Gülər Əhmədovanın deputatlıq maaşı hara getdi?

05.10.2012

“Deputat madatından imtina edəndən sonra onun yalnız imtiyazı qalır”

Bu sözləri Modern.az saytına açıqlamasında hüquqşunas, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri  Əliməmməd Nuriyev deyib. O qeyd edib ki, “Deputatın statusu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara uyğun olaraq, deputat mandatından imtina edən şəxs təqaüd yaşına çatanda fəaliyyətdə olan millət vəkilinin əmək haqqının 80 faizi qədər pensiya almaq hüququna malikdir.

“Bizdə sabiq deputatlara bundan savayı imtiyaz verilmir. Ancaq dünyanın bir çox ölkələrində sabiq deputatla bağlı bir çox imtiyazlar var”.

Ə.Nuriyev həmçinin qeyd edib ki, şəxs deputat mandatından imtina edirsə o, sabiq deputatlara verilən müavinətdən istifadə edə bilməz.

Qanunla səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində qanunvericiliklə müəyyənləşdirilmiş qaydada müavinət alır. Amma bu, Gülər Əhmədovaya aid deyil.

“Əgər özü istefa verirsə, bununla bağlı deputat mandatından məhrum edilirsə, həmin şəxsin müavinət almaq hüququ yoxdur”.

Hüquqşunas deyib ki, millət vəkilinin deputat mandatı ləğv edildikdən sonra həmin şəxsin yerinə yeni seçkilər Seçki Məcəlləsinin müvafiq maddəsinə əsasən keçirilir. Əgər deputat özü istefa verirsə və istefa ərizəsi nəticəsində deputat mandatından məhrum olursa, onda Mərkəzi Seçki Komissiyasının qərarından sonra bir ay müddətində Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq, boş qalmış deputat mandatı ilə əlaqədar seçkilər təyin olunur.

“Deputat mandatının boş qalmasından sonra bir ay müddətində Seçki Məcəlləsinin müvafiq  maddəsi ilə müəyyənləşdirilmiş qaydada birmandatlı seçki dairəsi üzrə təkrar seçki təyin edilir. Boş qalmış deputat yerinə təkrar seçkilər keçirildikdə, mandatdan imtina edən keçmiş deputat namizəd kimi çıxış edə bilməz. Seçkinin təyin olunması da Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə olur. Çünki Milli Məclisə seçkiləri təyin etmə hüququ Prezidentə məxsusdur”.

Qeyd edək ki, dünən Mərkəzi Seçki Komissiyası 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Gülər Əhmədovanın deputat mandatını onun öz müraciəti əsasında ləğv edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button