Faiq Əmirlinin işində istintaqın görünməmiş saxtakarlığı

“Azadlıq” qəzetinin həbsdə olan yayım direktoru Faiq Əmirlinin məhkəməsi davam etdikcə istintaqın daha çox saxtakarlıqları üzə çıxır. Məsələn, bu gün Faiq Əmirlinin məhkəməsində dindirilən şahid Sultan İsmayılovun ifadəsində olduğu kimi.

Sultan İsmayılov Xocasən bələdiyyəsindən ona verilən torpaq sahəsini satmaq üçün təxminən 10 il əvvəl “Azadlıq” qəzetində elan verib. Elə bugünkü məhkəmədə də özü belə deyib.

Amma onun istintaqdakı ifadəsində yazılıb ki, elan 2010-2015-ci illərdə verilib. O, elan üçün aylıq 6-7 manatlıq ödənişi də aparıb “Azadlıq” qəzetinin “Sahil” metrostansiyası yaxınlığında yerləşən redaksiyasında verib.

Məhkəmədə isə Sultan İsmayılov bildirib ki, aylıq 1-2 manat ödəniş edib, elan bir neçə ay verilib.

Faiq Əmirlinin vəkili Aqil Layıcov bildirib ki, 10 il əvvəl verilən elanların Faiq Əmirlinin “Azadlıq”da işlədiyi dövr üçün (2010-2015) yazılması istintaqın saxtakarlığıdır.

“Adamın ifadəsində yazılıb ki, 2010-2015-ci illərdə elan üçün ödənişi aparıb “Azadlıq” qəzetinin “Sahil” metrostansiyası yaxınlığında yerləşən redaksiyasında verib.

Halbuki, “Azadlıq” qəzeti 2006-cı ildə “Sahil”dəki redaksiyadan Azərbaycan Nəşriyyatına köçürülüb”, – deyə Aqil Layıcov bildirib.

Faiq Əmirlinin digər vəkili Fəxrəddin Mehdiyev isə “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev və qəzetin əməkdaşı Xəyal Babayevin ifadələrinin sübutlar siyahısından çıxarılması haqda vəsatət qaldırıb. Vəkil bildirib ki, Rahim Hacıyev və Xəyal Babayev məhkəməyə məktub göndərib. Onlar məktublarında istintaqdakı ifadələrindən imtina etdiklərini yazıblar.

Qeyd ediblər ki, istintaqdakı ifadələrini təzyiq altında veriblər, ona görə də həmin ifadələrdən imtina edirlər. Xahiş edirlər ki, o ifadələr sübutlar siyahısından çıxarılsın.

“Azadlıq”ın baş redaktoru Qənimət Zahid də məktub göndərib. Yazıb ki, Faiq Əmirlinin təşkilati və maliyyə məsələləri ilə bağlı qərar vermək səlahiyyəti olmayıb.

Hakim Aytən Əliyeva bildirib ki, məktubların məhkəməyə daxil olub-olmaması məsələsi araşdırılandan sonra bu vəsatətə baxıla bilər.

Məhkəmə iyulun 12-də davam edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button