Fərhad Əliyev Eldar Həsənovla birləşir

2005-ci il oktyabrın 19-da, ovaxtkı parlament seçkiləri ərəfəsində həbs edilənsabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin Azərbaycanda iş adamı kimi yenidən fəaliyyətə başladığı haqqında xəbərlər var. Bu barədə bəzi KİV-lər də bir müddət öncə məlumat yaymışdılar.
Modern.az-ın məlumatına görə, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 2007-ci il 25 oktyabr tarixli hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilən, 14 oktyabr 2013-cü il tarixində isə prezidentin sərəncamı ilə cəzasının çəkilməmiş hissəsindən azad olunan eks-nazir həbsdən çıxandan sonra İngiltərəyə, ardınca da Türkiyəyə getmişdi.
Fərhad Əliyevin artıq Azərbaycanda iş adamı kimə fəaliyyət göstərdiyi bildirilir.
Sabiq nazirlə bağlı məlumat almaq üçün öncə həbsdə olan zaman onun hüquqlarının müdafiə komitəsinin sədri olmuş sabiq deputat, tarixçi professor Cəmil Həsənli ilə əlaqə saxladıq.
C.Həsənli saytımıza bildirdi ki, uzun vaxdır ki, Əliyev qardaşları ilə əlaqəsi yoxdur. Ona görə də onlar barədə tam məlumatsızdır.
Fərhad Əliyevlə bağlı Modern.az digər maraqlı bilgilər əldə edib.
Məlumata görə, onun biznes əlaqələri Türkiyədə dövlət rəhbərliyinə qədər uzanır.
Sabiq nazirin Azərbaycanda da biznes işinə başladığı qeyd edilir. Hətta Sumqayıt Texnologiyalar Parkının da bilavasitə onun iştirakı ilə qurulduğu söylənilir.
Aldığımız məlumatlarda son zamanlar Fərhad Əliyevın Azərbaycanda bir sıra iri işlərə rəhbərlik etdiyi vurğulanır.
Hətta qeyd edilir ki, Fərhad Əliyev özünün günahsız həbs olduğunu və ona vaxtilə “müharibə açmış” şəxslərin yalanlarını yüksək dairələrdə sübut edə bilib. Elə bu səbəbdən də ölkədə bir holdinqin onun nəzarətinə keçəcəyi də deyilir.
Xatırladaq ki, Fərhad Əliyev 2005-ci ildə qardaşı Rafiq Əliyevlə birlikdə tutulmuşdu. O və 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyev 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Xural.com-un özəl mənbələrdən əldə etdiyi məlumatlarda deyilir ki, Fərhad Əliyevin dönüşü təkcə iqtisadi səbəblərlə bağlı deyil. Onun çox ciddi şəkildə sabiq baş prokuror Eldar Həsənovun komandasında təmsil olunduğu və onun siyasi gələcəyi uğrunda mübarizə aparacağı bildirilir. Eldar Həsənovun ətrafında sabiq məmurlardan ibarət islahatçı bir komandanın cəm olduğunu bildirən mənbə qeyd edir ki, öz zamanını gözləyən Eldar Həsənov Fərhad Əliyevlə birlikdə hərəkət edir. Türkiyədə əsas iş sahələrini yerləşdirən Fərhad Əliyevin, hətta Eldar Həsənovun adından yaxın qonşu ölkələrdə fəaliyyət göstərən bir çox iri iş adamları ilə danışıqlar apardığı da gələn xəbərlər arasındadır.

Xural.com xatırladır ki, Eldar Həsənov özünün güclü potensialı ilə Azərbaycan hakimiyyətinin ən yuxarı postlarına iddialıdır və onun güclü şəxsiyyətinin ətrafında uzun müddətdir ki, qəribə bir təmərküzləşmə müşahidə olunmaqdadır. Redaksiyada bu mövzu ətrafında ciddi məlumatlar var və Eldar Həsənovun siyasi portretini yaxın zamanlarda cəmiyyətə təqdim edəcəyik. Bax, Fərhad Əliyev də o fiqurlardan biridir – təmərküzləşməyə daxil olan fiqurlardan…

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button