“Görünür, sahibkarların sahibkarlarına çatdırıblar ki…”

abdulla_abdullayev-amay

«AMAY Abdulla» bir daha bəyan etdi ki, sifarişlə həbs olunub

Osman Kazımov: «Sahibkarlığa Kömək Milli Fondunun bizə 69 min manat borcu var»

“AMAY” Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayevin 13 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verdiyi apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşmaq üzrədir. Növbəti məhkəmə iclasında prokuror çıxış edəcək.

Dünən Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda Abdulla Abdullayevin özünün, həmçinin vəkili Osman Kazımovun vəsatətləri müzakirə olunub. İş adamı vəsatətində yazıb ki, ona qarşı qərəzin nəticəsi olaraq, sifarişlə bu gün həbsdədir. O, məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Vəkilin vəsatəti isə Sahibkarlığa Kömək Milli Fondunun nümayəndəsinin məhkəmədə dindirilməsi haqda idi: “İş üzrə zərər çəkmişdilər, amma məhkəməyə gəlmirlər. Gəlsinlər, görək ki, bizim onlara borcumuz var, yoxsa Fondun bizə. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən belə başa düşdüm ki, onların bizə 69 min manat borcu var.

Birinci instansiya məhkəməsində Fondun nümayəndəsi bir dəfə gəldi, dedi ki, “bizim Abdulla Abdullayevlə müqaviləmiz olmayıb, biz ”Birlikbank”la müqavilə bağlamışdıq. Görünür, onun dediklərini “sahibkarların sahibkarlarına” çatdırdılar, ondan sonra məhkəməyə də gəlmədilər…”

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, “AMAY” işi üzrə məhkum olunub, 9 il şərti cəza almış Elşən Novruzovun vəkili Adilə Məmmədova da Fondun nümayəndəsinin dindirilməsini istəyir: “Bakı Ağır Cinayətlər Məhkəməsində gəlib dedi ki, ”mən indi bu sualları cavablandırmağa hazır deyiləm”. O gedən getdi… Mütləq yenidən çağırılıb dindirilməlidir”.

Əflatun Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib. Qeyd olunub ki, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar var.

Daha sonra vəkil Adilə Məmmədova müdafiə çıxışında bildirib ki, əslində, bu cinayət işinin heç bir əsası yoxdur: “Bu, Abdulla Abdullayevin üzərində qurulmuş işdir. Bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə çoxsaylı ziddiyyətlər var. Belə bir hökmlə adamları məhkum etmək olmaz. Elşən Novruzovun nəinki cinayət, heç mülki məsuliyyəti də yoxdur. Xahiş edirəm, onun barəsində bəraət hökmü çıxarılsın”.

Məhkəmə prosesi dekabrın 11-də davam edəcək.

Xatırladaq ki, Abdulla Abdullayev 2014-cü il aprelin 4-də həbs olunub. 2015-ci il sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılmış hökmə əsasən, dələduzluq, mənimsəmə kimi ittihamlarla 13 il azadlıqdan məhrum edilib. Onunla birlikdə mühakimə olunan keçmiş işçilərindən Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov və Vidadi Qurbanovun hər birinə 9 il, Nadejda İlyasovaya isə 8 il şərti cəza verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button