Görüntü üçün edilən toy AST Telmanı da müflisləşdirdi

gelin bey

Bilmirəm insanların bu qədər olmadığı kimi görsənməyə çalışmaq istəyi necə bu qədər sürətlə inkişaf edir. Həyatımız da hər şey görüntü üçün olmağa başlayıb . “Caamatın uşağı, əri , arvadı… “ kimi ali məktəbdə  oxumaq, işləmək, yemək, geyinmək, … və toy etmək istəyi …

Bir xanım tanışım ailə qurduqdan sonra həyat yoldaşı ilə Rusiyaya qazanc arxasınca getdilər. Əlbəttə ki, əksər ailələr kimi onların da məqsədi, toydan qalan borcları ödəməyə və gündəlik həyat xərclərini təmin etmək idi. Bilirəm deyəcəksiniz ki, “burada nə var ki, bu əksəriyyətimizin bildiyi hətta bəlkə də hazırda yaşadığı şeylərdir”.

 Amma söhbətimin “canı “ var.

Demək bizim bu xanım mənzilində “kirayə” qaldığı rus qadınına “öz toyundan olan çəkilişləri” göstərir. Rus xanımı isə təccüblə deyir: “Mən artıq bir neçə dəfə azərbaycanlı ailələrin  toylarına  baxmışam. Siz krallar kimi toy edirsiniz . Bəs burada “nə işiniz var?””. Bizim bu xanım tanışımız da “bu kral toyunun zibilidir, elə gəlib buralara qədər çıxmışıq”, – deyir .

Ümumiyyətlə, bütün atalar sözü ilə razılaşan biri deyiləm. Ən azı ona görə ki , “bir atalar sözünə əməl etdinsə”, gərək o birisindən də imtina edəsən. Amma bu “yorğanına görə ayağını uzat”, – atalar  sözü çox yerdə özünü xatırladır .

Ailə quranda gənclər, məxsusən də ailələri  bir – birini qarşılıqlı anlamalı gələcək həyatlarına kölgə salacaq şeylərdən qaçmalıdırlar. Lüzumsuz, bu görüntü üçün edilən xərclər elə ilk günlərdən ailədə çətinlik yaradır. Avropadan nə isə götürməyə meyilli olduğumuz bu dövrdə niyə yaxşı şeyləri götürməyək? Toy məclisləri çox sadə keçirilir, dəvətnamələr həqiqətən bəy və gəlinin xoşbəxtliyinə sevinən insanalara verilir. Toyları da kifayət qədər əyləncəli olur. Onlar dəbdəbəli toy etmədikləri üçün xoşbəxt ola bilmirlərmi, məgər?..

Vəziyyət o həddə çatıb ki , toydan sonra toy yiyəsi “restoranların “ xərcini tam ödəyə bilirsə təbrik ünvanı bu məsələ olur.

Bu gün banklara verilən borcların böyük hissəsinin səbəbi lüzumsuz toy xərclərinin yaratdığı problemlərdir.

Qız evi “cehiz pulu” ödəyir . Oğlan evi isə “toy xərcləri”nin yaratdığı borcları gənc ailənin 3-cü, hətta 4-cü övladı dünyaya gələnə qədər ödəyib, qurtara bilmir

Azərbaycanlı iş adamlarının, digər ölkələrdə yaşayan  “biznesmen”lərin, “milyonçu”ların övladlarının toylarına milyonlarla pul xərcləyərək, dünya şöhrətli müğəniləri, aktrisaları dəvət etdiklərini dəfələrlə eşitmişik. Halbuki həmin məbləğə yüzlərlə gənci evləndirmək, mənzillə təmin etmək, adını çəkmədiyim xeyir işlərə vəsilə olmaq olar.

Sonra nə olur? Milyonları havaya xərcləyən AST Telman müflisləşir, əvəzində isə bu pulla varlanan müğənilər, aktrisalar öz ölkələrində xeyriyyə tədbirləri keçirirlər – məktəblər tikdirir, yaxud kimsəsiz uşaqlara yardım edirlər.

Hələ onu da demirəm ki, evlərini satıb toy edənlərin sayı nə qədərdir?

Olmazmı ki, faydasız yerə xərclənən bu pullar daha məqsədli işlər üçün istifadə olunsun?

Gül Təkin

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button