“Göydələnlər, dəbdəbə, dəbli geyim – Azərbaycan bum dövründə”

IL RESTO DEL CARLINO19.07.2013

İtaliyada dərc olunan “IL RESTO DEL CARLINO” qəzetində Mateo Nakkarinin “Göydələnlər, cah-calal, dəbli geyim – Azərbaycan bum dövründə” sərlövhəli məqaləsi dərc olunub.
“Xəzərin sahillərində neft qoxusu daha hiss olunmur. Qara ləkələrdən, sovetizmin və fundamentalizmin bütün qalıqlarından azad olmaq arzusu o qədər güclüdür ki, burada, Qafqazda, Azərbaycanın gözqamaşdırıcı paytaxtı Bakıda Dubay göydələnləri ucaldılmış, bahalı brendləri olan gözəl mağazalar açılmış, Lacivərd sahil üslubunda bulvar yaradılıb”.
Məqalə müəllifi yazır ki, sovet dövründə Azərbaycanın nefti və qazı daşınıb aparılır, onun təbii ehtiyatları tükənir və bunun müqabilində nə xalq, nə də respublika iqtisadiyyatı heç nə qazanmırdı. 1991-ci ildə SSRİ dağılandan və Azərbaycanın müstəqilliyi elan ediləndən sonra pulları ölkə iqtisadiyyatının inkişafına yatırmağa başladılar. Bakıda saysız-hesabsız küçə, tunel və körpü yenidən qurulur. Bütün respublika boyu yeni müasir yol qovşaqları və sənaye müəssisələr tikilir.
Mateo Nakkari vurğulayır ki, bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin siyasəti sayəsində mümkün olub: “İqtisadiyyatın yenidən layihələndirilməsinə 140 milyard dollar xərclənib. Nəticədə bir milyondan çox yeni iş yeri yaradılmış, işsizliyin səviyyəsi 5,1 faizədək, yoxsulluğun səviyyəsi 6 faizədək azalıb”.

İqtisadi inqilab “qara qızıl” biznesinin törəməsidir və onu fəaliyyət radiusu planetin yarısını əhatə edən, 80 min əməkdaşı olan güclü bir şirkət – ARDNŞ həyata keçirir. Ötən əsrin axırlarında 5 milyard kubmetr qaz hasil edilibsə, hazırda 27 milyard kubmetr hasil olunur, hasilatı 50 milyard kubmetrə çatdırmaq imkanı var.

Digər tərəfdən müdrikcəsinə gənclərə bel bağlanır. Universitetlərin fəaliyyəti təkmilləşir. Dövlət geniş yayılmış dil kimi ingilis dilini öyrənmələri və başqa mədəniyyətlərlə tanış olmaları məqsədi ilə ən yaxşı tələbələrin xaricdə ikiillik təhsil haqqını ödəyir”.

51 yaşlı venesiyalı Franko Rizatto dörd il əvvəl Bakıya köçmüş və burada “Venesiya Dizayn” şirkətinin əsasını qoyub. Şirkət tikinti sahəsində məsləhətlər verir və yerli iri firmalara kömək edir. F.Rizatto ilə mühəndis və arxitektorlar, əsasən italyanlar işləyir, ayda 2 min avrodan çox məvacib alırlar. Nəşr italyan biznesmenin bu sözlərini sitat gətirir: “700 avroya Bakıda kefin istəyən kimi dolanmaq olar, yerdə qalan isə mənzil haqqı və benefitlərdir”.

Məqalə İtaliya səfiri Mario Baldonun bu sözləri ilə başa çatır: “Simpatiyalar və investisiyalar əməkdaşlığımız üçün vasitələrdir. Bizə neft və qaz, onlara isə keyfiyyətimiz və innovasiyalarımız lazımdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button