Gerçək çarə gərək…

Safruh

Mütləqə İnam Ocağının  Ruhani Başçısı

Özünəməxsus inkişaf üçün xalqın inancı, inamı özünəməxsus olmalıdır

(İçsəs)

Mütləqim, Müqəddəsim, Peyğəmbərim İnam Ataya Ali Səcdəylə!

Yenə Aqil bəyin (Aqil Abbasın) harayı gəlir: “Azərbaycanı Türkiyənin gününə salmayın! Millətin inancları ilə alver etmək olmaz” (“Ədalət” qəzeti, 27 noyabr 2010). Təxminən bir il bundan öncəki harayı “Şair xalqın xalqsız şairləri” adlanırdı (“525-ci qəzet”, noyabr 2009). Mən də ona “Xalqsızlıqdan Xəlqi Birliyə” adlı bir yazı ilə hay vermişdim (“Ədələt” qəzeti, 23.02.2010).

Aqil bəyin o harayı ilə bu harayı bir-birinin davamı və inkişafıdır: Haray törədicisi (səbəbi) şiddətlənir, haray zilləşir… Haray öz səbəbini ləğv eləyə bilmir. Orada deyilirdi ki, xalq öz milli sənətkarlarına biganələşir; milliliyimizə və idraka zidd “dəyərlər” (din, pir)  xalqı xalqlıqdan çıxarır.

Doğru qənaət idi. Amma bunun səbəbi kimi “xalqın biganəliyi” göstərilirdi. Səbəb  isə məncə, bu deyil. Axı burada (elə Türkiyədə, Qazaxıstanda, Özbəkistanda…) xalqla inanc, peyğəmbər, imam bir-birinə mənsub deyillər. Xalqın başı öz Yurduna bağlı olur, onun indiki dininin, pirinin başı isə özümüzü qorumalı olduğumuz, nazirimizə göz ağardan ölkələrə bağlıdır. “Baş örtüyü” onların… elçilərindən biridir. Yoxsa bundan o qədər də rahatsızlanmazdıq; yoxsa bu, dövlətimizi elə də təhdid etməzdi. Sabah bundan pis olacaq. Bizdə xalq dövlətin əlindən alınıb. Türkiyədə dövlət xalqın əlindən alınıb. Orada da qabaqca bizdəki kimi idi; indi biz də oradakı kimi olmağa doğru sürüklənirik – getmirik, məhz sürüklənirik! Yoxsa sinələrimizdən bu haraylar qalxmazdı.

Deyirsiniz üzü İrana yox, üzü Avropaya gedək. Məncə, ona görə belə deyirsiniz ki, İran təhlükəsi qapının ağzında, din, pir kəməndi boğazımızdadır; Avropa təhlükəsi bir az o yanda  görünür –  özünün “çağdaşlığı, bəzəkli inkişaf” kəməndi ilə.

Ancaq o, məhz dinin, pirin sayəsində bir az “o yanda” (uzaqda) görünür!

Bunların heç biri ilə və hamısı ilə birlikdə bizdə dövlətin, millətin müstəqilliyi, qulaq dincliyi, özünəməxsus inkişafı mümkün olmayacaq. Azərbaycanda bunu duyanların sayı artmaqdadır. Bundan çıxış yolu sahəsində isə tam bir qaranlıq səltənəti ilə üz-üzəyik. Bu məsələ (dövlət və millət müstəqilliyimizi itirmək təhlükəsi məsələsi) indi yalnız “yuxarılar” vasitəsilə “həll olunur”, yəni arabir mətbuat yazır, efir dalğalanır, teatrlar tarixə boylanır…

Özünəməxsus inkişaf üçün xalqın inancı, dini, inamı, Peygəmbəri (Atası), imamı (Evladı) özünəməxsus olmalıdır. Əski və yad-yabançı inanclardan yaxamız qurtulmalıdır. Onlara yarınmağın, yamaq vurmağın xeyiri yoxdur. Özümüzə başqa kürk toxumalıyıq; “almalı, gətirməli” yox, məhz toxumalıyıq! O “kürk” artıq var – İnam Atanın Mütləqə İnam Ruhaniyyatı. Xalq ona qovuşmalıdır – onda özünə oxşayacaq və onda onun uşaqlarının ata-anaları öz qızları üçün nazirdən yabançı geyim ünsürü tələb etməyəcəklər. Xalqla nazir onda birləşəcəklər, bir olacaqlar.

Bu mövzuda ən “qabaqcıl”, “dotələb” kişilərimizi də sonda dinə yarınan görürük. Çox sayğı bəslədiyim aydınımız Mədətoğlu Aydın bəy (və bəzi başqaları) sümükləri də, adları da, sözləri də çoxdan çürüyüb getmiş yabançılardan “türk peyğəmbərləri” qatarı düzəldir; bir çoxlarımız ata-babalarımızın “hacı”, “seyid”, “kərbəlayı”, “məşədi” olmasıyla, namaz qılmasıyla, oruc tutmasıyla, şərab içməməsiylə… “öyünür”. Unudurlar ki, bu da elə – din deməkdir, türban deməkdir, idraki, ruhani asılılıq deməkdir – xarici təhdidə dəstək deməkdir. Çünki sanki bunların hamısı dindən gəlirmiş. “Kərbəlayı”, “hacı”, “məşədi” – yəni nə?! Bəs “inanclı adam”?! Bunlar da elə odur! Sanki istədiyini (özünəməxsus, müstəqil inkişaf) istəmirsən, sanki istəmədiyini (“Türkiyənin gününə qalmaq”) istəyirsən…

Xalqını, dövlətini müstəqil görmək istəyirsən? Xalqı xalqın öz dünyabaxışıyla donat (təchiz et) – yadlığın əli onun yaxasından açılsın, kökü yurdundan qaşınsın.

Mənim əsla sevmədiyim (dünyabaxışımız daban-dabana ziddir), sizin isə sanki sevdiyiniz Nitsşe deyir: “Hər bir xalq o vaxta qədər xalq olaraq qalır ki, öz Allahına malik olur və bu Allah Yer üzündə mövcud olan bütün başqa Allahları tam barışmazlıqla rədd edir”.

Azərbaycanda bir ovuc katolik var – öz kilsəsiylə; baptist var – öz kilsəsiylə, pravoslav var – öz kilsəsiylə, yəhudi var – öz sinaqoqlarıyla, krişnaçı var –  öz ibadət yeriylə… Və Azərbaycanda saysız-hesabsız təriqət yuvası, yadlıq carçısı, türban aşiqi məscidlər var. Bir də Azərbaycanda İnamçılar (Mütləqə İnam tərəfdarları) var (sayını bilmirəm, hər halda katoliklərdən az olmaz) – onlarınsa bircə İnam Evi var – o da əldəqayırma.

İdraki-ruhani və buna söykənən ideoloji müstəqillik istəyən – bu məqamdan yapışmalıdır. “Pazı pazla çıxararlar” demiş babalar. Qaba səslənsə də, halı doğru ifadə eləyir bu söz. Daha nə qədər deyinəcək, “Mus, Mus…” deyəcəyik?!

Bu məsələnin həlli bundan keçir: pazı – pazla! Gecikmək – bir millət kimi yox olmaqla, tələsmək –  təndirə düşməklə sonuclanar. Tələsmədən və gecikmədən –  yaranmanın bu klassik hərəkət tərzi ilə yeni dünyabaxışa – Mütləqə İnam Sivilizasiyasına doğru.

Xalqın əlində onun fəlsəfəsi, ruhaniyyatı, Kitabı, zəngin ədəbiyyatı, yaşam qaydaları da… var artıq.

Yazmaq – yaratmaq deyil bu sahədə! Bu sahədə yazmaqla yaratmaq və ayrıca olaraq Yaranmaq qoşa addımlamalı, yanaşı getməlidir. Yaratmasız, yaranmasız yazmaq –  getdikcə öləziyir və sönür; yazan da gülüş, istehza hədəfinə çevrilir.

Atamız var olsun!

29 Yağış 32-il. Atakənd. İnam Evi (noyabr, 2010)

“Xural” qezeti
il: 9, sayı: 048(408), 26 dekabr 2010-cu il-08 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button