Gələn il əmək haqqı artımı gözlənilmir

Qubad İbadoğlu

İqtisadi Tədqiqatlar Mərkəzi və ADR Hərəkatının sədri

Gələn il büdcədən maliyyələşən təşkilatlarda əmək haqqı artımı gözlənilmir.

Pensiyaların isə az da olsa qaldırılması ehtimalı var.

Bundan əvvəlki yazımda növbəti ilin büdcənin mədaxil hissəsinin formalaşmasına münasibət bildirib, diqqətinizi gəlirlər üzrə başlıca tendensiyalara cəlb etmişdim. Hazırda isə növbəti il üçün proqnozlaşdırılan büdcəninin məxaricində gözlənilən əhəmiyyətli dəyişiklərə nəzər salmaq istəyirəm. Əvvəla, qeyd edim ki, gələn ilin büdcəsinin xərcləri hissəsi bu illə müqayisədə 1,5 milyard manat ətrafında kiçiləcək. Bunun nəticəsində bir çox xərclər “qayçı”lanaraq azaldılıb. Onlar arasında daha çox ixtisara məruz qalan investisiya büdcəsidir. Belə ki, növbəti ildə dövlətin əsaslı vəsait qoyuluşu bu ildəkindən 1 milyard 140 milyon manat və ya 38 faiz az olacaq. Bununa yanaşı, gələn il ərzində iqtisadi fəaliyyətlə bağlı sair xərcləmələr də 18,5 faiz ixtisara malik qalacaq. Beləliklə də, büdcə hesabına sərmayə qoyuluşu növbəti ildə xeyli azalacaq və bu son nəticədə onsuz da aşağı olan işgüzar fəallığı daha da zəiflədəcək.
Növbəti il üçün proqnozlaşdırılan dövlət büdcəsinin xərclər hissəsində diqqəti çəkən vacib məqamlardan biri də sosial müdafiə və təminat xərclərinin 581,1 milyon manat və ya 21,5 faiz azalmasıdır. Belə xərc maddəsi üzrə azalma cəmi büdcə xərclərinin azalması səviyyəsindən ən azı 2 dəfə yüksək olduğundan sosial müdafiə və təminat xərclərinin ümumi yekunda payı da kiçilib. Bütövlükdə gələn il sosial müdafiə və təminat məqsədilə 2,17 milyard manat vəsait ayrılacaq ki, onun da 1 milyard 270 milyon manatı Sosial Müdafiə Fonduna (SMF) köçürüləcək. Yeri gəlmişkən qeyd edim ki, dövlət büdcəsindən SMF-ə gələn il köçürüləcək məbləğ bu ilkindən 160 milyon manat çox olacaq. Bununla yanaşı, növbəti il üçün SMF büdcəsi bu ilkindən 322 milyon manat çox proqnozlaşdırılıb. Bu isə onu deməyə əsas gələn pensiyalar cüzi də olsa artırılacaq. Bununla yanaşı, növbəti il bu ilə nisbətən ümumi dövlət xidməti xərləri 66 milyon manat, elm xərcləri isə 9,9 milyon manat, səhiyyə xərccləri 55 milyon manat, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi xərcləri 225,6 milyon manat az planlaşdırılıb. Belə olan halda dövlət aparatında, elmdə, səhiyyədə, təhsildə, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsində çalışanların əmək haqlarının artımı gözlənilmir. Bu sahələrdə ödənilən əməyin cüzi artımı yalnız iş yerlərinin ixtisarı hesabına təmin edilə bilər.
Nəhayət, 2017-ci ildə maliyyə çətinliyi ucbatında müdafiə xərcləri 613,5 milyon və ya 27,5 faiz azalacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button