“Freedom House” Azərbaycanı Qafqazdakı qonşuları ilə müqayisə edib

1306434125_freedom-house17.07.2013

“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı dünyada azadlıqların vəziyyəti haqqında illik hesabat yayıb. Sənəddə dünyanın ən problemli bölgələrində durumun qiymətləndirilməsi və təhlili verilir.

“Azadlıq” qəzetinin məlumatına görə, hesabatda deyilir ki, 2012-ci ildə Avrasiyada istibdad rejimləri demokratik dəyişikliklərə qarşı fəal mübarizə aparıblar: “Repressiyalarla məşhur olan hökumətlər çoxillik senzura təcrübəsinin ardınca fərqli düşüncənin daha da məhdudlaşdırılması üzrə yeni və hədsiz tədbirlər tətbiq ediblər, məhkəmə sistemini özlərinə tabe ediblər və bəzən zorakılığa əl atıblar. Nəticədə regionun avtokratik ölkələrində idarəetmə müəssisələri öz öhdəliklərini getdikcə daha pis yerinə yetiriblər, müstəqilliklərini itiriblər və korrupsiya qarşısında zəifləyiblər.

Belə mənfi şəraitdə Rusiya təqlid üçün nümunə kimi çıxış edib. Vladimir Putinin prezident vəzifəsinə qayıtması ilə Rusiya hakimiyyəti siyasi müxalifət üzvlərinin və vətəndaş cəmiyyəti fəallarının qorxudulmasına yönəlmiş tədbirləri genişləndirib. Rusiya ilə qonşu olan avtokratik rejimlər arasında da analoji model üstünlük təşkil edib, burada vətəndaş fəalları məqsədyönlü şəkildə xüsusilə amansız davranışa məruz qalıblar. Azərbaycan, Tacikistan və Belarusda rejimlər ehtimal olunan düşmənlərin hüquqi və qeyri-hüquqi mexanizmlər vasitəsilə təqibini sərtləşdiriblər”.

“Freedom House” təşkilatının qənaətinə görə, ötən ilin ən geniş yayılmış təmayüllərindən biri vətəndaş cəmiyyətinə qarşı hücumlar olub, avtoritar rejimlər gələcək nümayişlərin qarşısının alınması üzrə tədbirlər görərək yeni məhdudlaşdırıcı qanunlar qəbul ediblər və sistemli şəkildə repressiya taktikası tətbiq ediblər. Bu ölkələr arasında Rusiya, Qazaxıstan, Belarus, Azərbaycan və Tacikistan göstərilir.

Sənəddə qeyd olunur ki, 2012-ci ildə Azərbaycanla Qafqazdakı qonşuları arasında demokratik inkişaf fərqi artmaqda davam edib: “Gürcüstanda və Ermənistanda dinc və kifayət qədər hərtərəfli seçkilər Bakıda “Avroviziya” mahnı müsabiqəsinə hazırlıq zamanı ictimai yığıncaqların amansızlıqla dağıdılması, habelə ölkədə icazəsiz mitinqlərin iştirakçıları üçün böyük cərimələr tətbiq edilməsi ilə kəskin ziddiyyət təşkil edib”.

“Freedom House” hesab edir ki, əsas göstəricilər reytinqinə əsasən, Azərbaycanda bu sahələrdə vəziyyət pisləşib: 1) seçki prosesi; 2) vətəndaş cəmiyyəti; 3) korrupsiya; 4) demokratiyanın vəziyyəti.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button