Gəncədə Aşura mərasiminə bəyansız qadağa tətbiq edilir

VİP sədri Əli Əliyev Aşura günündə Gəncədə baş verənlərdən yazıb. Partiya sədrinin facebook səhifəsindəki statusunu xural.com olaraq təqdim edirik:

Gəncədən ziddiyyətli xəbərlər gəlməkdədir. Rəsmi instansiyalar bir cür, şəxsi kanallarım başqa məlumat verirlər.
Dünən tasua tədbiri ilə bağlı İmamzadə ziyarətgahında əzadarlarla polis arasında toqquşma olub. Faktı rəsmi qurumlar da təsdiq edir. Adəti üzrə miqyas kiçildilir.
Yerli təşkilatımızın verdiyi məlumata görə, 15-16 nəfər polis əməkdaşı müxtəlif xəsarətlərlə ambulatoriyaya göndərilib. Polis əməkdaşları arasında Kəpəz rayonu rəis müavini Knyaz adlı zabitin adı çəkilir. Deyilənlərə görə başından ağır xəsarət alıb, hal-hazırda reanimasiyada olduğu deyilir. Gəzən söhbətlərə görə, qeyzlənmiş ziyarətçilərdən zorla xilas edilib. Zədə almış polislər arasında Tural adlı zabit, İlham adlı serjantın olduğu bildirilir. Sərt informasiya rejimi tətbiq edildiyindən, xəbər çətinliklə sızır.
Xəbərlər içərisində maraqlısı, şəhərin siyasi rəhbərliyinin dəvəti ilə gətirilmiş xüsusi təyinatlı qüvvələrin insidentə müdaxilə etməməsi olub. Şahidlərin dediyinə görə, o zaman dəhşətli hadisələr ola bilərdi. Şayiələrə görə, 14-15 nəfər dindar həbsə atılıb.
Deyilənlərə görə, şəhərin mərkəzi məscidi sayılan Şah Abbas məscidi polis əhatəsindədir, azan verilməsi qadağan edilib, xütbə mikrofonları yığışdırılıb. Faktiki Aşura mərasiminə bəyansız qadağa tətbiq edilir.
Hadisə simptom xarakterlidir. Əhalinin yerli və ölkə yönətiminə etirazın, mövcud vəziyyətə verdiyi qiymətin, ağır sosial-iqtisadi şərtlərə ehtizazın inikası, korrupsiyaya kükrəmənin əlamətidir. Dindarların heysiyyatlarına sayğısızlıq göstərən Şəhər icra başçısı Elmar Vəliyev uzun müddətdir ki, şəhərdə bildiyini edir. Bakıdan güc alan bu kiçik padşah haqqında əsatirlər dolaşır. Bütün YAP məmurları kimi o da əhalinin maraqları ilə hesablaşmır. Nəticə də bu!
Heç zaman belə hadisələrin tərəfdarı olmamışam, ancaq nə etmək olar. Bir neçə xülasə :
– xalq hakimiyyətdən bezib
– bərk əldə güc strukturları işə qarışmaya bilər
– Qərbin təpkisi qarşısında iqtidara etimad bütün təbəqələrdə zəifləyib
Gəncə nümunəsi sonun başlanğıcını göstərir. Zatən Gəncə daim Azərbaycan ictimai fikrinin mərkəzi, Dövlətin Gündoğanı olub. Təqribən bir əsr əvvəl paytaxt Bakı işğal altında olduğu günlərdə də Bayrağımızı Gəncə qaldırmışdı. Cavad xanımız da Gəncəni yadelli işğalçılar üçün cəhənnəmə çevirmişdi. Yaşasın Gəncə!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button