Gülər Əhmədovanın İqdır çıxarması

Kərbəlayı İsmayılın qəbri ziyarət olunub

Beynəlxalq Diaspora Mərkəzinin (BDM) təşəbbüsü ilə Qərbi Azərbaycanlıların deportasiyasının 22-ci ildönümü münasibətilə bir qrup ziyalımız dekabrın 11-15-I arası Türkiyənin İğdır şəhərində səfərdə olub. Nümayəndə heyətinə deputat Gülər Əhmədova və BDM sədri İsmayıl Ağayev başçılıq edib. Dekabrın 11-də avtomobil karvanı ilə Naxçıvana keçən, oradan da Dilucu sərhəd məntəqəsindən İğdıra daxil olan nümayəndə heyəti İğdır şəhər rəhbərliyi tərəfindən qarşılanıb. Nümayəndə heyəti xüsusi polis müşayiəti ilə şəhərə daxil olub və qonaqlar üçün nəzərdə tutulan “İmparator” otelinə yerləşdirilib. Nümayəndə heyəti dekabrın 12-də səhər saat 11.00 radələrində ömrünü mühacirətdə keçirən və sovet imperiyasının hər cür zülmü ilə qarşılaşan Kərbəlayi İsmayılın qəbirüstü abidəsini ziyarət edib. Ziyarətə qatılanlar sırasında qəbiristanlığın yerləşdiyi Taşburun bələdiyyə başqanı Nəsib Aksu, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının İğdır şəhər təşkilatının sədri Cahit Erol, Azərbaycan konsulluğunun İğdır nümayəndəsi Rafiq Rüstəmov, Kərbəlayı İsmayılın yaxın qohumları və yerli əhalinin nümayəndələri iştirak ediblər. İsmayıl Ağayev və Gülər Əhmədova məzar üzərində çıxış ediblər. Onlar Türkiyə-Azərbaycan münasibətlərinin inkişaf tempindən, bü münasibətlərin qurulmasında Heydər Əliyevin oynadığı roldan danışıblar. Nümayəndə heyətinin üzvlərindən ədəbiyyat fəlsəfə elmləri doktoru, BDM-in Qarabağ Məsələləri üzrə Departament rəhbəri, şair Ənvər Əhməd, fəlsəfə doktoru, BDM-in Qərbi Azərbaycan Departament rəhbəri Əziz Ələkbərli, şairə-publisist, BDM-in Mədəniyyət Departamentinin rəhbəri Nəsibə İsrafilqızı, siyasi elmlər doktoru, BDM sədrinin müşaviri Cümşüd Nuriyev, Vedibasar mahalının ağsaqqalı Hacı Ağamir Ağa, bədii qiraət ustası Yavər Cəbrayılov və digərləri çıxış ediblər. Ziyarətin sonunda Taşburun bələdiyyəsinin sədri Nəsib Aksuya, Kərbəlayı İsmayılın qardaşı oğlu Məhəmmədin oğlu Məhərrəmə Azərbaycandan gətirilən müxtəlif hədiyyələr təqdim edilib. Əziz Ələkbərli Fərman Kərimlinin Ankarada nəşr olunan “Karlı Aşırım” kitabını Kərbəlayı İsmayılın qohumlarına hədiyyə edib. Şairə Nəsibə İsrafilqızının Abbasqulu bəy Şadlinskiyə həsr etdiyi “Abbasqulu bəy Şadlinski” tarixi mənzum romanı da Taşburun bələdiyyə sədrinə hədiyyə olunub.

Nümayəndə heyəti Əlican sərhəd məntəqəsində…

Ziyarətin sonunda ötən əsrin əvvəllərində Türkiyəyə köç edən Bəhlul Kərgablının məzarı da ziyarət olunub. Kərbəlayı İsmayılın qəbirüstü abidəsinin ziyarətindən sonra Azərbaycandan gələn nümayəndə heyəti İğdırın Əlican bölgəsində yerləşən Əlican sərhəd keçid məntəqəsində yollanıb. Avtomobil karvanı ilə sərhəddə gələn nümayəndə heyətinin bu istəyi təəssüf ki, reallaşmayıb. Birinci dərəcədə hərbi bölgə olduğu üçün hərbi komandan nümayəndə heyətini keçid məntəqəsinə buraxmayıb. Hərbi komandanlıq bildirib ki, əvvəllər sərhəd keçid məntəqəsini ziyarət etmək mümkün olub, ancaq Türkiyə və Ermənistan arasında bağlanan protokollardan sonra bu, mümkün deyil, Türkiyə hökuməti də buna sərt reaksiya verir. Çünki ermənilər gələnlərin fotolarını çəkir və bu barədə yazırlar. Gülər Əhmədova və İsmayıl Ağayev sərhəd bölgəsində Ermənistana mesajlar veriblər. Gülər Əhmədova erməni ziyalılarına müraciət edib ki, axan qanın durdurulması üçün onlar da hərəkətə keçsinlər. İsmayıl Ağayev isə sərt bəyanatlar səsləndirib. Xatirə şəkilləri çəkdirən nümayəndə heyəti Əlican sərhəd keçid məntəqəsindən birbaşa ermənilər tərəfindən qətlə yetirilən şəhid türklərin Anıt Muzeyinə gəlib. Nümayəndə heyəti burada şəhid olan türk diplomatlar və ermənilərin törətdiyi toplu qətliamlar haqqında geniş sənədlərlə tanış olub. Azərbaycan nümayəndə heyəti günün sonunda İğdır valisi tərəfindən qəbul edilib. Həm də Heydər Əliyevin vəfatı gününə rast gələn bu gündə vali onun xatirəsinə ehsan verib. İğdırın Polis Evində həyata keçirilən bu tədbirdə çıxış edən İğdır valisi Türkiyə-Azərbaycan münasibətlərində Heydər Əliyevin oynadığı roldan danışıb. Görüşlər silsiləsi dekabrın 15-dək davam edib.

Atatürkün və Heydər Əliyevin məzarlarına gül qoyulub…

İqdıra səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti şəhərin mərkəzində, Valilik binasının qarşısında yerləşən Atatürkün abidəsinə çələng qoyub. Bundan sonra İqdırın ən görkəmli yerində ucaldılan və Heydər Əliyevin xatirəsinə salınan park-abidəni də ziyarət edən nümayəndə heyəti Türkiyə və Azərbaycan himnlərinin müşayiəti ilə ziyarətlərini bitiriblər. Xatırladaq ki, İqdır valisi Amir Çiçəkin hərarətlə qarşıladığı, İqdır polis idarəsi əməkdaşlarının daim müşayiət etdiyi heyət demək olar ki, bütün qarşılanma törənlərində rəsmi qəbul görüb. İqdır bələdiyyəsinin bütünlüklə PKK tərəfdarlarının əlinə keçməsi sayəsində bələdiyyə çalışanları ilə görüşlər alınmasa da, digər bütün qurumlarda Azərbaycandan gələn nümayəndə heyətini səmimi və istiqanlılıqla qarşılayıblar.

Heydər Əliyev Fən Liseyi və İqdır Universitetində görüş

Görüşlər çərçivəsində İqdırda yeni açılan İqdır Fən Liseyi və İqdır Universiteti də olub. Hər iki təhsil qurumunda nümayəndə heyətinin faydalı görüşləri və söhbətləri baş tutub. Xüsusilə, İqdır Fən Liseyində şagirdlərlə nümayəndə heyətinin və onun başçısı Gülər Əhmədovanın arasında maraqlı söhbətlər gedib. İsrarla şagirdlərin nəyə ehtiyaclarının olduğunu soruşan Gülər xanıma iqdırlı şagirdlər yeni tikilən məktəb binasında pianinoya, bilgisayarlara və akkardiona ehtiyac olduğunu söylədilər. Bunun qarşılığında Gülər Əhmədova konkret vəd verdi: «Ən yaxın zamanda məktəbinizə Azərbaycandan pianino, bilgisayarlar və akkardion gələcək.» Müəllim heyətinin və uşaqların sərbəst olması və fikirlərini azad şəkildə söyləməsi nümayəndə heyətində dərin izlər buxardı. Məktəbdə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında film göstərildi və onun haqqında xatirələrdən söz açıldı.

Maraqlıdır ki, iqdırlı əhali arasında Heydər Əliyev Fən Liseyini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tikdirdiyinə aid rəylərə rast gəlsək də, bu xəbərin doğru olmadığını öyrəndik. Həqiqətən də Mehriban Əliyeva məktəb tikdirsəydi, onun bütün avadanlıqlarını da verərdi. Daha iqdırlı gənclər bizim nümayəndə heyətinə buna görə ağız açmazdılar.

Konfranslar keçirilib, dünya ictimaiyyətinə və ölkə prezidentlərinə müraciət qəbul olunub

Deputat Gülər Əhmədovanın başçılıq etdiyi nümayəndə heyətinin İqdır çıxarmasında yadda qalan əsas məqam Qərbi Azərbaycandan deportasiya olunan soydaşlarımızın problemləri ilə bağlı konfransların keçirilməsi və Türkiyə və Azərbaycan dövlət başçılarına müraciət qəbul olunması idi. Bu konfranslarda Türkiyənin müxtəlif siyasi partiyalarının və İqdırda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirdi. Elə onların imzaladığı müraciət də ölkə başçılarına göndərildi. Maraqlı məqam odur ki, indiyə qədər Türkiyəyə səfər edən müxtəlif təşkilatlar yalnız bir-iki qurumla görüşər və geri qayıdardı. Amma bu dəfəki görüş fərqli oldu və burada 10-a qədər siyasi partiyanın təmsilçiləri və 20-dən çox qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak etdilər. Biz sənədin özünü çap etmək istəsək də, nümayəndə heyətinin rəhbərliyi onu bizə verməkdən imtina etdi. Amma son illərin Azərbaycan QHT-lərinin tarixində unikal və uğurlu olan bu hadisə həm də Azərbaycanın beynəlxalq imicinə xidmət edir.

Qərbi Azərbaycanda Muxtariyyət tələb olundu!

Gizli saxlanılan və çox təəssüf ki, mətbuata verilməyən İqdır bəyannaməsində maraqlı məqamlar var. Orada son 200 ildir başımıza gətirilən müsibətlər sadalanır və sonda dünya ictimaiyyətindən tələblər irəli sürülür. Bunların içərisində ermənilərin Türkiyəyə ərazi iddialarının irəli sürülməsinin rədd olunması, ermənilərin Ağrı dağını dövlət atributlarının sırasından çıxarması, Ermənistanın deportasiya etdiyi soydaşlarımıza təzminat ödəməsi və nəhayət, Ermənistan tərkibində muxtariyyat yaradılmasına imkan tanıması kimi tələblər yer alır. İqdır bəyannaməsi son illərdə Azərbaycan QHT-lərinin iştirakı ilə qəbul olunan ən ciddi sənədlərdən biridir və bu uğur deputat Gülər Əhmədovanın rəhbərlik etdiyi nümayəndə heyətinin xanəsinə yazılmalıdır.

«Xural» da heyətdə təmsil olunurdu…

Qəzetimizin baş redaktoru Əvəz Zeynallı və köşə yazarımız Nurəddin Xoca da İqdır səfərində təmsil olunurdular. Bu səbəblə Əvəz Zeynallının və Nurəddin Xocanın İqdırda məxsusi görüşləri və müsahibləri olub. Xatırladaq ki, Nurəddin Xoca Türkiyə milliyyətçilərinin arasında xüsusi hörmətə və şöhrətə malikdir. Biz bunu bütün səfər boyu gördük və hiss elədik.

Həm Kərbəlayi İsmayılın qardaşı oğlu Məhəmməddən, həm Bəhlul Kərgablının nəvəsindən götürdüyümüz müsahibələri gələn saylarımızda təqdim edəcəyik. Ayrıca, Milliyyətçi Hərəkat Partiyasının İqdır şəhər təşkilatının sədri Cahid Əroldan götürülən iri və önəmli müsahibə «Xural» Oxucularına təqdim olunacaq. Əvəz Zeynallı və Nurəddin Xoca son illər İqdırda türklərin məğlub duruma düşməsinin əsas səbəbkarı olan keçmiş İqdır bələdiyyə sədri Nurəddin Arasla bağlı maraqlı məlumatlar əldə ediblər. «Xural» rəhbərliyi Nurəddin Arasın İqdırda tikdirdiyi milyon dollarlıq villanın görüntülürəni əldə edə bilib və Nurəddin Arasla bağlı bəzi gizlin məqamları ortaya çıxarıb. Geniş reportajda Əvəz Zeynallı həm də yol təəssüratlarını yazacaq və Oxucuların diqqətinə gələn sayımızdan bu yazılar təqdim olunacaq.

XuralTAC

Bakı-Naxçıvan-İqdır-Naxçıvan-Bakı

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button