“Gəlir deklorasiyası” cəmiyyətə niyə təqdim olunmur?

money animated GIF

Dünyanın əksər ölkələrində ciddi tətbiq edilən məmurların hesabatlılıq məsələsi uzun illərdir ki, Azərbaycanda da müzakirə predmetidir. Bu gün dünyanın bir çox ölkəsində mövcud olan gəlir deklorasiyası haqqında qanun Azərbaycanda hələ 2005-ci ildə qəbul olunub. Amma bu qanun işləmir. Təbii ki, söhbət 2005-ci ilin avqust ayından qüvvəyə minmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” qanundan gedir. Qanun 2005-ci il iyunun 24-də ölkə başçısı tərəfindən təsdiq edilib və həmin il avqustun 14-də qüvvəyə minib.

Qanunun tətbiqi niyə yubanır?

Məsələnin gecikməsinə qanuünvericilikdəki hansısa boşluqlar səbəb ola bilərmi? Bir müddət əvvəl məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib ki, əslində Azərbaycanda bu qanunun tətbiqinin gecikməsi məsələsi beynəlxalq maliyyə qurumlarını da narahat edir. Onun sözlərinə görə, ölkənin artan maliyyə gəlirləri fonunda bu qanunun işləməsi mühüm əhəmiyyət kəsb edir: «Məlumdur ki, son vaxtlar Azərbaycan neft ixrac edən əsas ölkələrdən birinə çevrildiyi üçün ölkəmizə gələn vəsaitlər həddindən artıq böyükdür. Məmurların, dövlət qulluğunda olan insanlar əlbəttə müəyyən qədər vəsait əldə etməyə qadirdirlər. Bu vəsaitin daha şəffaf olması və cəmiyyətin bundan xəbəri olması üçün gəlir deklorasiyası mütləq doldurulmalıdır”.
Azərbaycanda məmurların hesabatlılıq məsələsinin təmin olunması üçün mövcud qanunvericiliyi yetərli sayan millət vəkili deyib ki, bu məsələdə əsas problem sənəddən irəli gələn məqamların həllini tapmamasıdır: «Əgər sözügedən qanunvericilikdən irəli gələn məsələlər həll edilərsə, qanununu tezliklə tətbiq etmək mümkün olacaq».

Korrupsiya riskləri azala bilər

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov da etiraf edib ki, Azərbaycanda “Vəzifəli şəxslərin gəlirlərinin deklorasiyası haqqında” qanunun olmasına baxmayaraq, bu sistem hələ də bizdə formalaşmayıb. Onun sözlərinə görə, yalnız prezident və parlament seçkiləri dövründə namizədlər gəlirlərin deklorasiyası ilə bağlı məlumat verir: “Çox təəssüf ki, Azərbaycanda illik olaraq gəlirlərin deklorasiyası sistemi hələlik tətbiq olunmur. Eyni zamanda vətəndaşların gəlirlərinin deklorasiyası haqqında da qanun yoxdur. Əlbəttə, vətəndaşların gəlirlərinin deklorasiyası məcburi xarakter daşımır. Yalnız vəzifəli şəxslərin gəlirlərinin deklorasiyası məcburi xarakter daşıyır. Bu da təəssüf ki, tətbiq edilmir. Vəzifəli şəxslərin gəlirlərinin tətbiq edilməməsi onunla bağlıdır ki, burada mexanizmlər tam olaraq işlənməyib. Yəni praktik olaraq Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin deklorasiyası ilə bağlı mexanizm yoxdur. Bu da onunla bağlıdır ki, bəzi vəzifəli şəxslər var ki, onların gəlirlərinin deklorasiyasını tətbiq etmək praktiki olaraq mümkün deyil”.

Ekspert bildirir ki, vəzifəli şəxslərdən gəlirlərinin deklorasiyası tələb edilən zaman hesabat vermədikləri halda onlara qarşı praktik təzyiq mexanizmləri yoxdur. Üstəlik mövcud olan zəif mexanizmlər də hələlik elektronlaşmayıb. Onun sözlərinə görə, elektronlaşmadığı üçün vəzifəli şəxslərin gəlirlərinin deklorasiyasının tətbiqi müəyyən çətinliklərin yaranmasına gətirib çıxarır. Bu isə birmənalı şəkildə əsas problemlərdən biri hesab olunur.

Ekspert onu da deyib ki, gəlirlərin deklorasiya sisteminin tətbiqi eyni zamanda korrupsiyaya qarşı mübarizənin əsas elementlərindən biridir. Onun fikrincə, gəlirlər deklorasiya edilmədiyi halda vəzifəli şəxslərin korrupsiyası ilə aydın fikir formalaşdırmaq və bütövlükdə dövlət qurumlarında korrupsiyaya qarşı mübarizəni gücləndirmək olduqca çox çətindir: “Ona görə də gəlirlərin deklorasiyasının tətbiq edilməsi olduqca vacibdir. Onun üçün də qanunvericilik mexanizminin formalaşması, eləcə də elektron deklorasiya siteminin tətbiq edilməsinə ehtiyac var».

Təklif var

Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əlməmməd Nuriyev isə məsələyə münasibət açıqlayarkən deyib ki, prosesin tezləşdirilməsi məqsədilə sözügedən təşkilat hökumət üçün təmənnasız araşdırma aparıb və Nazirlər Kabinetinə təkliflər zərfi təqdim edib.

Ekspert qanunun tətbiqinin bu qədər gecikdirilməsinin indiyə kimi məhz bəyannamə formasının müəyyən edilməməsi ilə bağlı olduğunu bildirib. Onun sözlərinə görə, qanunda nəzərdə tutulan normalara əsasən, vəzifəli şəxslər gəlir bəyannamələrinin formaları müəyyən edildikdən sonra gəlirləri haqqında hesabat verməyə başlamalıdırlar. Amma Əlməmməd Nuriyev bildirir ki, bu forma indiyədək müəyyənləşdirilməyib.

Onun sözlərinə görə, rəhbəri olduğu təşkilat sözügedən qanuna müəyyən dəyişikliklər və əlavələr edilməsi ilə bağlı da təkliflər verib: “Təkliflərdən biri vəzifəli şəxslərin gəlirlərinin kütləvi açıqlanması ilə bağlıdır. Hansı vəzifəli şəxslərin gəlirinin açıqlanması ilə bağlı fond tərəfindən xüsusi siyahı da təqdim edilib. Təklif etmişik ki, yüksək vəzifəli məmurların təqdim etdiyi gəlir bəyannamələri təqdim edildikdən sonra xüsusi sayta yerləşdirilsin ki, istənilən adam girib onunla tanış ola bilsin. Aşağı vəzifəli məmurların gəlir mənbəyi isə yalnız jurnalist və ya məhkəmə araşdırmalarına cavab kimi açıqlansın. Azərbaycanın mövcud qanunvericiliyə görə isə bu məlumatları yaymaq qadağandır”.

Hüquqşünas bildirir ki, “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların verilməsi qaydaları haqqında” qanunun 9.1-ci maddəsinə görə, vəzifəli şəxsin təqdim etdiyi maliyyə xarakterli məlumatlar şəxsi həyatın sirri hesab olunur. Həmçinin qanunun 9.3 bəndində bildirilir ki,“Vəzifəli şəxslər tərəfindən təqdim edilmiş maliyyə xarakterli məlumatların qanunsuz toplanılması və ya yayılması qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəb olur.

Əlməmməd Nuriyev həmçinin bildirib ki, rəhbərlik etdiyi təşkilatın başqa bir təklifi ölkə üzrə bəyannamələrin yalnız bir ünvana verilməsi ilə bağlıdır. Çünki mövcud qanunvericiliyə əsasən, gəlir bəyannamələri bir neçə struktura – Korrupsiyaya qarşı mübarizə komissiyasına, icra hakimiyyətlərinin mühasibatlığına, parlamentdə xüsusi qrupa və ya Naxçıvan Muxtar Respublikasının parlamentində xüsusi qrupa, Ədliyyə Nazirliyinə yerlərə təqdim edilir: “Biz düşünürük ki, sənədlərin bu cür səpələnməsi sui-istifadələrə gətirə bilər. Onların hamısını Korrupsiyaya qarşı mübarizə komissiyasına təqdim etmək lazımdır, ya da buna oxşar vahid bir qurum yaradılmalıdır. Digər bir təklif isə gəlir bəyannaməsinin təqdim edilməməsi halında tətbiq edilməli sanksiyalarla bağlıdır. Qanunvericilikdə yalnız intizam məsuliyyəti nəzərdə tutulur. Yəni şəxs işdən çıxarıla bilər və ya ona töhmət verilə bilər. Cinayət məsuliyyətinin olması ümumi norma kimi salınıb, amma onunla bağlı digər qanunvericilik aktlarına dəyişiklik nəzərdə tutulmayıb. Amma biz həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə düzəlişlər təklif etmişik».

Əlməmməd Nuriyev hökumətə xüsusilə korrupsiya riski yüksək olan sahələrdə bəyannamələrin doğruluğunun yoxlanması prosesinin daha dərin aparılması barədə təklif irəli sürdüklərini də deyib. Məsələn, adi sahələrdə bəyannamələrin 10 faizi yoxlanırsa, vergi, daşınmaz əmlakın qeydiyyatı sahələrində, Nəqliyyat Nazirliyində müəyyən vəzifə tutan şəxslərin bəyyannamələrinin 30 faizə qədərinin mütləq yoxlanmasını təklif edilib.

Sevinc

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button