Fransanı kim əvəz edə bilər?

11.02.2012

Fransa Konstitusiya Məhkəməsinin “erməni soyqırımı”nın inkarına görə hüquqi məsuliyyəti nəzərdə tutan qanun layihəsinə verəcəyi qərar yaxın günlərdə bəlli olacaq. Konstitusiya Məhkəməsinin bu qanunu qüvvədən salacağı ehtimalı olsa da, fərqli qərar ehtimalı da az deyil. Fransa Parlamentinin yuxarı palatası olan Senatın da Milli Assambleyanın qəbul etdiyi məlum qanuna səs verməyəcəyi güman edilirdi. Ancaq nəticə fərqli oldu. Demək, Konstitusiya Məhkəməsinin məlum qanuna yaşıl işıq yandırması mümkündür. Ancaq Konstitusiya Məhkəməsi qanunu rədd etsə belə, bu halda Fransa prezidenti Nikola Sarkozi “erməni soyqırımı”nın inkarına görə hüquqi məsuliyyəti nəzərdə yeni bir sənəd irəli sürməyə hazır olduğunu bildirib. Ona görə də, Azərbaycan hadisələrin məhz bu istiqamətdə inkişafına hazır olmalıdır.

Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun 3 həmsədrindən biridir. “Erməni soyqırımı”nın inkarına görə hüquqi məsuliyyəti nəzərdə tutan qanun təsdiq olunarsa, bu Fransanın ermənipərəst mövqeyinin rəsmiləşdirməsi demək olacaq. Bu halda Fransanın həmsədr kimi fəaliyyətini davam etdirməsi, tərəfsizliyini qorunması sual altında olacaq. Rəsmi Bakının Fransanın həmsədrlik məsələsini gündəliyə çıxarmaqdan başqa alternativi qalmayacaq. Əks halda, yəni bəlli qanun qüvvəyə mindikdən sonra rəsmi Bakı Fransanın həmsədrliyini həzm etməyi məqbul sayarsa, onda da strateji müttəfiqi Türkiyə ilə münasibətlərə soyuqluq gətirəcək. Ankara Fransanın həmsədrliyi məsələsində Bakıdan qətiyyətli addımlar gözləyir.

Ancaq Fransanın həmsədrlik məsələsinin gündəliyə çıxarılması işin yarısıdır. Rəsmi Bakı bununla paralel olaraq alternativ variantlar da irəli sürməlidir. Fransanın yerinə üç namizədin adı çəkilir: Türkiyə, Avropa Birliyi və Almaniya.

Türkiyənin həmsədr olması çətindir. Bu məsələ yalnız Ankara ilə Bakının istəyindən asılı deyil. Ermənistanın mövqeyi nəzərə alınmasa belə, Türkiyənin həmsədrliyinə ABŞ, Avropa Birliyi və Rusiya dəstək verməlidir. Ancaq Türkiyəyə belə bir dəstəyin olacağını söyləmək çətindir.

Türkiyə ilə müqayisədə Avropa Birliyi ilə Almaniyanın həmsədr seçilməsi imkanları daha çoxdur. Birincisi, həm Azərbaycan, həm də Ermənistan Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramının üzvüdür və köhnə qitəyə inteqrasiya olunmağa çalışırlar. İkincisi, Avropa Birliyinin Cənubi Qafqaz və Gürcüstandakı böhranlar üzrə xüsusi nümayəndəsi vəzifəsi təsis olunub. Bu vəzifədə çalışan Filipp Lefort fevralın 7-də Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə münaqişənin həll ətrafında geniş fikir mübadiləsi aparıb. Bir gün sonra, fevralın 8-də isə Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia qurumun Dağlıq Qarabağ münaqişəsinin həllinin tezləşdirilməsinə yönəlmiş etimad tədbirlərinə dair yeni təklifləri olduğunu deyib. Bu baxımdan, Avropa Birliyinin həmsədrliyi qurumun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəallığını daha da artıra bilər.

Almaniyanın həmsədrliyə irəli sürülməsi də optimal variantlardan biridir. Əslində Almaniyanın həmsədrliyə namizədliyi 1990-cı illərin ortalarından gündəmdədir. Avropa Birliyinin iki aparıcı dövləti var – Fransa və Almaniya. Fransa 15 ildir həmsədrdir və ortada nəticə yoxdur. Avropa Birliyinin ikinci aparıcı dövlətinə də həmsədrlikdə təmsil olunmaq şansı və hüququ verilməsində məntiq var.

Rəsmi Bakının Avropa Birliyi və Almaniya variantları üzərində düşünməyə başladığına dair bəzi işartılar var. Xarici işlər naziri Elmar Məmmədyarovun fevralın 8-də Brüsseldə, onun müavini Xələf Xələfovun isə eyni gündə Almaniyada görüşlər keçirib. Elmar Məmmədyarov “Avropa İttifaqı – Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər” adlı konfransda iştirak etmək üçün Brüsselə gedib. Nazirin Brüsseldə həmsədrliklə bağlı fikir mübadiləsi apardığına dair xəbərlər var. Eyni vaxtda Xələf Xələfov Almaniya Xarici İşlər Nazirliyində Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə səlahiyyətli nümayəndə, xüsusi tapşırıqlar üzrə səfir xanım Patrisiya Florla görüşüb. Görüşdə ikitərəfli siyasi və iqtisadi münasibətlərlə yanaşı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların hazırkı vəziyyətinin müzakirə edilib.

Əlbəttə, bütün bunlar o demək deyil ki, Fransanı həmsədrlikdə Avropa Birliyi və ya Almaniya ilə əvəz etmək asan prosesdir. Ancaq bu istiqamətdə məsləhətləşmələrin başlaması və genişlənməsi Fransaya ciddi mesaj mahiyyəti daşıya bilər.

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button