Generala cavab: “Qarabağ qazisinin sonrakı taleyi ilə maraqlanıldımı?”

General əzilən Qazinin deyil,  Mərkəzi Hərbi Sanatoriyanın rəisinin müdafiəsinə qalxdı

Ötən həftə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Sanatoriyasında baş verən bir qisim qanun pozuntuları mətbuatda işiq üzü görmüşdü. Bunu ardınca Nazirliyin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev açıqlama verərək deyib: “…faktlar təsdiqini tapmayıb və böhtan xarakteri daşıması bəlli olub.” Açığı, gözləyirdim ki, başda general-mayor N.Əliyevin rəhbərlik etdiyi idarə olmaqla müvafiq qurumlar yazıda gedən faktları və məlumatları araşdırıb nöqsanları aradan qaldıracaq, günahkarlar isə cəzalandırılacaqlar. Əksər hallarda olduğu kimi, yenə də inkarçılıq, qərəz axtarmaq tendensiyası işə salındı.

Buna baxmayaraq, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev qeyd olunan ittihamlarla bağlı Baş İdarənin mövqeyini ortaya qoymasını təqdir etməyə çalışdıq. Ən azından, operativliyə, mövzunun həssaslığına və mətbuata açıq olduğuna görə, bu münasibəti hər halda dəyərləndirmək lazımdır.

Əvvəla, qeyd edim ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Sanatoriyasının rəisi, tibb xidməti polkovnik-leytenantı Vidadi Əliyevin tibbi savadı, haradan məzun olması, Daxili Qoşunlarda xidmət edib-etməməsi bizim üçün əsas məsələ deyil.

Natiq Əliyev Mərkəzi Hərbi Sanatoriyanın fəaliyyəti ilə bağlı məqalədə göstərilən hər bir məqam üzrə tərəflərin fəaliyyətləri barədə araşdırma aparıldığı və qeyd olunan faktların öz təsdiqini tapmadığı və böhtan xarakterli olduğunu qeyd edir.

Amma bir gün ərzində qeyd olunan faktların tez bir zamanda araşdırılması və nəticəyə varılması xeyli təəccüb doğurdu.

Məqalədə qeyd olunan faktlarla əlaqədar adı çəkilən şəxslərlə bağlı öz mövqeyini ortaya qoyan generala bəzi məqamları bir daha xatırlatmağı lazım bildik. Öncə sanatoriyanın gözətçisi vəsifəsində işləyən 2-ci qrup Qarabağ Qazisi Xuduyev Elşən barəsində:

Əslən Qubadlı rayonundan olan Qarabağ əlili Elşən Xuduyevi Siz yəqin ki, tanıyırsınız.

V.Əliyevin özbaşınalıqlarından bezən Elşən Xuduyev Müdafiə Nazirinin adına teleqramla müraciət edəndə 2016-cı ilin yanvar ayında onu qəbul etmisiniz, şikayətçini dinləmisiniz, problemləri ilə maraqlanmısınız. Ona “Get başını aşağı sal işlə, bir daha belə işlər olmaz” demisiniz.

Elşən Xudiyev 2016-cı ilin yanvar ayının 25-də Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəis müavini, tibb xidməti  polkovniki Elxan İbrahimovun qəbulunda təkrar olub. Yenə eyni qaydada qəbul etmiş və heç bir problemi olmayacağını, başını aşağı salaraq öz işinə davam etməsini demişlər.

Siz eyni zamanda bu barədə Sanatoriyanın rəisi Vidadi Əliyevə tapşırmısınız ki, Elşən Xuduyevlə işi olmasın. 2-ci qrup əlil Elşən Xudiyevin Müdafiə Nazirliyinin adına vurulmuş teleqramı baxılması və araşdırılması üçün Mərkəzi Hərbi Sanatoriya rəisinin qəbuluna göndərilib. Siz isə yuxarıda qeyd olunan faktların olmadığını qeyd edirsiniz. 2016-cı yanvar ayının 25-də Elşən Xuduyev mühafizə bölmə rəisi vəzifəsindən uzaqlaşdırılaraq Sanatoriyada mühafizəçi vəzifəsində işləyir. Bunun səbəbi isə Elşən Xuduyev həmin gün Nazirlikdə polkovnik Elxan İbrahimovun qəbulunda olması və buna görə Vidadi Əliyevin qəzəbinə gəlməsidir. Həmin tarixdən bu günə kimi Qarabağ qazisinin sonrakı taleyi ilə heç maraqlanıldımı? 6 ay ərzində dalbadal cəzalandırılan bir qazinin ümidlərinin öldürülməsi, 6 ay ərzində 25% mükafatının kəsilməsi heç sizi narahat etmədimi? Bizlər isə Elşənin sabahından narahatıq. Vətən üçün qazi olan, ağır zədə alan Elşən Xuduyev kimi oğulların göz görə-görə diri-diri öldürülməsinə yol verməyin, cənab general.

Bu kimi halların haradan qaynaqlandığını, mənbəyini və təşkilatçısının sizə məlum oduğunu qeyd edirsiniz.

Cənab general, Sizin səlahiyyət sahibi olduğunuzu bilirik. İnanırıq ki, məqalədə adarı çəkilən şəxslərin problemlərinin həllinə kömək edəcəksiniz. Namiz Ağayevin, Elşən Xuduyevin və başqalarının haqlarının pozulmasına yol verməyəcəksiniz. İnanırıq ki, polkovnik-leytenant Vidadi Əliyev kimi insanların arxasında dayanaraq məzlumların haqlarının tapdalanmasına göz yummayacaqsınız. Biz Vidadi Əliyevin arxasında kimlərin dayandığını, onu himayə etdiyini də bilirik.

Respublika Hərbi Prokrorluğunda gedən araşdırmada da hansı formada kimlərin kömək etdiyini bilirik, kimin Namiz Ağayevlə görüşərək Vidadi Əliyevlə bağlı yazdığı şikayət ərizəsinin geri götürməyi tələb etdiyini də bilirik.

Sizin müdafiə etdiyiniz – tabeliyinizdə olan bir müəssisənin rəisi öz generalını, rəisinin əmrini eşitmirsə, bunun səbəbini soruşmaq sizin səlahiyyətinizdədir. Məqalənin əvvəlində ordu quruculuğu ilə bağlı Dövlətimizin gördüyü uğurlu işlərlə bağlı qeydlər etmişik. Şəxsi qərəzlik prinsipindən uzaq olaraq qeyri-konstruktiv xarakter daşımayan bu yazı Sizin qeyd etdiyiniz kimi hərbi qulluqçularımızın işgüzar nüfuzuna zərbə vurmaq, xələl gətirmək məqsədi ilə deyil, əksinə, Sizin kimi generalların işgüzar nüfuzunu qorumaq üçündür.

Cənab Əliyev, hər bir şikayətin arxasında bir insan taleyi olduğunu unutmayaraq, Müdafiə Nazirliyinin uğurlarına kölgə salanları müdafiə etməyin. Siz yəqin bilirsiniz ki, polkovnik-leytenant Vidadi Əliyev Hərbi Prokurorluğa ifadə verməyə gedən sanatoriya əməkdaşlarını təzyiqlə ifadəsini dəyişməyə məcbur edir. Elşən Xuduyevin, Həsənova Raminənin Müdafiə Nazirliyinə vurduğu teleqram və müraciətlər, Namiz Ağayevin verdiyi rüşvəti geri istəyərkən söyüş və təhqirlə qarşılaşması səbəbindən dəyişik orqanlara müraciət etməsi, əlbəttə, uğurun deyil, idarəetmədə olan səhv təyinatın nəticəsidir. Respublika Hərbi Prokuroru ilə qohumluq əlaqələrindən sui-istifadə də doğru yanaşma deyil. Şikayətlərin araşdırılması və müvafiq tədbirlərin görülməsi də qaranlıq quyuya düşməzdı. Bəlkə bunları da inkar edəsiniz?

Güman edirəm ki, Sizlər bu işin sonuna gedəcəksiniz. Elşən Xuduyevi öz əvvəlki iş yerinə bərpa edəcəksiniz, 6 aylıq mükafatının geri qaytarılmasına kömək göstərəcəksiniz.

İnanıram ki, bir gün məşhər ayağında olanda da, Ali Baş Komandan cənab İlham Əliyev və Müdafiə Naziri, cənab Zakir Həsənov da hesab tələb edəndə cavab verə biləcəksiniz.

Qarabağ bizim müqəddəs yerimiz, vətənimizin bir hissəsidir. Nə qədər həssas mövzu olduğunu bilirsiniz. Siz tibb xidməti polkovnik-leytenantı Vidadi Əliyevin Qarabağda döyüşən insanlarla bağlı dediyi ifadənin yalan və böhtan olduğunu güman edirsiniz. Mən isə sizlərə məhkəmə orqanları vasitəsilə həqiqətin ortaya çıxmasının mümkünlüyünü xatırlatmaq istəyirəm ki, tabeçiliyinizdə olanlar da öz yerini bilsin.

Deyirsiz ki, cari ilin sonuna hələ 5 ay qalmasına baxmayaraq, büdcəyə artıq 70.000 manat məbləğində vəsait ödənilib. Amma bu o qədər öyünüləsi məbləğ deyil 160 nəfər kollektivi olan bir sanatoriya üçün. Müqayisə aparılsa sanatoriyanın rəisi Vidadi Əliyevə məxsus olduğu deyilən “Onurğa” klinikasının büdcəsinə daxil olan həftəlik vəsitdən bəlkə də az olar.

Və nəhayət, “Tibb müəssisəsinin uğurları və problemləri rəhbərliyin diqqətindən kənarda qalmadığı kimi, bu məsələnin də sonadək araşdırılacağı və qanunauyğun müvafiq tədbirlərin görüləcəyi heç kimdə şübhə doğurmamalıdır”, fikirlərini də mətbuata qarşı təhdid kimi qiymətləndirirəm. Yaxşı olardı ki, deyilən faktların araşdırılması və tabeçiliyinizdə olan sanatoriyada anarxiyaya son qoyaraq, qayda-qanun yaradın. Ən azından, general sözünün polkovnik-leytenant tərəfindən yerinə yetirilməsinə nail olun. İkincisi də, o insanlar qorxsun ki, itirəcək çox şeyləri ola bilər. Başqa məsələlər bizi maraqlandırmır.

A.Orucov

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button