bir neçə il əvvəl rast gəlinən bir hal idi. Bunun nəticəsini də gözləyirdim. Dekabrın 26-da, tədbirdən bir neçə saat sonra mənə zəng vurdular. Əvvəlcə naməlum nömrədən, sonra isə tələblərim nəticəsində nömrəsi bəlli olan telefonlardan zəng vuruldu. Məni israrla bir nəfər görüşə çağırırdı. Özünü də israrla Prezident Aparatının işçisi kimi təqdim edirdi. Mən də ona başa salmağa çalışırdım ki, görüş belə olmaz, görüş indi olmaz və ümumiyyətlə, bu yanaşma düzgün deyil. Hiss elədim ki, burada nəsə başqa bir məqsəd var və mən həmin görüşə getmədim. Bir neçə gündən sonra bizim partiyadan olan bir nəfərlə onlar əlaqə yaratdılar və şərtlər irəli sürdülər. Şərtlər də ondan ibarət idi ki, biz onlarla razılığa gələcəyiksə, onlar bizim üçün siyasi fəaliyyəti ortaya qoymaq üçün şərait yaradacaqlar, razılaşmayacağımız təqdirdə isə çox pis olacaq. Yəni bu cür təhdidlərlə üzləşdim. Bundan sonra mən AR Prezident Administrasiyasına və hüquq mühafizə orqanlarına – həm DİN-ə, həm MTN-ə müraciət ünvanladım. Həmin müraciətdə hadisələri təfsilatı ilə yazdıq, bizə daxil olan telefon nömrələrini qeyd etdik və nəticədə heç bir tədbir görülmədi. Mən bir şeyə təəccüb etdim ki, ən azı Prezident Administrasiyasından maraqlı olmalı idilər ki, həmin adamların kimliyini müəyyənləşdirsinlər. İndiki texnoloji inkişaf nəticəsində bunu etmək mümkün idi. Telefon nömrələri bəlli, zənglərin müddətləri bəlli, yəni onları tapıb kimliklərini müəyyənləşdirmək olardı. Amma mənə cavab veilmədi və çox təəssüflər olsun ki, heç bir tədbir də görülmədi. Bu təhdidlər davam etdi, sonunda məlum oldu ki, bu ölkədə siyasi mövqe ortaya qoymaq, azad fikir söyləmək mümkün deyil. O baxımdan, hesab edirəm ki, 1 il əvvəl baş vermiş hadisələr yenidən təkrarlana bilər, çünki Azərbaycan Respublikasında heç bir adam təhdid və təzyiqlərdən sığortalanmayıb. Bununla bağlı MQP-nin son iclasında toplantı olub. Hətta bizim bəzi partiya funksionerləri belə bir orijinal təkliflə çıxış etdilər ki, bəlkə dünya ictimaiyyətinin, elə ölkə prezidentinin də diqqətini cəlb etmək üçün belə bir addım ataq – Siyasi Şuranın üzvləri bir yerdə ölkə vətəndaşlığından imtina edək. Eyni zamanda başqa təkliflər də mövcuddur. Hal-hazırda bu təkliflər Siyasi Şura üzvləri tərəfindən araşdırılır. Bir şeyi qətiyyətlə və əminliklə demək olar ki, artıq dəyişikliklərin və yeniliklərin zamanı gəlib. Həm hakimiyyətdə, həm müxalifətdə, həm də ölkədə… Buna nail olmağın yolları isə əslində ümumilikdə razılaşdırılıb meydana qoyulmalıdır.

Son

Hazırladı:

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 049(409), 09-15 yanvar 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. Milli azadlıg herekatından formalaşan ve ortaya çıxan muxalifet ve onun indiki aparıcıları tesuf edirem ki,herekatın ve Elçibeyin amaçladığı azerbaycanın birliyi uğrunda mubarize irsine sadig değiller.Bu irs neyinki ölkemizin şimalını eyni zamanda da cenubundakı bütün milli gücleri kapsamaktadır.Birliyi amaçlayan herekatın indiki temsilçileri ise buraxın ölkenin birliyini öz aralarında bele 100 parçaya bölünmüş durumdadırlar.yox men seçile bilmedim,yox başkan men olacam,yox menim de bir gezetim olsun… bes harada galdı milli mucadele,milli birlik…Azerbaycanın ise men bu milli hedeflerle bağdaşlaşdıra bilmirem.Onların işi gücü gurdukları rüşvet mexanizmasını inkişaf ettirmekdir.Bu durumda yaxşı bes çözüm nedir…Mene ele gelir ki çözümü yene Azerbaycan Xalgının özü ortaya çıxaracagdır.Çünki bu Xalg bunu etmeye gadir ve gehraman bir Xalgdır.Yaşasın Azerbaycan Xalgı! Yaşasın bütöv Azerbaycan!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button