Fuad Qəhrəmanlının son sözü: “Xalqın sabahı üçün canımızdan keçməyə də hazırıq”-MƏTN

“İlham Əliyev korrupsioner tiraniya yaratmaqla, fərqli düşünənləri öz hakimiyyətinə qarşı təhlükə görür”

“Hakimiyyət təlaş içindədi. Narkoman dozanı getdikcə artırdığı kimi, bunlar da cəzanı ağırlaşdırır”

 

Yanvarın 19-da “Nardaran işi” üzrə məhkəmədə təqsirləndirilənlərdən AXCP sədrinin müavini son sözlə çıxış edib. Onun çıxışını təqdim edirik:

– Sabah 20 Yanvardı. Bu gün Azərbaycan tarixində böyük, ən şanlı salnamələrdən biridi. Biz bu günü həmişə belə xatırlayacağıq…

Bu gün narkotiklə şərlənən, terrorçu kimi qələmə verilən günahsız insanlarla gələcək nəsillər fəxr edəcək. Qürur duyacaqlar ki, məhz bu insanların sayəsində indiki hakimiyyətin iç üzü ifşa olunur. Altı aydı bu proses gedir. Bu müddətdə bizi tək buraxmayanlara təşəkkür edirik. Vəkillərimizə təşəkkürümüzü bildiririk – peşə borcunu yerinə yetirərək, öz həyatlarını təhlükə altına atıb bizi müdafiə etdiklərinə görə. Səfirliklərə minnətdarlığımızı bildiririk, məhkəməni izləyib, bu prosesdə yalanların ifşasının şahidi oldular. Əziyyət çəkib hər məhkəmə iclasına gələnlərə təşəkkür edirəm. Media nümayəndələrinə, siyasi partiya nümayəndələrinə, xüsusilə AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənliyə minnətdaram. Onların fədakarlığı nəticəsində bu hakimiyyətin insanları, xalqı aldatmaq planları baş tutmadı. Burada gördüm ki, Aqil İsmayılov danışanda anası tez-tez ağlayırdı. Bunu görmək məni çox incidirdi. Amma o göz yaşlarının arxasında həm də qürur hiss elədim. Onların oğulları bu zalım rejimin əməllərinə qarşı çıxdığına görə onunla qürur duyurdular. İnsanlar əvvəl çəkinirlər, qorxurlar, ağlayırlar, amma sonra qürur hissi duyurlar. Bu gün burada oğulları ilə fəxr eləyən analar var. İnsanları qorxu altında saxlayıb kölələşdirmək mümkün olmadı…

 

Bizi həbs eləməklə cəmiyyətdə qorxu yaratmaq istəyirdilər, alınmadı

 

Biz niyə burdayıq? Biz ideyalarımıza, dəyərlərimizə görə burdayıq. Heç bir cinayətin törədilməsindən söhbət gedə bilməz. Ölkədə özbaşınalığa, korrupsiyanın dövlət siyasətinə çevrilməsinə, hakimiyyətin mənəvi deqradasiya, soyqırım siyasətinə qarşı çıxdığımıza görə burdayıq. İlham Əliyev korrupsioner tiraniya yaratmaqla, fərqli düşünənləri öz hakimiyyətinə qarşı təhlükə görür. Biz qorxduqca daha çox rejimin qurbanına çevriləcəyik. Bizi həbs eləməklə cəmiyyətdə qorxu mühiti yaratmaq istəyirdilər, alınmadı. Hakimiyyət təlaş içindədi. Necə ki, narkoman dozanı getdikcə artırır, bunlar da cəzanı ağırlaşdırır. Mənim qorxu hissim yoxdur.

Burada mühakimə olunan şəxslər ən ağır 21 maddə ilə ittiham olunurlar. Taleh Bağırzadəyə ömürlük həbs cəzası istənilib. Buna baxmayaraq, hakimiyyətin cəmiyyətdə yaratmaq istədiyi qorxu əks-effekt verdi. Taleh Bağırzadəgil göstərdi ki, qorxmaq lazım deyil, bunlardan da keçmək olar, mübarizə həyatımızdan üstündür.

Azərbaycanda elə bir məhkəmə olmayıb ki, bu qədər adam toplaşsın, gündəmi məşğul etsin, sosial şəbəkələrdə müzakirələrə səbəb olsun. Bu da onu göstərir ki, artıq xalq oyanış mərhələsindədir, adamlar ətraflarında olanlara reaksiya verir. Hakimiyyət heç nəyə nail olmadı, sadəcə, gücə arxalanaraq bizlərə cəza verməyə hazırlaşır. Bizi hakimiyyətin qəddarlığı məyus edə bilməz. Elə ideyalar var ki, sabahın, dəyişikliyin bünövrəsini yaradır. Azərbaycan xalqının sabahı üçün biz qanımızdan, canımızdan keçməyə hazırıq. Bizim ideyalarımız da xalqa xidmət edir.

Bu gün Azərbaycanda ədalət olsaydı, gənc prokuror bizə ağır cəza istəyəndən sonra üzünü yana çevirmək məcburiyyətində qalmazdı, utanmazdı. Biz insanları utandıran rejimə qarşı çıxırıq ki, gənclər hakimiyyətin çirkin cinayətlərinin iştirakçısına çevrilməsinlər.

 

Dövlətlə hakimiyyəti fərqləndirə bilmirlər, özlərini dövlət sayırlar

 

Mən dövlət əleyhinə çağırışlarda ittiham olunuram, amma bu haqda müdafiə nitqi söyləməyəcəm. Çünki özümü qətiyyən təqsirli bilmirəm. Dövlətə və hakimiyyətə qarşı çağırışları fərqləndirə bilmirlər. Bunlar özlərini dövlət sayırlar. Dövlət bizim üçün əzizdir. Çünki məhz Azərbaycan Xalq Cəbhəsinin səyləri nəticəsində Azərbaycan dövlətinin müstəqilliyi əldə olunub. Xalq Cəbhəsi bu dövlətə görə mübarizə aparanda bunlar küncdə-bucaqda kommunizm adı altında gizlənirdi. Bunlar öz əməlləri ilə dövləti təhlükə altında qoyur, onun təməlini sarsıdır. Bu gün dövlətin büdcəsi talan olunub. İnsanların qanuna olan inamı itib. Dünyada Azərbaycanın nüfuzunu məhv ediblər. Ölkədə hüquq adına heç nə yoxdur, məhkəmələr alverxanadı. Azərbaycan Cinayət Məcəlləsində cəzanı yüngülləşdirən hallar var, amma reallıqda tətbiq olunmur. Azərbaycanda cəzanı yüngülləşdirən hal puldur. Həyasızcasına Azərbaycan iqtisadiyyatının analoqsuz inkişaf etdiyini deyirlər. Halbuki, bu gün Ümumi Daxili Məhsul iki dəfə azalıb. İlham Əliyev deyir ki, “biz o qədər inkişaf eləmişik, bizə deyirlər, bəlkə yavaşlayasız”. Hansı inkişafdan danışırsız? Bu gün “regionların inkişafı” adı altında büdcədən milyardlarla pul ayrılır. Amma büdcə daxilolmalarında regionların payı ümumilikdə 300 milyon manatdan çox deyil. Budurmu inkişaf? Ölkəyə 150 milyard neft pulu gəldi, amma heç bir istehsal sahəsi inkişaf etdirilmədi. Hətta kartofun da 60 faizi xaricdən idxal olunur. Əgər ölkə özünü adi kartofla təmin edə bilmirsə, nədən danışırsız? Bunlar elmi, texnologiyanı inkişaf etdirəcək?..

***

Bu yerdə prokuror Fuad Qəhrəmanlının çıxışına etiraz edib. Məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasov da eyni mövqedən çıxış edib və Fuad Qəhrəmanlı ilə aralarında belə dialoq olub.

Hakim:
– Bura siyasi tribuna deyil. Mahiyyəti üzrə danışmasaz, son sözünüzü məhdudlaşdıracam.

– Mənə verilən ittihamlar siyasidirsə, mən neyləməliyəm? Məni hakimiyyət əleyhinə çağırışlarda günahlandırırlar. Mən də hakimiyyətin mahiyyətindən, ona niyə etiraz etməyimdən danışıram.

– Kartofun məsələyə nə dəxli var?

– Necə olur, İlham Əliyev yumurtadan danışa bilər, mən kartofdan danışa bilmərəm?

***

Bunlar neft satmaqla məşğul olublar, iqtisadiyyat qurmayıblar…

Yaxud Qarabağdan danışaq. Lavrov Azərbaycanın ərazi bütövlüyünə zidd bəyanat verir, etiraz eləməyə cəsarətləri çatmır.

 

Bu xalq sizə neyləyib ki, başına bu oyunları açırsız?

 

Təhsil adı altında gənclərin mənəvi deqradasiyaya uğraması siyasəti yürüdülür. Buraxılış imtahanında şagirdlərin 50 faizi ana dilindən 2 alıb. Məktəbsiz, təhsilsiz xalqın gələcəyi nə olacaq? Hakimiyyətin istədiyi odur ki, təhsil məhv olsun, gənclər düşünə bilməsin, ətraflarında baş verənlərə biganə olsun.

Azərbaycanın səhiyyəsindən danışmağa dəyməz. Bunun üçün Azərbaycan-İran sərhəddindəki xəstə növbəsinə baxmaq kifayətdi. İmkansızlar müalicə üçün İrana, imkanlılar da Avropaya gedir.

Bu xalq sizə neyləyib ki, başına bu oyunları açırsız? Bu, avtoritarizm də deyil, xalqla açıq düşmənçilikdi. Mən bunların sərvət eşqini başa düşürəm, amma bunu xalqla açıq düşmənçilik səviyyəsində eləmək olmaz axı. Bütün bu sadaladıqlarımdan sonra kimdi cinayətkar?

Mənim burada 17 qardaşım terrorda, mən də onları müdafiə etməkdə günahlandırılırıq. Terror insanları qətlə yetirmək, cəmiyyətdə kütləvi qorxu yaratmaqdı. Adamlar bu gün polisin onları narkotiklə şərləməsindən, məhkəmələrin ədalətsizliyindən, mülkiyyətinin zorla əlindən alınmasından qorxur. Hər il sosial problemlər üzündən yüzlərlə insan intihar edir. Onları bu hakimiyyətin siyasəti qətlə yetirir. Bütün bunlar terror deyil, bəs nədir?

O adamlar bizim yaxınımız, qohumumuz olmasa da, bizi yandırır. Çünki bunlardan fərqli olaraq, bizim üçün təkcə öz qohumlarımız yox, hər bir azərbaycanlı əzizdi.

 

Bu əməliyyat dövlət səviyyəsində həyata keçirilmiş terrordur

 

Nardaran məsələsi niyə ortaya çıxdı? Hakimiyyətin istəyi odur ki, dindar kəsim siyasi proseslərdən kənarda qalsın, ölkədə baş verən ictimai-siyasi hadisələrə biganə olsun. Amma qəfildən Hacı Taleh meydana çıxdı, inanclı kəsimə çatdırdı ki, dindarlıq təkcə namaz qılmaq deyil, əməlsiz namazın dəyəri yoxdu. İnanclı adam haqsızlıq, zülm qarşısında da susmamalıdı. Hakimiyyət bu qondarma əməliyyatı təşkil elədi ki, həm Hacı Taleh və ətrafındakılara “terrorçu” damğası vurub onları məhv eləsin, həm də Qərbə göstərmək istəyirdi ki, amandı, biz bu gün onları asıb-kəsməsək, sabah radikalları yığışdırmaq olmayacaq. Həmin o Qərb ölkələrinin səfirlikləri məhkəmədə gördü ki, bu adamlar tamamilə günahsızdı, onlar nə radikal dindardı, nə də terrorçu. Hamısı günahsızdı. Bu adamlarda nə qumbara olub, nə avtomat. Əslində, bu əməliyyat dövlət səviyyəsində həyata keçirilmiş terrordur.

Təsəvvür edin, hansısa terror təşkilatı, məsələn, İŞİD müraciət edir ki, məni dövlət qeydiyyatına alın. Belə şey mümkündümü? Müsəlman Birliyi Hərəkatı qeydiyyat üçün iki dəfə Ədliyyə Nazirliyinə müraciət edib. Deməli, bu adamlar qanuni fəaliyyət göstərmək istəyir.

Hələ mən bu əməliyyatın qeyri-peşəkar hazırlanmasından danışmıram. Bura gələn polislərə bir-iki sual verdim, məlum oldu ki, onların ümumiyyətlə, əməliyyatdan xəbəri yoxdur. Burada gəlib deyirlər ki, gedib Nardarana çatandan sonra içəri girməmiş 15 dəqiqə qapının ağzında gözlədik. Terrorçuların qapısının ağzında 15 dəqiqə gözləyərlərmi? Guya orada on nəfər polisə qumbara atılıb, onun da cəmi bir qəlpəsi bir polisin ayağına dəyib, dünyasını dəyişib. Birqəlpəli qumbara olur? Belə biabırçılıqla hələ hökm də çıxarılacaq. İnanclı insanlara qarşı dövlət səviyyəsində terror həyata keçir, sonra da multikulturalizmdən danış.

 

Biz ideyalarımızın əsgəriyik

 

Bunlar Qərbə xoxan göstərmək istəyirdilər, Qərb səfirlikləri burada həqiqəti gördü. Bunlar dindarları müxalifətdən ayrı görmək istəyirdi, biz isə hətta qəfəsdə də bir yerdəyik.

Ümidsiz olmaq lazım deyil. Həqiqət o qədər çılpaqdır ki, kimisə inandırmağa ehtiyac yoxdur. Bu gün nümunə yaratmağa ehtiyac var, Allaha şükür, o nümunələr də yaranır. Bizə baxıb kədərlənməyin, əksinə, ümidlənmək lazımdı, çünki bu qədər repressiyalara, mənəviyyatsızlıqlara baxmayaraq, hələ də şərəfli, xalqın azadlığı uğrunda həyatından keçən oğullar yetişir.

Biz özümüzü şüurlu şəkildə Vətənə fəda demişik. Vətənpərvərlik təkcə torpaq uğrunda ölmək deyil. Bu gün ölkədəki korrupsiyaya, ədalətsizliyə, insanların hüquqsuzluğuna qarşı mübarizə aparırsansa, bu da vətənpərvərlikdi. Çünki korrupsiya ölkəni içəridən dağıdır, ədalətsizlik vətəndaşlarımızı öldürür.

Dinimizə görə zülmün qarşısını almağa çalışmayan da zülm eləyən qədər məsuliyyət daşıyır. Biz inamla bu mübarizə yoluna çıxmışıq. İnanırıq ki, xalqın haqq elədiyi azadlığı, demokratiyanı, rifahı ona verəcəyik. Biz ideyalarımızın əsgəriyik. Bizim ideyalarımız ümumbəşəridi. Bu ideyalar Azərbaycanda da gerçəkləşəcək və bunun qarşısını almaq mümkün olmayacaq. Geriçi rejimlər bir-bir dünya səhnəsindən gedir.

Mən bu hakimiyyətin əməllərində, ancaq haramçılıq gördüm. Amma mən öz qanımı bunlara halal eləyirəm. Bacarırsınızsa, məni içəridə öldürün, qanım sizə halaldı. Yetər ki, ölümüm bizim demokratiya, azadlıq ideallarımıza xidmət eləsin.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button