Gənclik məni dəstəkləyir və etimad edir

həcər1

Həcər Abbaslı: “Qələbə ona inanan və zəhmət çəkənindir”

Ümid Partiyasının Gender Bərabərliyi şöbəsinin müdiri Həcər Abbaslı bu il keçiriləcək V çağırış Milli Məclisə seçkilərdə 41 saylı Sumqayıt birinci Seçki Dairəsindən namizədliyini irəli sürüb. Qeyd edək ki, Həcər Abbaslı 1989-cu ildə Kəlbəcər rayonunda anadan olub. Hazırda Sumqayıt şəhərində yaşayır və şəhərin aktiv gənclərindəndir. Bakı Dövlət Universitetini bitirib. Avropa Diplomatiya Akademiyasının məzunudur. Bir sıra beynəlxalq tədbirlərin və Cənubi Qafqazda gənc siyasətçilərin III forumunun iştirakçısıdır. Hazırda Ümid partiyasının Gender Bərabərliyi şöbəsinin müdiri vəzifəsində çalışır. Həmçinin Partiyanın ən gənc xanım namizədidir.

– Seçki prosesi necə gedir?

– Ümumiyyətlə, ölkəmizdə digər ölkələrlə müqayisə etdikdə seçki prosesi çox sönük keçir. Buna səbəb insanların seçkiyə marağının və nəticəyə inamının olmaması ilə bağlıdır. Mənim dairəmdə də, yəni Sumqayıt 41 saylı Birinci seçki dairəsinin orta yaşlı seçicicilərinin çoxunun seçkiyə olan inamları azdır. Amma Sumqayıt “Gənclər şəhəri” olduğundan mənim seçicilərimin əksəriyyətini də gənclər təşkil edir. Gənclik məni dəstəkləyir və etimad edir. Onların etimadını doğrultmaq üçün çalışıram.

 

həcər

– Görüşləriniz nə yerdədir? Seçicilərinizlə normal görüşə bilirsinizmi?

– Təbliğat-təşviqat kampaniyasına start verilən vaxtdan bu günə qədər seçicilərlə həm DSK tərəfindən ayrılmış yerlərdə, həm də qapı-qapı görüşlər keçirirəm. İnsanların seçki prosesinə marağını və inamını artırmaq üçün bütün gücümü səfərbər edərək çalışıram. Gənc olmağım və insanların gənclərə inanmağı mənim şansımı daha da artırır. Görüşlər zamanı insanların dərdlərini və qayğılarını eşitdikdə anlayıram ki, onlar sadəcə onları eşidəcək və sözlərini deyə biləcək millət vəkili axtarışındadırlar.

– Seçicilərlə görüşlərinizə əngəl törədilmir ki?

 

– Hələ ki, seçiçilərimlə görüşlər zamanı elə bir neqativ hal baş verməyib. Sadəcə, təbliğat üçün ayrılmış yerlərdə şəkillərimin cırılması və yoxa çıxması faktı var. Həmin ərazidə müşahidə kameraları olmadığından bunu kimlərin etdiyini bilmirik.

– Seçicilərin münasibəti necədir? Əsas alternativləriniz kimlərdir və onların şansı necədir?

– Seçicilərimin mənə olan münasibəti çox yaxşıdır və mənə etimad etdiklərini bildirirlər. Xüsusilə gənclər mənim seçiçilərimin böyük hissəsini təşkil edirlər. Dairəmdə artıq əsas rəqabət mən və Mirzəcan Xəlilov arasında gedir. Rəqib deməzdim, çünki bizim şəhərdə yaşamır və şəhərimizdə demək olar ki, heç kim onu tanımır. İllər öncə mənim dairəmdən namizəd olub və məğlub olub. Bu dəfə də onu eyni nəticə gözləyir. Çünki mən 20 ildir Sumqayıtda yaşayıram və demək olar ki, gəncliyin böyük hissəsi məni dəstəkləyir.

– Nəticəni necə gözləyirsiniz?

– Bütün diqqətimi və var gücümü qələbə qazanmağa yönəltmişəm. Qələbə ona inanan və zəhmət çəkənindir.

Məlahət Zeynallı

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button