Gizli dinləmə qurğuları –“Böcək”lər haqda bilmədiklərimiz

jucok

İctimai-siyasi sektorun üst düzəyində olan şəxslərin əksəriyyəti dinləmə qurğularının onun yaşayış, iş yerinə yerləşdirilməsi paranoyasını yaşayırlar. Bu səbəbdən müxtəlif məkanlarda danışıqlarını pıçıltı ilə aparmağa üstünlük verirlər. 

Belə qurğuların hansı növləri var və onları necə müəyyən etmək olar?

Bu məsələ ilə bağlı internet resurslarında kifayət qədər məlumatlar var. Rusiyada belə qurğuları əldə etmək istəyənlər üçün saytlar da fəaliyyət göstərir.

Məsələn, spytome.net (http://www.spytome.net/audio.html?p=1) saytında belə qurğuları sifariş etmək olar. Bir kilometrdən minlərlə kilometr aralı məsafədən dinlənmə qurğularının iş prinsipləri demək olar ki, eynidir. “Böcək”lərin iş prinsipi mobil telefonların iş prinsipindən elə də fərqlənmir.

“Böcək”ə sim-kart yerləşdirilir və “böcək” lazımi obyektə qoyulur. Günün istənilən saatında “böcəyə” zəng etməklə obyekti dinləmək imkanı qazanılır. Texniki xarakteristikalarına görə müxtəlif olan belə dinləmə “böcək”lərinin əsas funksiyası nəzərdə tutulan obyektin dinlənilməsini təmin etməkdir. Kibrit qutusu və ondan qat-qat kiçik ölçülərə malik belə qurğular sırasında kompüter üçün nəzərdə tutulan “siçan” da var. 

Həmin “siçan” kompüterdə müəyyən əməliyyatları daha rahat şəkildə həyata keçirmək üçün istifadə edilən qurğu funksiyasından başqa, həm də obyekti dinləməyə imkan verir. Yetər ki, həmin “siçan” dinlənilməsi nəzərdə tutulan obyektə hədiyyə edilsin və ya onu belə bir qurğunun alınmasına təhrik edən ortam yaradılsın. Obyekt belə bir qurğunu kompüterə qoşmaqla özü də bilmədən rahat şəkildə dinlənilməsini təmin etmiş olur. Belə “böçək”lərin zəif yeri əsasən enerji ilə qidalanması problemidir. 

Lakin “böçəyin” “siçan” şəklində kompüterə qoşulması bu problemi aradan qaldırır. Kompüterin USB portu sabit qidalanmanı və müvafiq olaraq fasiləsiz dinləməni təmin edir.  Məişətdə istifadə edilən ən müxtəlif elektrik cihazları, məsələn, ütü, modem, ev telefonları və digər cihazlar da asanlıqla dinləmə qurğularının “yuva”sına çevrilə bilərlər. İnteryerdəki istənilən element də – stol, stul, mebel, divan, kreslo da həmin asanlıqla dinləmə qurğularının yerləşdirilməsinə imkan verir. 

Dinləmə qurğularının başqa növləri də var. Məsələn, 15-20 mm-lik divarın əks tərəfində baş verənləri eşitməyə imkan verən qurğular da var. Belə qurğular divarın əks tərəfindəki 10 metrlik məsafədə nələrdən danışıldığını dinləməyə və qeydə almağa imkan yaradır.

 Bəs “böcək”lərdən qorunmağın yolları varmı? 

Necə deyərlər, dərd varsa, dərmanı da var! Dinləmə qurğularını aşkarlayan, onların normal işləməsinə maneə yaradan qurğular da var. Rusiyada “böcək”ləri müəyyən etmək üzrə ixtisaslaşmış xüsusi şirkətlər də fəaliyyət göstərir (http://economic-security.ru/zaschita-informacii/15-proverka-pomescheniya-stoimost-uslug.html). Bu profilli mütəxəssislər bahalı avadanlıqlarla sifarişçinin ofisinə, evinə gəlir, müvafiq yoxlama aparmaqla “böcək”ləri müəyyən edirlər. 

Azərbaycanda “böcək”lər qadağan olunduğundan belə dinləmə qurğularını axtaran şirkətlər də rəsmi fəaliyyət göstərmirlər.

Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button