Gülər Əhmədova Ayxan Məmmədova növbəti dəfə cavab verdi

04.01.2013

“16 ildir millətin yolunda can qoyan birinin – mənim üstümdən bir günün içində xətt çəkdiniz”


“O, indi oturub anasına “Yasin” oxutdurmalıdır; məsləhət görürəm ki, istintaqa verdiyi ilk ifadələrini yadına salsın”

G.Əhmədova isə günlərdir “Yeni Müsavat”a qoyduğu embarqonu 4 yanvarda aradan qaldırdı və müxbirimizlə söhbətində səmimi açıqlamalar verdi. Sabiq deputat söhbətə “sizdən (medianı nəzərdə tutaraq-red.) incimişəm” deyərək başladı: “Media mənim təqsirsizlik prezumpsiyamı ciddi şəkildə pozub. Başıma haqsız bir iş gəldiyi halda konstitusion hüququmu da pozdular. Sizin qəzet 1 ay 4 gün məni manşetdən düşürmədi. 16 ildir millətin yolunda can qoyan birinin – mənim üstümdən bir günün içində xətt çəkdiniz. Necə olur ki, 20 ildir tələbələrin qanını soran Elşad Abdullayev haqda “hörmətli Elşad Abdullayev” yazırsınız, amma mənim haqqımda “dələduzluqda ittiham olunan Gülər Əhmədova?”

Üç dönəm deputatlıq etdiyini xatırladan G.Əhmədova bu günə qədər bu xalq üçün xeyli iş gördüyünü də vurğuladı. Onun sözlərinə görə, “dostları” mediada ona xoş üz göstərib, bu məqamda arxadan zərbə vuranları da görüb: “Sosial şəbəkədə adımdan nələr yazdılar. Sizsə ona inanıb xəbər düzəltdiniz. Bu, nə hüquq, nə insanlıq çərçivəsinə sığırdı”.

A.Məmmədovun dedikləri ilə bağlı şərh vermək istəmədiyini vurğulayan G.Əhmədova “ölməsək, sağ qalsaq, hər şey üzə çıxacaq” dedi: “Həyat burda bitmir ki. Ayxanın yarası təzədir. Ana itkisi ağırdır. Onu bu ağrı danışdırır. Təcrübəsiz uşaqdır. Əvvəldən deyirəm, təmkinli olsun. Vaxtı gələndə hamı hər şeyi biləcək”.

S.Babayevanın Türkiyəyə göndərilməsi, G.Əhmədovanın adamlarının onu mühafizə etməsi, həyat yoldaşının ona orada pul verməsi ilə bağlı iddialara gəlincə isə sabiq deputat bunları da təkzib etdi: “O uşaq çox nağıllar danışır. Cavandır, beyni də fantaziyalarla doludur. O, indi oturub anasına “Yasin” oxutdurmalıdır. Ona məsləhət görürəm ki, istintaqa verdiyi ilk ifadələrini yadına salsın”.

G.Əhmədovaya S.Babayeva tərəfindən yazılan məktubun istintaqda olduğunu xatırlatdıq. O isə buna cavab olaraq “Sevincin məktubu varsa, qoy oğlu çap etsin. Heç nədən narahat deyiləm” dedi.

Sabiq deputat “həbsinizə hazırlıq getməsi, Ayxan Məmmədovun da bu səbəbdən belə açıqlamalar verməsi ilə bağlı məlumat var” rəyimizə isə belə cavab verdi: “Dünyada hamı həbs oluna bilər. Siyasətdə olan adamam, siyasətin hər üzünü görmüşəm. Bunu da faciə kimi qəbul etmirəm. Hamıdan qabaq istintaqa yardım üçün mandatımdan imtina etdim. Zaman gələcək, sizin kimi jurnalistlər yazacaq ki, ilk dəfə bir deputat istintaqa yardım üçün öz mandatından imtina etdi”.

Sabiq deputata E.Sultanovun açıqlamasına əsasən üzərində ev dustaqlığı olmadığını xatırlatdıqda isə dedi ki, bu, onun üçün yenilikdir: “Deməli, mən düzgün başa düşməmişəm”. (musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button