Formula 1 Avropa Qran Prisi yaxınlaşdıqca dollar bahalaşa bilər

İyunun 17-dən 19-dək Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisinin açılışına 11 gün qalır. Bu müddət ərzində ən azı 2 səbəbdən manatın dollara nəzərən məzənnəsində dəyişikliklər müşahidə oluna bilər. Birincisi, bu mötəbər yarış öncəsi ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) iyunun 14-15-də növbəti toplantısının keçirilməsi və uçot dərəcələrini qaldırması ehtimalının getdikcə artması dolların bahalaşması üçün əsaslar yarada bilər. FES-in qərarının ABŞ-la ticarət və investisiya əməkdaşlığı güclü olan ölkələrə ciddi təsirləri müşahidə olunsa da, bu qərarın Azərbaycan, Rusiya, Qazaxıstan və Türkiyə kimi valyuta bazarı xarici şoklara həsas olan ölkələrdə milli valyutaların dollara nəzərən məzənnəsinə daha çox psixoloji təsirləri gözlənilir. Federal Açıq Bazar Komitəsində keçiriləcək növbəti iclas ABŞ iqtisadiyyatının İqtisadi proqnozlarının müzakirəsi və sədrin mətbuat konfransından ibarət olacaq. Gözləntilərə görə FES bu və ya iyulun 26-27-də gözlənilən sonrakı toplantısında uçot dərəcəsini bahalaşdıracaq. Uçot dərəcəsinin artırılması pul kütləsinin azalmasını şərtləndirdiyinə görə, bu, dolların mövqeyini möhkəmləndirir. Proqnozlara görə, bu il 1,1 dollar 1 avro, 1 dollar 115 yen səviyyəsində qərarlaşacaq.
Manatın məzənnəsinə təsir göstərəcək ikinci amil Formula 1 Avropa Qran Prisinə görə ölkəyə gələcək turistlərin sayı ola bilər. Hazırda bu yarışa giriş üçün 3 günlük biletlərin qiyməti 200 dollarla 590 dollar arasında, iyunun 16-dan 20-dək akreditə olunmuş mehmanxanalarda yaşayış xərcləri isə 540 dollardan 2500 dollaradək dəyişir. Gözləntilər ondan ibarətdir ki, Mərkəzi Bank Azərbaycanı turistlər üçün cəlbedici etmək üçün manatın məzənnəsini ucuzlaşdıra bilər. Xaricilər üçün mehmanxana və biletin ödənişləri dollarla aparılsa da, onların yemək və istirahət xərcləri manata tələbatı artıracaq. Bazara bu məqsədlə dolların çıxması iqtisadi qanunauyğunluğa görə manata tələbatı artırmaqla onu bahalaşdırmalıdır. Amma bu, turistlər üçün Azərbaycan bazarının cazibədarlığını azalda bilər.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button