General Çovdarov təcridxanada “burjuy” ola bilmədi

 
img1941061
MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilən sabiq rəisi, general-mayor Akif Çovdarov  Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasına köçürülüb. Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən məlumat daxil olub.
“Akif Çovdarov Bakı İstintaq Təcridxanasının korpusundakı ümumi kamerada saxlanır. Bu kamera hüquq-mühafizə orqanları əməkdaşları üçün nəzərdə tutulub və orada heç bir imtiyaz yoxdur. Çovdarovla eyni kamerada daha bir məhkum saxlanır”  deyə, mənbə bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları general Akif Çovdarovun cəlladlarından birini MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi Səlim Məmmədovu da saxlayıb.
Hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələrdən sayta verilən məlumata görə, Səlim Məmmədovun evində axtarış aparılıb, onun özü isə nəzarətə götürülüb.
Çovdarovun ikinci cəlladına – polkovnik-leytenant Vüqar Muxtarova gəlincə isə hazırda onun da saxlanması üçün tədbirlər görülür.
MTN-in daha bir şöbə rəisi işdən çıxarıldı
 
Milli təhlükəsizlik nazirinin 1-ci müavini, nazir səlahiyyətərini icra edən Mədət Quliyevin əmri ilə nazirliyin daha bir şöbə rəisi, polkovnik-leytenant Rəşad Əmircan oğlu Əmircanov vəzifəsindən kənarlaşdırılıb. Bəzi KİV-lərin yazdığına görə, R.Əmircanov Akif Çovdarovun kürəkənidir. Yenə həmin yazılanlara görə, Rəşad Əmircanov əvvəllər Xüsusi Dövlət Mühafizə Xidmətində işləyib, Akif Çovdarov Milli Təhlükəsizlik Nazirliyində idarə rəisi təyin edildikdən sonra MTN-ə şöbə rəisi gətirilib.
Avopa.info-ya daxil olan məlumata görə isə Baş Prokurorluq Milli Antikorrupsiya İdarəsi Rəşad Əmircanovun Badamdardakı villasında və Bakıdakı başqa evlərində də axtarışlar aparıb.
Rəşad Əmircanova məxsus Badamdardakı 1 milyon dollarlıq villa möhürlənib. Hüquq-mühafizə orqanları polkovnik-leytenant Rəşad Əmircanovun Akif Çovdarovun təşkil etdiyi gizli həbsxanalar və müxtəlif cinayət əməllərində iştirakının olduğu təxmin edir.
Rəşad Əmircanov 1993-1996-cı illərdə  Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsi sədrinin birinci müavini vəzifəsini tutmuş Əmircan Əmircanovun kiçik oğludur.
Rektor MTN generalı ilə  şərikli bankı olması xəbərindən danışdı
 
“Muğanbank”ın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovla “Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin şərikli müəssisəsi olduğu barədə məlumat yayıb. 
Milli Məclisin deputatı, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev isə modern.az-a açıqlamasında bildirib ki, “Muğanbank” onun üçün kənar bankdır.
“Bankın saytında ona kimlərin rəhbərlik etdiyi yazılıb. Orada mənim adım yoxdur. Odlar Yurdu Universitetinin bank hesabına gəldikdə, bu, “Muğanbank” və ya başqa banklarda ola bilər. Bankın mənim Eldar Mahmudovla şərikli müəssisəm olmağı haqqında yazılanlar yalan informasiyadır. Kimlərsə yalan məmulatlar yaymaqla məşğuldurlar. Heç kimin yalan informasiya verməyə mənəvi haqqı yoxdur. Bir az diqqətli və ehtiyatlı olmaq lazımdır”.
“Eldar Mahmudov nanəcib adamdır” 
 
Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifəsindən azad edilməsinə münasibət bildirib. Hazırda istintaqı davam edən “MTN işi” ilə bağlı məsələyə də toxunan A.Bəşirov xəzərnews.az-a bunları deyib: “Eldar Mahmudov barəsində heç danışmaq belə istəmirəm. O, nanəcib adamdır. Eldar Mahmudov bütün Azərbaycanı biabır edib. Prezidentə qarşı bu cür hərəkətlər etmək insanlığa sığmır. Buna görə Allah onların hər birinin gec-tez cəzasını verəcək”.
 
Mahmudovun xanımı işə çıxmır
 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi Tahirə Mahmudova səhhəti ilə əlaqədar işə çıxmır.
Bu barədə “Report”a AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib.
“O, hazırda məzuniyyətdədir”, – AHİK sözçüsü əlavə edib.
Qeyd edək ki, Tahirə Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşıdır.
T.Mahmudova 1960-cı ildə anadan olub. 1982-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirib. Ali təhsilini başa vurduqdan sonra “Dənizneftqazlayihə” Elmi Tədqiqat və Layihə İnstitutunda baş mühəndis, 1987-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda baş mühəndis, 1994-2000-ci illərdə “Spektr” kiçik müəssisəsində aparıcı konstruktor, 2001-2003-cü illərdə “Səda” firmasında beynəlxalq iqtisadiyyat məsələləri üzrə məsləhətçi, 2003-2007-ci illərdə isə “AGBank”da məsləhətçi vəzifələrində çalışıb.
2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışır. AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvüdür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button