Gülər Əhmədovanın növbəti “revanş”ı

El Sevər

Cəmiyyətin “Gülər lətifələri”nə ehtiyacı var

Dünəndən «Mərkəz» informasiya agentliyinin «Şok, şok, şok» deyə az qala bağırmaq dərəcəsində nə deyəcəyini gözləməyə səbrim çatmadı. Səhərin alatoranında «kiosk»a yaxınlaşıb, «bir «Mərkəz» ver» dedim. Satıcı təəcüblə, «Vallah, ilk adamsan ki, məndən «Mərkəz» istəyirsən» deyib, əlini qəzet toplusunun ən aşağı qatına saldı, yarı büzüşmüş, yarı qat kəsmiş «Mərkəz» çıxarıb, qarşısındakı taxtaya tozunu çırpa-çırpa mənə uzatdı. Bir anda «kiosk»ün içini bürüyən tozdan bir neçə dəfə həpşirib, qızarıb-bozarandan sonra «rəhmətliyin oğlu, qəzet tapmırsan oxumağa?» deyəndə özümü gülməkdən saxlaya bilmədim.

Səhəri belə açdım. Dayanacaqda tələm-tələsik bu «şok» xəbərin nədən ibarət olacağına dair hansısa bir məqama rast gəlmək ümidilə yazıya göz gəzdirdim. Allah səni heç güldürməsin, adam. Səhər tezdən satıcının «hırı» məni necə tutmuşdusa, bu dəfə də gözüm yaşarana qədər güldüm. Budur, bunların şok açıqlamaları?
Avtobusda bir daha «Mərkəz»in istinad etdiyi «Xural»dakı yazını gözdən keçirdim. Burada şok olası nə var ki? Zatən Əvəz bəy, tutdurulan gündən Gülər Əhmədovanın «məni təhdid edib, materiallar dərc etməmək üçün məndən rüşvət istəyib» kimi iddialarını təkzib edib. Belə bir şeyin olmadığını dəfələrlə mətbuat səhifələrindən də açıqlayıb. İndi bu nədir? Əvəz bəyin dedikləri öz təsdiqini bir daha tapmırmı? Prezident Aparatının rəhbəri Ramiz Mehdiyevin əli ilə «marinet» kimi oyuna atılan Gülər Əhmədovanın bir daha yalan danışdığı öz əli ilə sübuta yetirilmirmi? Daha bu qadın nə istəyirmiş? İki dayanacaq da gedə-gedə fikirləşib, «Xural»dakı yazının nə məqsədlə yenidən mətbuata çıxarılmasını təhlil etdim – mən vallah hakimiyyətin adamlarını nədənsə ağıllı bilirdim, son günlər mətbuatdakı açıqlamaları ilə Gülər bu kriteriyarı da pozdu – birdən Əvəz Zeynallının Gülərə cavabı yadıma düşdü. Orada belə bir məqam var idi ki, «Mətbuat da, cəmiyyət də məni yaxşı tanıyır və bilirlər ki, mən heç bir zaman insanların şəxsi həyatı ilə bağlı material dərc etməmişəm. Buna xüsusi marağım da olmayıb. Olsaydı, Gülər Əhmədova ilə birgə qatıldığım xarici səfərlərdən birində, 40 nəfərə yaxın heyət üzvlərinin gözlərinin qarşısında törətdiyi biabırçılıqların fotoşəkillərini çəkmək haqda aldığım çox ciddi təklifə sərt təpki göstərməzdim. Belə çıxır ki, mənim hər şeydən çox dəyər verdiyim şeylərə Gülər Əhmədovanın özü dəyər vermir.» Həəə… İndi anladım ki, bu sözünə etiraz olaraq Gülər həmin yazını yenidən mətbuata çıxarıb. Yəni baxın, «Xural»da məni necə tərifləyiblər». Türklər demiş, e…he…. Axı, Əvəz bəyin özü yazır ki, mənim insanların şəxsi həyatı ilə bağlı material dərc etməkdə marağım olmayıb, olsaydı, Gülərin şəxsi həyatı ilə bağlı 40 nəfərin gözü qarşısında etdiyi biabırçılıqlardan yazardım.» Amma yazmayıb. Hətta bu açıqlamasında belə insanlarda Gülərin hansı biabırçılıqlar törətməsilə bağlı maraq oyansa da, Əvəz bəy, yenə ailə dəyərlərinə söykənərək, tam olaraq bu açıqlamanı verməyib. Sağ olsun. Əsl Türk kişisidir. Amma mənim üçün də, onun üçün də, bunun üçün də maraqlıdır axı. Özü də həmin məşhur İqdır səfərinə tək Əvəz bəy qatılmayıb ki, bu «sirri» tək o bilsin. Deməli bunu bilən başqa adamlar da var da… O baxımdan sayta yerləşdirilmiş şəkillərə göz gəzdirib, tanış üz aramağa başladım və nə yaxşı ki, də tapdım. Tənbəllik etməyib, saçına-başına hörmət etdiyim o adama zəng vurdum ki, bəs İqdırda nümayəndə heyətinin bildiyi, bizim bilmədiyimiz nə baş verib? Sualı ona tam izah etdim. Adam deyəsən, bir az da hürkdü: «Sən Allah, məni bu məsələyə qatmayın. Bu yaşımda məni də şərləyər, qalan ömrümü türmələrdə keçirməyə halımmı var?» desə də, adını gizli saxlayacağım vədini alandan sonra, «Sən Allah, mənim adım olmasın. Gecə mehmanxanada Azərbaycanda tanınan bir QHT-çi ilə nələr etdiyini hamımız gördük. Amma nəyimizə lazım. Özü bilər. Mən onu millət vəkili seçməmişəm ki? Kim seçib, namusunu da o çəksin» dedi. Sağ olsun, bütün detallarına qədər mənə də danışdı, bir şərtlə ki, bunu mətbuata çıxarmayacam. Ona verdiyim vədə əməl etdiyimdən və Əvəz bəyin sadiq qaldığı dəyərlərə mən də tabe olduğumdan bunları oxucularıma bütün çılpaqlığı ilə çatdırmağı lazım bilmədim. Özüm bildim, kifayət edər. Deməli, məsələ bunda imiş. Gülər də Əvəz bəyi az-çox tanıyır və bilir ki, üstünə nə qədər getsə də, dəyərləri olan bir insan olduğundan gördüklərini belə açıqlamayacaq. Amma mətbuatda «mən ailəmin namusunu qorudum» iddiaları görünür Əvəz bəyi o qədər hiddətləndirib ki, həmin səfərdən xırda bir detalı Gülərə xatırlatmalı olub. İndi guya bu «ana və millət vəkili» olan qadın özünü sığortalamaq üçün Əvəz bəyin «Xural»da yerləşdirdiyi həmin yazını insanların diqqətinə çəkir ki, “baxın, görün məni o vaxt necə tərifləyib. İndi isə belə deyir». Belə yerdə deyirlər, «ağlına keçə yamayım». Yenə təkrar edirəm – Burada nə var ki? Əvəz bəy jurnalist kimi Naxçıvana, Gəncəyə, Türkiyəyə və sairə yerlərə etdiyi səfərlərdən məlumat xarakterli yazılar dərc etdirir. İqdır səfəri də onun bu yöndə təqdim etdiyi yazılardan biridir. Təbii ki, orada Əvəz Zeynallı Gülər Əhmədovanın və BDM sədri İsmayıl Ağayevin millətimiz üçün etdiyi çabalara da diqqət göstərməli idi. Göstərib də, bəzi məqqamlarda onlara birgə iş fəaliyyətlərinə görə az qala minnətdarlığını bildirib. Amma o yazıda nə qədər arasam da, Gülər Əhmədovanın iddia etdiyi kimi «şəxsi həyatı» ilə bağlı xırda da olsa, bir məqama rast gəlmədim. Əgər Əvəz bəy həqiqətən də Gülərin iddia etdiyi kimi onun şəxsi həyatı ilə bağlı qəzetində material dərc etdirmək istəsəydi, ən azı bu «minnətdarlıq» tonuna diqqət yetirərdi. Yetirməyib, çünki başqa bir məqsədi də olmayb.
P.S. Nəsə, bu günüm gülməklə başladı da… Əvəz bəy də tezlikdə bu böhtanlardan qurtarsın və Allah qapısını açsın, hamımızın üzü gülsün. Amma düzünü desəm, böyük hörmət etdiyim xalq yaradıcılığına xüsusi qatqısı olan «Gülər bayatıları»ndan sonra da «Gülər lətifələri»nin yaranacağına heç şübhə etmirəm. Mənim qədər ciddi adam bunun bütün açıqlamalarına bu qədər ürəkdən gülürsə, deməli onun lətifələrinə cəmiyyətdə böyük ehtiyac var.

İqdır səfərində

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button