Gəncə İmamzadəsi ətrafında yaranan müəmma – FOTO

Sosial şəbəkələrdə Gəncədə yerləşən “İmamzadə” dinin memarlıq kompleksinin meydanında İmam Hüseynin adının yazıldığı lövhənin zibilliyə atıldığı barədə fotolar dərc olunub. Şəkillərin müəllifi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıdır. Onun sözlərinə görə, Gəncənin icra başçısı Elmar Vəliyev “İmamzadə”də yerləşən “İmam Hüseyn” meydanı da bağlayıb.
FaktXeber.com məsələ ilə əlaqədar Əvəz Zeynallı ilə əlaqə yaradıb. Onun sözlərinə görə, bu mənzərəni öz gözləri ilə görüb: “Özüm şəxsən girmişəm İmamzadəyə, gördüm ki, İmam Hüseyn meydanında adının yazıldığı lövhə yoxdur. Soruşmuşam, mənə zibilliyi göstəriblər. Orda arxada, Qurbanlıqda qurbankəsmə mərasimi üçün yer var, onun arxası da zibillikdir. Bu fotoları orda çəkmişəm. Həm minbəri, həm də “İmam Hüseyn” yazılan lövhəni ora atıblar”.
Bəs bu addımın məhz İcra Hakimiyyətinin başçısının əmri ilə atıldığı barədə məlumatlar haradandır?
Ə.Zeynallının sözlərinə görə, bütün Gəncə bunu danışır: “İmam Hüseynin adının yazıldığı lövhəni atmaq İmamzadədə heç kimin işi deyil, Gəncədə də onu heç kim edə bilməz. Çünki dövlət başçısı İlham Əliyev də İmam Hüseyn meydanının açılışında olub və həmin lövhənin yanında çıxış edib”.
“Elmar Vəliyevin bu şəhərdə sanki İmam Hüseynlə və Cavad xan kimi insanlarla şəxsi düşmənçiliyi var”, – deyən baş redaktor sözlərinə belə davam edib: “Mən soruşdum, hər yerdə dedilər ki, icra başçısının adamlarının işidir. Çünki İmamzadədə E.Vəliyevin dilənçiləri gəlib, orda “keşik çəkirlər”, mühafizəçilər də onun adamıdır. İndi də dedilər, birbaşa Elmar Vəliyevin göstərişi ilə o edilib. Bunu Elmar Vəliyevdən başqa heç kim edə bilməz. Dəfələrlə cəhd etmişəm, İcra Hakimiyyəti bu tip suallara cavab vermir”.
“Qafqaz Müsəlmanları İdarəsinin Qərb üzrə nümayəndəsi Hacı Tahir bu məsələyə nə münasibət bildirib” sualına Ə.Zeynallı belə cavab verdi: “Mən onunla bu barədə əlaqə yarada bilməmişəm”.
Qeyd edək ki, VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” kompleksi Gəncə şəhərinin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci İmam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.
Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Orta əsr Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1 mart 2010-cu ildə “İmamzadə” kompleksinin milli memarlıq ənənələrimizə uyğun şəkildə təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması məqsədi ilə Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin təmiri, bərpası və ətrafında abadlaşdırma işlərinin aparılması üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat məbləğində vəsait ayrılıb. Amma da son olmayıb. Azərbaycan Prezidenti bundan sonra kompleksin özünün və ətrafının abadlaşdırılması üçün ümumilikdə Gəncə şəhər İcra Hakimiyyətinə 45 milyon manat ayırıb və aparılan yenidənqurma işləri ilə əlaqədar 4 dəfə ziyarətgahda olub. Kompleksin 2016-cı il 17 fevral tarixindəki açılışında isə şəxsən iştirak edib. Prezident açılış mərasiminə ölkənin hər bölgəsindən olan din xadimlərini dəvət edib və bildirib ki, “İmamzadə” abidəsi bizim ümumxalq sərvətimizdir:
““İmamzadə” bütün müsəlman aləminin qiymətli, dəyərli abidəsidir. Azərbaycan xalqı əsrlər boyu ictimai-siyasi quruluşdan asılı olmayaraq bu abidəni qorumuşdur, qoruyur və bundan sonra da qoruyacaqdır. “İmamzadə” bizim milli sərvətimizdir. Bir neçə il bundan əvvəl dini mədəniyyət abidəsinin yenidən qurulması və əsaslı təmiri üçün mənim tərəfimdən müvafiq Sərəncam imzalanmışdır, işlər başlanmışdır və bu işlər bu gün göz qabağındadır. Yeni məscid, mərasim zalı, inzibati binalar tikilmişdir, ərazi genişləndirilmişdir. Bu, Azərbaycan dövlətinin öz milli, dini dəyərlərinə göstərdiyi münasibətdir. Azərbaycanda bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, yenidən tikilir.”
Bu, Azərbaycan Prezidentinin ziyarətgaha olan diqqətinin göstəricisidir. Amma görünür, ziyarətgaha qarşı hörmətsizlik edənlər prezidentin bu açılış nitqi zamanı ya yuxulu olublar, ya da öz sözlərini prezidentin Sərəncamından üstün tuturlar.
Redaksiyadan: Qarşı məqalədə adı çəkilən şəxslərin də fikirlərini dinləməyə və dərc etməyə hazırdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button