Fransa Senatının qərarı siyasi vəziyyəti daha da gərginləşdirir

“Azərbaycan qondarma “soyqırım” məsələsində hər zaman Türkiyənin mövqeyini dəstəkləyib və onun yanında olub”

“Fransa parlamenti Xocalı soyqırımına hüquqi qiymət verməlidir”

Azərbaycan Prezident Administrasiyası Fransa Senatının uydurma erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsinə münasibət açıqlayıb. Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, Fransa Senatının uydurma erməni “soyqırımını” inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunu qəbul etməsi Fransanın demokratik respublikanın ruhu və mahiyyəti ilə ziddiyyət təşkil edir və təəssüf hissi yaradır: “Bu qanun nə hüquqi baxımdan, nə də mənəvi baxımdan əsaslandırılması mümkün olmayan, yalnız hakim partiyanın və erməni lobbisinin təsiri altında olan senatorların qərəzli fəaliyyətinin nəticəsi kimi səciyyələndirilə bilər. Qanunun qəbul edilməsi qeyri-mümkün edən arqumentlər kifayət qədərdir. Birincisi, bu qanun Fransa Konstitusiyası ilə ziddiyyət təşkil etməsi riski böyük olduğuna görə onun Konstitusiya məhkəməsi tərəfindən ləğv edilməsi mümkündür. Beləki bu qərar hakimiyyətlərin bölgüsü prinsipinə ziddir, qanunverici hakimiyyət hakim rolunu oynaya bilməz. O cümlədən,  qanunverici orqan özünün bayağılaşdırılmasına gətirib çıxaracaq hər hansı istənilən məsələ ilə bağlı qanun qəbul edə bilməz. Nəhayət, qanunun icrasını təmin edən hakimlər nəyin əsasında cinayət tərkibini müəyyən edəcək, iddia edilən soyqırımla bağlı heç bir beynəlxalq yurisprüdensiya yoxdur. İkincisi, bu qanun demokratiya prinsiplərinin və fundamental insan azadlıqları ilə ziddiyyət təşkil edir. İnsan hüquqlarına dair Beynəlxalq Bəyannamənin 19-cu maddəsinə, Avropa insan hüquqları Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq insan öz fikir və düşüncəsini azad şəkildə ifadə etmək hüququna malikdir. Bu hüququn təmin edilməsi Fransa Konstitusiyasında əksini tapıb. Üçüncüsü, qanun elm adamlarının azad şəkildə tədqiqat aparmasına mane olur, onların obyektiv tarixi məlumatları mənbələrdə olduğu kimi təhlil etmək əvəzinə qanunun mahiyyətinə uyğun olaraq susmalarına gətirib çıxaracaq”. E. Aslanovun fikrincə, bunun özünü insan hüquqlarının beşiyi hesab edən bir dövlətdə baş verməsi təəssüf hissi doğurur: “Məsələyə rasional yanaşma, Türkiyə tərəfinin təklif etdiyi kimi, onun tarixçilər tərəfindən araşdırılmasını zəruri edir. Lakin erməni tərəfi hər zaman bu ideyadan qaçıb, tarixi sənədləri və faktları arxivdə saxlamağa üstünlük verib.  Fransa Senatının bu qərarı Cənubi Qafqazda siyasi vəziyyəti daha da gərginləşdirir. Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması dialoq və konstruktiv mövqe nümayiş etdirilməsini tələb edir. Azərbaycan qondarma “soyqırım” məsələsində hər zaman Türkiyənin mövqeyini dəstəkləyib və onun yanında olub. Bu, Azərbaycanın prinsipal mövqeyidir, tarixi hadisələrə “siyasi” və “diskriminativ” yanaşma qeyri məqbuldur. Ermənilər heç də iddia etdikləri kimi “məzlum” xalq deyillər, onlar yaxın tarixdə Xocalıda dinc azərbaycanlıların soyqırımını törədiblər. O zaman Fransa parlamenti Xocalı soyqırımına hüquqi qiymət verməlidir”.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button