Gözəl Bayramlıya qarşı təxribat

AXCP sədrinin müavini Gözəl Bayramlı hakimiyyətin təxribatı ilə üzləşib. O, Gürcüstandan müalicədən qayıdarkən, Azərbaycanın gömrük-keçid məntəqəsində saxlanılıb.

“Gözəl Bayramlını Dövlət Sərhəd Xidməti saxlayıb və onun barəsində cinayət işi qaldırılıb. Hazırda Şəmkirə gətirilir ordan da Bakıya gətirilməsi gözlənilir”. Bu barədə G.Bayramlının vəkili Elçin Sadıqov azadliq.info-ya açıqlamasında deyib. E.Sadıqov bildirdi ki, hazırda müstəntiqlə əlaqə saxlamağa və əlavə məlumatlar öyrənməyə çalışır.

***

«Gözəl Bayramlı ilə bağlı yalnız məlum olan budur ki, mayın 25-də Gürcüstandan müalicədən qayıdarkən saxlanılıb. Bundan artıq hər hansı informasiya yoxdur».
Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib.
Ə.Kərimli deyib ki, durumu öyrənməkdən ötrü AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli, Məclis üzvü Vahid Məhərrəmli hadisə yerinə gedirlər.
«Bizə çatan son informasiya görə, Gözəl Bayramlını Qazax Sınıq Körpü sərhəd-keçid məntəqəsindən Şəmkirdəki sərhəd qoşunlarının qərargahına aparıblar. Hələ ki, yoldayıq». Bunu isə AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib. N. Məmmədli deyib ki, bu da G.Bayramlıya qaçaqmalçılıqla bağlı ittiham irəli sürüləcəyinə oxşayır: «Adətən belə məsələlər sərhəd qoşunlarında rəsmiləşdirilir, daha sonra isə digər dövlət qurumlarına təhvil verilir».
G.Bayramlının saxlanmasının səbəbi barədə rəsmi qurumlar, hələ ki, hər hansı açıqlama verməyiblər.

azadliq.org

***

Gözəl Bayramlı Bakı vaxtı ilə saat 21 radələrindən Qazaxda Gürcüstanla sərhəd-keçid məntəqəsində saxlanılır.

İctimaiyyətin çağrışlarına, media orqanlarının və jurnalistlərin çoxsaylı müraciətinə baxmayaraq aidiyyatı dövlət qurumları bu barədə hər hansı məlumat vermir.

Partiya rəhbərliyi və fəalları, ictimaiyyət nümayəndələri sosial şəbəkələrdə G.Bayramlının saxlanmasına görə etirazlarını və narahatlıqlarını bildirirlər.

Hazırda G.Bayramlının saxlandığı sərhəd-keçid məntəqəsinin qarşısına çoxlu sayda AXCP üzvləri və ictimai-siyasi fəallar toplaşıb. Lakin onlara nə məlumat verilir, nə də G.Bayramlı ilə görüş imkanı yaradılır.

Hüquq müdafiəçisi, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyev isə məlumat yayıb ki, G.Bayramlını DTX əməkdaşları dindirir.

“Əldə etdiyimiz qeyri-rəsmi məlumata görə, Gözəl Bayramlının saxlanması o, Gürcüstana keçdikdən sonra “yuxarıdan” gələn tapşırıq əsasında reallaşıb. Gömrük-keçid məntəqəsinin əməkdaşları onu saxlayarkən çantasından 10 min saxta ABŞ dolları “çıxarıblar”. Hazırda onu Dövlət Töhlükəsizlik Xidmətinin (DTX), eləcə də Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulması ilə Mübarizə Baş İdarəsinin əməkdaşları dindirir. Təəssüf ki, bu məlumatları dəqiqləşdirmək imkanları qeyri-mümkündür”, – deyə O.Gülalıyev feysbuk səhifəsində yazıb.

O.Gülalıyevin fikrincə, deyilənlər təsdiqini taparsa, bu, Gözəl Bayramlıya və onun timsalında AXCP-yə qarşı hazırlanmış növbəti çox iyrənc və bədnam bir tərxibat cəhdidir. Cəhd baş tutsa belə bu, Gözəl xanımdan və onun təmsil olunduğu təşkilatdan heç nə aparmayacaq. Aparsa əməliyyat sahiblərinin kisəsindən və simasından aparacaq.

Hüquq müdafiəçisi hakimiyyəti G.Bayramlıya qarşı təxribatı dayandırmağa çağırmaqla yanaşı, cəmiyyəti də xanım siyasətçinin müdafiəsini gücləndirməyə səsləyib: “Gəlin əqidəli, mübariz və dürüst xanım siyasətçi Gözəl Bayramlıya dəstəyimizi davam etdirək!”.

***

AXCP sədri Əli Kərimli müavini Gözəl Bayramlının saxlanması barədə MeydanTV-yə danışıb və feysbuk səhifəsində hakimiyyəti buraxdığı səhvdən çəkinməyə çağıran növbəti qeyd paylaşıb. Hər ikisini təqdim edirik:

Gözəl xanımın həbsi hakimiyyətə nə verər?

AXCP sədrinin müavini Gözəl xanım Bayramlı hələ də Gürcüstan-Azərbaycan sərhəd-keçid məntəqəsində qanunsuz olaraq saxlanılır. Yəni hakimiyyətdə heçmi ağıllı, adekvat adam qalmayıb ki, rejimi Gözəl xanımı həbs etmək kimi kobud səhvdən çəkindirsin? Gözəl xanımın həbsi hakimiyyətə nə verə bilər? Araşdıraq:

Gözəl xanıma qarşı hansısa saxta ittihamın irəli sürülməsi onun özünün, təmsil etdiyi AXCP və Milli Şuranın nüfuzuna zərbə vura bilərmi? Qətiyyən yox. Hamı bilir ki, Gözəl xanıma qarşı nə düzüb-qoşsalar, qərəzlidir, saxtadır. Bəs Gözəl xanımın hansısa qondarma ittihamla həbsi şəxsən onun özünü qorxuda, mübarizədən yayındıra bilərmi? Gözəl xanımı tanıyanlar bilir ki, bu sualın da cavabı birmənalı “yox!” cavabıdır. Gözəl xanımın həbsi cəbhəçiləri necə, qorxudub mübarizədən çəkindirə bilərmi? Öz adımdan və minlərlə cəbhəçinin adından deyirəm ki, qətiyyən yox! Bu yanlış qərar veriləcəyi təqdirdə hər birimiz ikiqat artıq mübarizə aparacağıq, həqiqətləri daha da sərt ifadə edəcəyik. Apardığımız mübarizə, bizlər üçün həm də şərəf mübarizəsi olacaq! Rejimi əmin edirəm ki, hətta indi nisbətən passiv olan cəbhəçilər də bu səhv ediləcəyi təqdirdə, daha da aktivləşəcək.

Gözəl xanım həbsdə qalacağı təqdirdə, heç kim həbsdən qorxmayacaq, həbsdən yayınmağa çalışmayacaq. Gözəl xanım həbs olunarsa, həbs edilmək məhrumiyyət kimi deyil, Gözəl xanım həbsdəykən azadlıqda qalmanın əzabından qurtarmaq kimi gələcək bizlərə. Rejim isə bu səhvi axıra qədər davam etsə, xalqın gözündən daha da düşəcək. Beynəlxalq təzyiqlər, hətta sanksiyalar yenidən aktuallaşacaq. Xalq bunların bir şərəfli xanımın mübarizəsindən çəkinəcək qədər qorxaq və zəif olduğunu da görəcək. İslahatçı kimi təqdim etmək istədikləri 1-ci vitse-prezidentlərinin də diktatura tərəfdarı olduğu tam olaraq təsdiqlənəcək. Bütün bunlar sizə lazımdır?

***

G.Bayramlının çantasına ona məxsus olmayan nəsə qoyaraq, onu saxlayıblar. Bu barədə bu dəqiqələrdə AXCP sədri Əli Kərimli məlumat yayıb. Ə.Kərimlini də G.Bayramlının özü məlumatlandırıb.

AXCP sədri yazır:

İndicə müavinim Gözəl Bayramlı zəng etmişdi. Gözəl xanım xeyli müddətdir ki, Gürcüstanda müalicə olunurdu. Gürcüstandan müalicənin növbəti mərhələsindən qayıdan zaman Qazax gömrük məntəqəsində Gözəl xanımın çantasına nəsə atıb, (hələ nə olduğu bilinmir) onu saxlayıblar. Hakimiyyətə müraciət edirəm: Mübarizəni kişi kimi aparın, heç olmasa, qadın siyasətçiyə qarşı bu namərdliyi etməyin. Bütün qırmızı xətləri keçməyin! Unutmayın ki, bir gün bütün bunlara görə cavab vermək də var!

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button