Get, Müəmmər Qəddafi!

Bəydadaş Cəfərli

Ay Müəmmər Qəddafi, Liviya diktatoru,
Millət üsyan eləyir, üzüsulu getginən!
Şeytan azdırıb səni, əyri yolu getmisən,
İndi qayıt geriyə, doğru yolu getginən!

Vaxtdı, sənin kimilər tarixdə qalacaqlar,
Zor ilə tiranları taxtından salacaqlar,
Geciksən yığdığını əlindən alacaqlar,
Nə qədər ki, gec deyil, cibi dolu getginən!

Meydanlarda millətin çoxdan salıb basabas,
Şüarların içində istefalardır əsas,
Elin ağzı fal olur, deyilənə qulaq as,
Padşahlığın bəs edər, zalımoğlu, getginən!

Dirənsə də üç həftə getdi Hüsnü Mübarək,
Gedənlərdən qalanlar yaxşı dərs alsın gərək,
Sən milyonlar içində, millət tapmır duz-çörək,
Qana qəltan eyləmə sağı-solu, getginən!

Dövran təzələnibdi, köhnəlibdi şüurun,
Xalq həsrətlə gözləyir ədalətin zühurun,
Dünya belə istəyir, istefaya buyurun,
Tərəqqinin yolundan götür kolu, getginən!

Səddamın taleyini gətirginən diqqətə,
Hüsnü Mübarək kimi qaçmaginən qürbətə,
Bağışlanmağın üçün xahiş elə millətə,
Öz xoşunla ərizəyə çəkib qolu, getginən!

Qan ağlayan ərəbin göz yaşını silmədin,
Millət ilə bir olub, ağlamadın, gülmədin,
İşlədiyin illərdə dahi ola bilmədin,
Nəsillər yaddaşında qalıb ulu, getginən!

“Xural” qəzeti
il: 9, sayı: 007(415), 27 fevral-5 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button