Fransalı deputatlar prezident Ollanda məktub göndərdi – Erməni təxribatları ilə bağlı

olland

Aprelin 8-də bir qrup fransız senator və deputatı Ermənistanın son günlər atəşkəs rejimini pozması, sərhədyanı bölgələrdə Azərbaycanın dinc əhalisini intensiv atəşə tutması ilə əlaqədar Prezident Fransua Ollanda məktub ünvanlayıb.

Məktubda bildirilir ki, aprelin 2-də Ermənistan Dağlıq Qarabağda qoşunların təmas xəttində ağır artilleriyadan intensiv atəş açaraq atəşkəs rejimini pozub və dinc əhali arasında iki nəfərin ölümünə, 10 nəfərin yaralanmasına səbəb olub. Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri çərçivəsində dinc əhalisinin təhlükəsizliyini təmin etmək, təxribatları dayandırmaq və yeni təcavüz aktlarının qarşısını almaq məqsədilə zəruri tədbirlər görüb. Aprelin 3-də isə Azərbaycan cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq barədə qərar qəbul edib və bununla bir daha münaqişəni sülh yolu ilə həll etməkdə maraqlı olduğunu göstərib.

Ancaq aprelin 5-də Ermənistan yenə atəşkəs rejimini pozaraq intensiv atəş açmaqda davam edib. Günahsız insanların həyatına son qoyan bu son qarşıdırma beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT-in Minsk qrupuna bir daha status-kvonun saxlanmasının mümkün olmadığını göstərir.

Məktubda deyilir: “Cənab Prezident, biz bilirik ki, siz münaqişənin sülh yolu ilə davamlı həllinə nail olmaq üçün Fransanın xarici siyasətində bu istiqamətdə daim səy göstərmisiniz. Buna görə də Sizə müraciət edirik.

Bildiyiniz kimi, münaqişənin həllinin əsas təməli BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələri və BMT Baş Assambleyasının 62/243 (2008) saylı qərarı ilə müəyyən edilsə də, Ermənistan bu sənədləri yerinə yetirmir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında saxlanılan torpaqlarında qeyri-qanuni yerləşməsi eskalasiyalara əsas səbəbdir və regionda sülh və stabillik üçün təhlükə olaraq qalmaqdadır.

Eyni zamanda, işğal olunmuş ərazilərdə aparılan demoqrafik dəyişikliklər, eləcə də bu torpaqların anneksiyası məqsədilə erməni mühacirlərin həmin ərazilərdə yerləşdirilməsi təhlükəni daha da gücləndirir”.

Senatorlar və deputatlar bildirirlər ki, beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin qısa müddət ərzində atəşkəsin qətiyyətlə təmin edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tətbiqi məqsədilə dərhal fəaliyyət göstərməsi vacibdir. Yalnız beynəlxalq hüquqa riayət olunması dünyanın bu hissəsində sülh və ədalətin bərpa olunmasına imkan verəcək.

Deputat Jan-Fransua Manselin, senator Jerom Binyonun, deputat, Fransanın sabiq ədliyyə naziri Raşida Datinin imzaladıqları məktub bu sözlərlə sona çatır: “Cənab Prezident, ümid edirik ki, Siz bu haqq işi üçün lazımi töhfələrinizi verəcəksiniz”(azərtac).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button