Gülər Əhmədovanın “fiaskosu”

28.01.2012

Çox hörmətli millət vəkili Gülər Əhmədova mətbuata verdiyi müsahibəsində həbs etdirdiyi “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının müdafiəsindən “şikayətlənib”. Xanım deputat deyib ki, Ə.Zeynallının “həbsinin siyasiləşdirilməsinə cəhd fiaskoya uğrayıb”.

Həbs etdirdiyi adamın müdafiəsini düzgün istiqamətə yönəltmək dərəcəsində yüksək əxlaq sahibi olan Gülər xanım bu müdrik sözləri dilə gətirən dəqiqələrdə Azərbaycan uğrunda Beynəlxalq Tərəfdaşlıq Qrupuna (IPGA) üzv olan insan haqları təşkilatları Strasburqa yığışmışdılar ki, Avropa Şurası Parlament Assambleyasının iclaslarında Azərbaycanda söz azadlığının pozulması və siyasi həbslərdən narahatlıqlarını ifadə etsinlər. IPGA-nın “siyasi sifarişlə” həbs olunanlar siyahısının başında isə “deputatın heç bir əsası olmayan iddiaları əsasında rüşvət tələb etmə ittihamıyla həbs olunan ”Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının” adı gəlir.
Budur fiasko?
Bu bəyanatı bilirsinizmi kimlər imzalayıb? “ARTICLE 19″, Jurnalistlərin Müdafiə Komitəsi, ”Human Rights Watch”, Norveç Helsinski Komitəsi, Beynəlxalq Pen Klub, “Sərhədsiz Repartyorlar” Təşkilatı… Yəni, dünyanın ən nüfuzlu beynəlxalq insan haqları birlikləri.
Budur fiasko?
Əvəz Zeynallının həbsi ilə bağlı Preventiv Təhqiqat Qrupunun apardığı bir aylıq araşdırma və hazırladıqları hesabat çox yüksək səviyyədə dəyərləndirilib və hazırda əsas istinad olunan sənədlərdən biri sayılır.
Belə “fiasko” olur?
Fiasko odur ki, dövlət aparatı bütün inzibati-repressiv imkanlarından maksimal istifadə ilə azad sözə qarşı hücuma keçir, Əvəz Zeynallını həbs edir, amma 3 aydı ha əlləşir, bir tutarlı dəlil tapıb ortaya qoya bilmir. O qədər aciz durum yaranır ki, hətta həftəlik “ASI” qəzetinin çapını dayandırmaq üçün mətbələrə qeyri-rəsmi göstəriş verilir.
Fiasko odur ki, müstəntiq əlində olan “yeganə dəlili” “birdən ”Youtube” saytına yerləşdirərsiniz, biabır olarıq” “əsaslandırması” ilə qarşı tərəfə verməkdən imtina edir. “Youtube” saytında Əvəz Zeynallının hədə-qorxu ilə rüşvət istəməsi faktını əks etdirən səs yazısı yayılacaqsa, kim biabır olacaq? Əvəz Zeynallı, yoxsa Gülər Əhmədova? Əvəz Zeynallı biabır olacaqsa və sizin ədalətli mövqeyiniz görünəcəksə, niyə ittihamları öz üstünüzdən qaldırıb, baş redaktoru biabır etmirsiniz?
Gülər Əhmədovanın məntiqinə diqqət edin: “Hüquqdan başı çıxan insanlar bilirlər ki, bu adamlar (müdafiəçilər) yanlış yoldadırlar”.
“Hüquqdan başı çıxanlar” ayrı zadı bilir, Gülər xanım! Bilirlər ki, hədə-qorxu ilə pul istəyən rüşvətxoru iş başında, cinayəti törədərkən yaxalayırlar. Yəni, Əvəz Zeynallının istədiyi rüşvət ona təqdim olunarkən hüquq-mühafizə orqanlarının əməkdaşları içəri girə və onu qandallayıb damlaya bilərdilər. Bu olardı “hüquqdan başı çıxmaq”. Ancaq “hüquqdan başı çıxmamaq”, allahsız və ədalətsiz olmaq, dünyanı özünə güldürmək, fiaskoya uğramaq üçün adamı bir ərizə və qarşı tərəfin eşidilməyən səs yazısı ilə həbs edirlər. Ki, Azərbaycan hakimiyyəti də ənənəsinə sadiq qalaraq, “əcəb eləyirəm” məntiqi ilə bu biabırçılığı törədib.
Bütün bunlardan sonra “Əvəz Zeynallı konkret fakt əsasında saxlanılıb” fikrini bildirməkdən məntiqsiz heç nə ola bilməz. Hanı fakt?
Mən tam səmimi olaraq deputat Gülər Əhmədovaya üz tuturam: Hörmətli Gülər xanım, həmin səs yazısını açıqlayın, əgər orda Əvəz Zeynallının sizə hədə-qorxu gəlməsi ilə bağlı bircə həyasız sözünü, çirkin tələbini, sizdən rüşvət istəməsini eşitsəm, inanın, nəinki müdafiədən çəkiləcəyəm, bütün varlığımla onun 15 il həbs olunmasına çalışacaq, əleyhinə kampaniya aparanların başında olacağam.
Allaha and olsun ki, edəcəyəm və siz bunu görəcəksiniz!
Amma indiki halda, inanıram ki, siz sifariş icraçısı kimi büsbütün siyasi fiaskoya uğradığınızın fərqindəsiniz və ona görə də hansısa formada reallığı deyil, ümidlərinizi dilə gətirirsiniz. Sifariş müəlliflərinin nəsə əldə edəcəyinə olan ümidiniz isə “fakt” deyil, ümiddir!
Ümidə isə çox da ümid etməyin, Qənimət Zahid demişkən, “dünyada Ümiddən ləzzətli şey yoxdu, onu da Azərbaycanda Iqbal Ağazadə basıb yeyir”.

“Azadlıq” qəzeti

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button