Göydələn sakini evdə uşağın əlini nəfəsi ilə qızdırır… – FOTOLAR

5
“Badü-Kübə” MTK-nın tikdiyi binada ibtidai icma quruluşunun şərtləri hakimdir
Sakinlər «Bizim Yol» qəzeti vasitəsi ilə dövlət qurumlarından kömək istəyir
“Bizim Yol” qəzetinə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Badü-Kübə” MTK-da yaşayan 40 nəfər sakinin şikayət məktubu daxil olub. 
Şikayətçilərin bildirdiyinə görə, 2005-ci ildə bünövrəsi qoyulan bina hələ də istifadəyə yararlı halda deyil: “Binada nə su, nə işıq, nə kanalizasiya, nə də lift var. Heç qazın adını çəkmirik. Çünki bunu xəyal belə edə bilmirik. Uzun müddətdir ki, ev almışıq, amma MTK sədri Ədalət Qəmbərov bizi hər dəfə aldadır və heç bir kommunal problemlərimizi həll etmir. 2013-cü ildən binada yaşayırıq. Ancaq yaşamaq üçün heç bir şərait yoxdur. Sanki “İbtidai icma quruluşundayıq. Binanın zirzəmisinə hərə bir su çəni qoyub. Maşınla suyu gətirib doldururuq və matorla yuxarı evlərimizə vurub işlədirik. 1 ayda 3 dəfə su maşını ilə su gətizdiririk və hər dəfə də 30 manat pul veririk. İndi keçək işığa. Binadakı işıq binanın təmiri üçün verilən işıqdır və hal-hazırda 130-160 volt maksimum olur ki, bununla da evdə heç nə işləmir. İşıq közərir. Çayın qızması üçün bəzən 1 saat gözləməli oluruq”.
Bina sakinlərinin sözlərinə görə, bir çox evlərdə körpə uşaqlar var. Şəraitin olmaması körpəsi olan ailələr üçün iki qat çətindir. Sakinlərdən biri qeyd edib ki, soyuq olduğundan o, öz nəfəsi ilə körpəsinin əlini qızdırıb: “Lift yoxdur. 14-cü mərtəbəyə kimi uşaq qucağımızda pilləkənlə qalxırıq. Binanın kanalizasiya sistemi isə üfunətdir. Sədr Ədalət Qəmbərov binanın həyətində quyu qazdırıb və bütün kanalizasiya binanın həyətinə tökülür. Boru vasitəsi ilə quyudan çıxış qoyub və bütün qoxusu ətrafa yayılır. Hələ ki, Ədalət Qəmbərovdan kommunal problemləri həll etməyi tələb edirik. Lakin heç bir yenilik yoxdur. Hər bazar günü saat 12 radələrində binanın sakinləri həyətdə toplaşır və sədrin qəbuluna gedirik ki, bəs bizim bu problemləri nə vaxt həll edəcəksiniz. Cavabında hər dəfə deyir ki,  bu həftə sonu artıq həll edəcəm və sözü fırladır”.
Bina sakinlərinin sözlərinə görə, ötən günlərdə binaya verilən işıq da kəsilib. Baş vermiş texniki nasazlıq nəticəsində elektrik kabelləri yanıb: “Bir işığımız var idi, o da getdi. Bundan sonra qərara gəldik ki, pul yığıb özümüz nə isə bir tədbir görək. Artıq evlərə qaz sobaları quraşdırırıq. Görün, hansı dövrdəyik. Körpəsi olan ailələr məcbur kerosin peçləri quraşdırıblar. İcra hakimiyyətinə də şikayət ərizəsi yazmışıq. Ancaq hələ ki bir cavab yoxdur”.
Sakinlər bildirirlər ki, bir neçə gün əvvəl bəzi saytlarda onların problemi işıqlandırılıb: “Bundan qəzəblənən Ədalət Qəmbərov binanın sakinlərinə hücum çəkib elanı yerləşdirən şəxsi təhqir etdi və yumruq zərbəsi endirdi. Sonradan işə 33 nömrəli Suraxanı RPİ  müdaxilə etdi. Bu insan heç kimdən qorxmadığını və “kimə istəyirsən get şikayət elə” deyir. Biz ümid edirik ki, dövlətimiz mütləq bu cür özbaşınalığa yol verən şəxslərə qarşı tədbir görəcək”.
“Əmlak Ekspert Mərkəzi”nin direktoru Ramil Osmanlı bildirdi ki, bina tikilib qurtardığı halda istismara qəbul olunmaqla, yəni vətəndaşlara verilməklə yanaşı, həm də dövlət tərəfindən onun müvafiq tikinti norma və standartlara uyğun olub-olmaması haqda yekun istismar aktı verilməlidir: “Buna müvafiq olaraq da vətəndaşlar “Çıxarış” almalıdır. “Çıxarış”ların alınmasından sonra qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq yerli icra hakimiyyəti orqanlarının iştirakı ilə onlar həmin əraziyə qeydiyyata düşürlər. Qeydiyyata düşdükdən sonra, artıq bu sadaladığınız problemlərin yaranması ilə bağlı vətəndaşlar aidiyyatı orqanlara müraciət edib öz problemlərinin həllinə nail ola bilirlər. Ancaq təəssüf ki, bu gün bir çox yeni tikililərdə, o cümlədən şəhərciklər də daxil olmaqla, hələ ki, sənəd və qeydiyyat problemləri aktual olaraq qalmaqdadır. Hətta bəzi binalarda ünvan problemi mövcuddur. Yəni binanın 5-6 ildir ki, istismara verilməsinə baxmayaraq, ora ünvan verilməyib. Vətəndaşların hansı ünvanda yaşadıqları məlum deyil”.
R.Osmanlı deyir ki, əksər tikinti şirkətləri bu cür sənədlərin alınmasında ona görə maraqlı deyillər ki, onlar tikib qurtardıqdan sonra həmin binanın idarə edilməsini özlərinə saxlamaq istəyirlər: “Bu da bir problem olaraq qalır. Vətəndaşlar və MTK-lar arasında binanın idarə edilməsi ilə bağlı çox ciddi problemlər var. Vətəndaşlar müraciət etməyə yer tapmırlar. Eyni zamanda vətəndaşlar bəzi MTK-ların əlindən beziblər. Kommunal ödəniş adı altında hər ay vətəndaşlardan külli miqdarda vəsaitlərin yığılması prosesi həyata keçirilir. Bu baxımdan hesab edirəm ki, bütün bu məsələlər kompleks şəkildə həll olunmalıdır. Mənzil qanunvericiliyinə görə, artıq “JEK”lər fəaliyyətsiz bir quruma çevrilib. Ancaq buna baxmayaraq digər normativ aktlarda “JEK”lərin fəaliyyətini özündə göstərən müddəalar var. Bütün bu problemlərin arxasında dayanan yeganə və aktual səbəb dövlət və mənzil tikinti koorporativləri arasında münasibətlərin düzgün qurulmamasıdır”.
“Badü-Kübə” MTK-nın sədri Ədalət Qəmbərovla əlaqə saxlamağa çalışdıq. Ancaq aldığımız məlumata  görə, Ə.Qəmbərov səhhətində yaranmış problemlə bağlı xəstəxanadadır. Bu səbəbdən də onun əlaqə yaratmaq cəhdlərimiz alınmadı.
4 3 2 1 5

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button