Fuad Qəhrəmanlı və Tale Bağırzadənin məhkəməsi başladı

İyulun 19-da Ağır Cinayətlər Məhkəməsində AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin ittiham olunduğu “Nardaran işi” üzrə məhkəmə prosesi başlayıb.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları elan edilib, vəkili olmayanların dövlət hesabına vəkillə təmin edilməsi təklif olunub. Təqsirləndirilən şəxslər dövlət hesabına vəkildən imtina ediblər. Bildiriblər ki, ibtidai istintaq zamanı həmin vəkillər onları yox, istintaq tərəfi müdafiə edib. Müttəhimlərdən biri isə deyib ki, istintaq zamanı dövlət hesabına verilən vəkilin özü az qala onu döyəcəkdi.

Sonra məhkəmə heyətinə etirazların olub-olmadığı soruşulub. Məhkəmə heyətinə etiraz olmayıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, prosesi hansı hakimlərin keçirəcəyinin fərqi yoxdur. “Mənim etirazım rejimədir” deyə Qəhrəmanlı bildirib. F.Qəhrəmanlı xahiş edib ki, məhkəmə mümkün qədər sürətlə aparılsın. Çünki bu istidə Kürdəxanı təcridxanasında qalmaq şəraitsizlik baxımından işgəncəyə bərabərdir.

Prosesdə bir neçə vəsatətə baxılıb. Məhkəmə iclası iyulun 22-də davam edəcək.

Prosesi izləmək üçün təqsirləndirilən şəxslərin yaxınları məhkəmə binasının önünə toplaşıblar. Onlardan bir çoxu məhkəmə zalına daxil ola bilməyiblər.

Prosesi izləmək üçün məhkəmə önünə gələnlər sırasında AXCP sədri Əli Kərimli, partiyanın funksioner və çoxsaylı fəalları da var.

Məhkəmə zalına buraxılmayanlar arasında Fransa səfirliyinin əməkdaşları da olub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button