Gülər Əhmədova Sevinc Babayeva ilə hansı pul haqq-hesabından danışdı?


4518.06.2013

Yeni videoda Sevinc Babayeva ilə Gülər Əhmədova arasında ilginc pul haqq-hesabı

Əsədulla Qurbanov Elşad Abdullayevə “qardaşını məndən istə” deyir.

Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsindən “Azadlıq.TV”yə iki videolent təqdim edilib. Həmin videolarda Bakı Dövlət Universitetinin professoru Hacı Əsədulla Qurbanov və mərhum Sevinc Babayeva ilə ABU-nun rektoru Elşad Abdullayev arasındakı söhbətlər öz əksini tapıb.

 İki video – hər ikisi ixtisarla

Videoda Hacı Əsədulla E. Abdullayevə bildirir ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Mahir Abdullayevin tapılması üçün bir neçə qrup yaradıb. Həmin qruplar M.Abdullayevin işi ilə bağlı Rusiya, Almaniya, Fransa və başqa ölkələrə ezam olunublar. Ə.Qurbanov onu da qeyd edir ki, təhqiqatda xeyli uğur əldə edilib və M. Abdullayevin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, E. Abdullayevin bildirdiyinə görə, Hacı Əsədullanın oğlu MTN-də çalışır və informasiyalar onun vasitəsilə rektora çatdırılıb. Əvvəlki videoda MTN-in Fikrət adlı əməkdaşı bildirir ki, M. Abdullayev İlqar Səfixanov adlı şəxslə 2 günlük Türkiyəyə gedib qayıdıb.
Sevinc Babayeva ilə E.Abdullayevin arasında gedən danışıqda isə M. Abdullayevin geri qaytarılması üçün G. Əhmədova 500 min manat tələb edib. Daha sonra M. Abdullayevi yüksək vəzifəyə gətirmək üçün əlavə 500 min manat tələb edir. E. Abdullayev isə əlavə pulu olmadığını bildirir. Söhbət zamanı S. Babayeva telefonla G. Əhmədova ilə danışaraq E. Abdullayevin əlavə pulu olmadığını bildirir.
Əlavə edək ki, videolentlər komitəyə E. Abdulayev tərəfindən təqdim edilib. E. Abdullayev hər iki videolentin davamını yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyini bildirib. Komitə eyni zamanda bəyan edir ki, videolentlər Baş Prokurorluğa da göndəriləcək.

“Gülər Əhmədova pulgirdir”

İlk videoda yenə hadisələr E.Abdullayevin kabinetində cərəyan edir. S.Babayeva cidd-cəhdlə Gülər Əhmədovaya zəng edir, E.Abdullayev isə onun qarasına “dəhşətdir bu” deyir. S.Babayeva bu yerdə sabiq deputat haqqında “o, pulgirdir” söyləyir. Məlum olur ki, hələ pul haqq-hesabı tam yekunlaşmayıb, dəqiqləşmə aparılmalıdır. E.Abdullayev S.Babayevadan “Sevinc, sən bunlarla necə danışmışdın” deyə soruşur. S.Babayeva isə elə ilk gündən dəqiqləşdirdikləri məbləğ üzərində qaldıqlarını bildirir.
E.Abdullayev: Elə ona görə də axırı belə oldu da.
S.Babayeva: Vallah, belə danışmışdım. Deyir, mənlik heç nə yoxdur. İstəyirsən, Süleymana (söhbət mandat alveri edən başqa şəxsdən gedir-red.) de, sənə döşəsin.
E.Abdullayev: Bəs demədin ki, mən gedib camaatla belə danışmışam?
S.Babayeva: Mən dedim ki, sən mənə 500 (500 min dollardan söhbət gedir- S.T.) dedin, camaat da gətirib 500-ü qoydu ortaya. Deyir, “mən sənə qələt eləmişəm elə demişəmsə. 1 (1 milyon dollar-S.T.) demişəm mən sənə. Bəli, əvvəl mənə elə demişdilər, sonra dedilər, get 1 gətir.
Bu yerdə S.Babayeva israrla G.Əhmədovanın telefonuna zəng edir, amma sonuncu dəstəyi götürmür. S.Babayeva bu zaman nömrənin görünməməsi üçün E.Abdullayevin kabinetindəki xüsusi şəhər telefonundan zəng edir. Bu yerdə G.Əhmədova onun səsini eşidən kimi dəstəyi yerinə qoyur. Həm E.Abdullayev, həm də S.Babayeva qəzəblənirlər.

“Gülər deyir, deputatlıqdan mənə pul çatmasa, gəlib oranı dağıdaram”

E.Abdullayev: Bu nə cür adamdır axı?
S.Babayeva: Mənə deyib ki, tez qurtar gəl bu işi. Sən nə cür adamsan? Deyir, mən səninçün avara-zadam? (Bir neçə dəqiqə öz telefonu ilə G.Əhmədovaya zəng etsə də, qarşı tərəf cavab vermir) Yox, bu telefonu götürməyəcək, qorxur. Ona görə gizli nömrədən zəng elədim, yenə xeyri olmadı.
E.Abdullayev: Bura bax, bu adam 500-lə (500 min dollar) düzəldə bilirsə, düzəltsin. Yox, düzəldə bilmirsə, biz gedib işimizi görək də.
Bir neçə dəfəki cəhddən sonra S.Babayeva E.Abdullayevin başqa bir nömrəsindən G.Əhmədovaya zəng edir, bu dəfə sabiq deputat zəngə cavab verir.
S.Babayeva: Niyə götürmürsən telefonu? Hə, yaxşı, bunlar 5 dənəni (500 min dolları nəzərdə tutur- işarə ilə danışırlar-S.T.) tapa bilmirlər, nə edəcəyik? Yox e, qardaşı üçün lazım olan 5 dənə hazırdır, o biri 5 dənəni tapa bilmirlər. İndi neyləyək? Yox, tapa bilmir. Pis gündədirlər, borc-xərc ediblər, tapa bilmirlər. İndi o düzələcək, əsas budu. (G.Əhmədova ilə danışığını yekunlaşdırandan sonra üzünü E.Abdullayevə tutur) Bu quldur özünə götürür. Deyir, versin, sonra. Görürsən quldur nə deyir? Bəs Süleymanı öyrətmisən içəridən, 1 istətdirir? Bunlar məni öldürüblər e. Gedir, gəlir, beyninə bir şey gəlir. İndi mənə bilirsən nə deyir? Deyir, deputatlıqdan mənə heç nə çatmayıb e.
E.Abdullayev: Bəyəm deputatlıqdan keçmişəm ki?
S.Babayeva: Hə, deyir, gəlib partladaram oranı əgər mənə heç nə verməsə. (guya hirsindən gülür) Məni bunların arasına niyə atdın? Bütün aparat məni tanıyır e uje. İndi neynim mən yazıq?
E.Abdullayev: İndi nə qərara gəldiz?
S.Babayeva: Heç nə. Deyir 5-i götür gəl.

“Mahiri axtarmaq üçün bir neçə ölkəyə briqada göndərilib”

Video bu yerdə kəsilir. Amma komitədən bunun davamının da yayımlanacağı bildirilib. İkinci video isə Ə.Qurbanovla E.Abdullayev arasındakı söhbəti əks etdirir. Sabiq rektor Ə.Qurbanova zarafatla bildirir ki, onu intizarda saxlamaqla əslində öldürüb. “Ölsün bizi istəməyənlər” deyə ona cavab verən ağsaqqal daha sonra vurğulayır ki, qardaşının tapılması üçün yazdığı ərizə əsasında bir neçə qrup yaradılıb və həmin qruplar Almaniya, Fransa, Rusiyaya bəzi briqadalar gedib gəlir: “Axırıncı variant belə olub ki, xeyli şeyi müəyyənləşdiriblər. Siz hüquqşünassınız, daha yaxşı bilərsiz. Eləsi var, kriminaldır. Eləsi var, siyasidir. Eləsi var, elə-belədir. Müxtəlif variantlar var. İndi Fikrət tez qayıdıb gəlib, onlar isə orda çox qalıblar. Xeyli şeylər müəyyənləşdiriblər. Amma mənə detalları ilə çox şeyi demirlər. Onların da vəzifəsi odur ki, deməsinlər. Bircə onu dedi ki, uğurlu gediş olub, uğurlu nəticələr də olacaqdır. Mən konkret soruşdum ki, mənim qardaşımın qardaşı necədir? Dedi, ona bircə şey deyə bilərsiz ki, narahat olmasın”.

Ayxan Məmmədov: “Hər video anamın günahsızlığını göstərir”

Kiçik hissəsi yayımlansa da, bu videoların davamı E.Abdullayev tərəfindən işıq üzünə çıxdıqca, biz də onları sizinlə paylaşacağıq. Amma S.Babayevanın ölümündən aylar keçsə də, onun iştirakı ilə yeni videoların yayımlanması davam edir. Maraqlıdır, ailəsi bu barədə nə düşünür?
S.Babayevanın oğlu Ayxan Məmmədov bizə açıqlamasında bildirdi ki, nəyin bahasına olursa-olsun, anasının ölümü ilə bağlı işin açılmasını istəyir. Müsahibimizin fikrincə, yayılan hər bir video isə anasının mandat alverindəki rolunu, onun G.Əhmədovanın təhriki ilə bu işə qoşulduğunu göstərir: “Anamı ilk gündən bu işə qoşan Gülər Əhmədova olub. Anamı da, Elşad Abdullayevi də aldadıb. Bu videoların üzə çıxması isə hər dəfə anamın günahsızlığını, Gülərin isə bu işdə əsas fiqur olduğunu göstərir”.
Əsədulla Qurbanov: “Elşad Abdullayevin yaydıqları uydurma və xam xəyalların məhsuludur”
“Yeni Müsavat” yayılan bu video ilə bağlı Ə.Qurbanovla da danışıb. Ə.Qurbanov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, özünün də iştirakçısı olduğu, yeni yayılan video ilə bağlı məlumatsızdır. Müsahibimiz sözügedən video ilə tanış olandan sonra bu barədə danışacağını dedi: “Onu bilirəm ki, təkcə mənlə bağlı yox, başqa məsələlər də uydurma və xam xəyalların məhsuludur”.
Müsahibimizdən videoda haqqında danışdığı briqadaların M.Abdullayevi axtarmaq üçün bir neçə ölkəyə getməsini də soruşduq. “Onlar mənim ifadələrim deyil” deyən Ə.Qurbanov səsinin və görüntüsünün oxşadığını xatırladanda isə “qoy mən video ilə tanış olum, sonra sizinlə danışaram” dedi. E.Abdullayevlə tanışlığı, onunla M.Abdullayevlə bağlı nə zaman danışmasına gəlincə, Ə.Qurbanovun cavabı gözlədiyimiz kimi oldu: “Onunla nə vaxtsa danışmağım yadımda deyil. Video ilə tanış olandan sonra danışarıq”.

http://www.musavat.com/new/G%C3%BCnd%C9%99m/154772-El%C5%9Fad_Abdullayevin_videosunda_BDU_professoru_da_g%C3%B6r%C3%BCnd%C3%BC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button