Gözüyaşlı deputat

Natiq Güləhmədoğlu

“Lider”in infeksion törəməsi Etibar Hüseynov…

“Lider”in infeksion törəməsi Etibar Hüseynovun Əbülfəz Elçibəyin vəfatına görə ağladığını yazmışdım. Etibarın Elçibəy üçün göz yaşı tökdüyünü ovcumun içini iyləyərək bilməmişdim, adam bu haqda 2000-ci ildə köşə yazıb, onu oxuyub yadımda saxlamışdım.

Elçibəy Əliyevçi hakimiyyətin gözü götürmədiyi bir şəxsiyyətdir. Ona bu gün, dünən, aşkar və ya gizli rəğbət bəsləyən insan heç vaxt hakim düşərgədə ayağını ayağının üstünə aşırıb, rahat ola bilməz. Elçibəyçi keçmiş bu cür adamlar üçün daim diskomfort mənbəyidir.

Buna görə təsadüfi deyil ki, fazilqəzənfəroğlu kimilər əllərinə düşən hər fürsətdə keçmişini yamanlayır, geridə qalan günlərin ağır məsuliyyətindən azad olmağa çalışırlar…

Belə bir şəraitdə Elçibəylə bağlı yazısının ictimailəşməsi Hüseynovu çox qayğılandırıb. Indi o, AXCP liderinə axıtdığı göz yaşını ört-basdır etmək üçün özü haqda məzlum obrazı yaradır. Son bir həftədə onun mətbuatda çıxışlarına baxıram. Adamın demək istədiyi ən böyük fikir bundan ibarətdir: “Ey hakimiyyətdəki ağalarım, siz o yazıma baxmayın. Düzdür, mən Elçibəy üçün ağlamışam. Amma ağlamaq bir növ mənim vərdişimdir. Gözümün yaşının dayandığı vaxt oldu ki…”
Zarafat eləmirəm, mən Etibarın dilindən nələr və kimlər üçün ağladığını eşidəndə bu qərara gəldim.

O deyir ki, tək Elçibəy deyil, elə Cövhər Dudayev, Çingiz Mustafayev, Tereza ana, Bəxtiyar Vahabzadə, Yuri Nikulin, Şahzadə Diana, Bənazir Bhutto, Heydər Əliyev vəfat edəndə də ağlayıb. Milli Qəhrəman Mübariz Ibrahimovun meyiti vətənə gətirilib dəfn olunanda da hönkürüb.

Aysel və Araş “Eurovision”da üçüncü yeri tutanda, Elnur Məmmədli Olimpiya çempionu olanda, Ilham Əliyev əlini Konstitusiyaya qoyub and içəndə də o, göz yaşlarına hakimlik edə bilməyib…

Göründüyü kimi, adamın günü ağlaşmayla keçir. Yeni dövrün Etibarı olmaq üçün sinov gedənlər bu məqama diqqət yetirsə, pis olmaz. Etibara gəldikdə isə, ağlasın, nə deyirəm… Ondan deputat düzəldilən gün də bütün xalq ağlamışdı. Eyb etməz, bir az da o ağlasa, gözünün qarası getməz.

Ancaq görən, o bilirmi ki, ağlamalı günləri hələ qabaqdadı?

Eynulla Fətullayev

Eynulla Fətullayevin biabırçılıqla yekunlaşan daha bir məhkəməsi haqda Şahvələd Çobanoğlunun təsirli köşəsi oldu. Şahvələd bəy Eynullanın məhkəməsinin kolxoz iclasları kimi “yolaverdi yekunlaşdığını” yazıb. Ustad bunu, böyük ehtimalla prosesi aparan hakim Mirpaşa Hüseynovun keçmişindən xəbərsiz yazıb. Ancaq dərin müşahidəsi onu aldatmayıb. Mirpaşa müəllim uzaq keçmişdə Sabirabadın “Işıqlı Azərbaycan” kolxozunda hüquqşünas işləyib. Görünür, o, ilkin peşə vərdişlərinə hələ də sədaqətini qoruya bilib. Kolxozda isə o, indiki şövqlə şərin qulluqçusu olmayıb. Illər onu karyera pilləkənində nə qədər irəli aparıbsa da, haqdan, ədalətdən, insanlıqdan da bir o qədər gerilədib. Onun uzaq keçmişdən yolu Azərbaycan məhkəmələrinə qədər uzanmasaydı, bəlkə biz hələ də şər-xətadan uzaq, ədalətli, zəhmətsevər bir Mirpaşa müəllimi tanıyırdıq…

Eynullanın acı bağırsaq kimi uzanan məhkəmələrindən ayrıca bir məqalə yazmaq fikrindəydim. Gecə, onun Allah bilir neçənci məhkəmə prosesi haqda (2007-ci il) bir reportajı oxudum. Düşündüm ki, heç birimiz baş verənləri onun özü qədər dəqiq, konkret və qısa formada ifadə edə bilməz. Həmin prosesdə Eynullanın ayağını ayağının üstünə aşırması hakimi qəzəbləndirir və ona məhkəməyə qarşı hörmətsiz davranmağı irad tutulur. Eynulla isə replika ilə belə cavab verir: “Burada məhkəmə gedir ki?! Tamaşadır da… Siz tamaşaya belə oturub baxmırsınız ki?..”
Bu cavabla da neştərini bütün ədliyyə sisteminə sancır…

Bu acı tamaşaların bitməsini istəyirəm.

“Azadlıq” qəzeti, 28 yanvar 2011-ci il

“Xural” qəzeti
il: 9, sayı: 005(413), 06-12 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button