Gömrük Komitəsinin etirafı və yanlışlığı

Qubad İbadoğlu

gomruk-11

Dövlət Gömrük Komitəsinin (DGK) quru meyvələrin sahibkarlar tərəfindən bəyan edilən gömrük dəyəri və faktiki bazar qiymətləri arasında müqayisəli təhlil həm həqiqətin etirafı və həm də yanlışlığın sübutu üçün əlavə, özü də rəsmi mənbədən qaynaqlanan əsaslar yaratdı. İlk növbədə DGK bununla özü-özünü təkzib etdi və etiraf olundu ki, güzgü metodologiyası ilə aparılan araşdırmalar nəticəsində fərqlərin əmələ gəlməsinin əsas səbəbi gömrük dəyərinin məqsədli şəkildə aşağı rəsmiləşdirilməsidir. Çünki Komitənin açıqladığı cədvəl məlumatlarından görünür ki, bir sıra məhsullar üzrə gömrük dəyəri ilə pərakəndə satış qiyməti arasında ən azı 2 dəfə, ən çoxu 15 dəfəyədək fərq var. Bunun yeganə olaraq gömrük dəyərinin aşağı rəsmiləşdirilməsi ilə izah etmək olar ki, məhz bu səbəbdən də ayrı-ayrı ölkələr üzrə güzgü metodologiyası üzrə aparılan müqayisəli tədqiqatlarda yol verilə bilən normadan 3-5 dəfə kənarlaşmalar üzrə çıxır. Beləliklə də DGK-nın son məlumatı ekspertlərin dəfələrlə bəyan etdiyi çox vacib həqiqəti aşkarladı və məlum oldu ki, bu səbəbdən azaldılmış gömrük dəyərində hesablanan və aşağı məbləğlə xarakterizə edən gömrük rüsumları, ƏDV, aksizli mallar üzrə aksiz vergisinə görə dövlət büdcəsi hər il 100 milyonlarla manat vəsait itirir. Odur ki, bir daha qeyd etmək istərdim ki, DGK-nın bu ilin dövlət büdcəsi qarşısındakı öhdəliklərini ən azı 30 faiz artırmaq olar.
DGK-nın məlumatında qeyd olunur ki, onlar mütəmadi olaraq daxili bazarın monitorinqini aparır, xüsusən bayram və mövsümi dəyişikliklər ərəfəsində daxili bazarın vəziyyətinin öyrənilməsini və idxal ilə daxili bazar münasibətlərini prioritet məsələ kimi nəzarətdə saxlayırlar. Halbuki bu funksiya İqtisadiyyat Nazırliyinə məxsusdur. Belə ki, Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli Fərmanında İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə birlikdə ölkəyə gətirilən istehlak mallarının idxal, topdansatış və pərakəndə satış qiymətlərinin monitorinqini aparsın və onun nəticələrini ümumiləşdirərək rübdə bir dəfə mətbuatda dərc etdirsin. Görünən odur ki, Dövlət Gömrük Komitəsi açıqladığı məlumatla daha bir yanlışlıq edərək İqtisadiyyat Nazirliyinin səlahiyyətlərini mənimsəyib.
Yekunda idxal və pərakəndə satış qiymətlərinin müqayisəsi metodologiyası ilə bağlı bir qeydi də bölüşmək istərdim. Əslində, idxal malının satış qiymətini formalaşdırmaq üçün gömrük dəyərinin üzərinə idxal malına hesablanan gömrük rüsumları, ƏDV, gömrük rəsmiləşdirilməsinə görə yığımları, topdansatış müəssisələri üzrə ƏDV, pərakəndə satış obyektləri üzrə sadələşdirilmiş vergi, hər iki həlqədə əldə edilə bilən mənfəət səviyyəsi, həmin malın anbarlardan mağazaya çatdırılması üçün nəqliyyat xərcləri və aksizli mallar üzrə aksiz vergilərini də əlavə etmək lazımdır. Təbii ki, bu qiymətlər arasında fərqi azaldacaq, amma azalma dəfələrlə deyil, faizlərlə ifadə olunacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button