Gülər Əhmədovanın şər-xətaları özünə necə qayıtdı?

05.03.2013 

İndi Sizə təqdim etdiyimiz müsahibə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsindən cəmi 18 gün sonra onu saxta ittihamlarlarla həbs etdirən Gülər Əhmədovanın “Yeni Müsavat” qəzetinə verdiyi müsahibəsidir.  O zaman G.Əhmədova deputat, YAP-ın üzvü və bir sıra dövlət vəzifələrini daşıyan “önəmli” fiqurlardan biri idi. Hazırda o AR CM-nin 178-ci – Dələduzluq və 307-ci maddəsilə ittiham olunaraq, azadlıqdan məhrum edilib və Ə.Zeynallının saxlanıldığı Bakı İstintaq Təcridxanasına yerləşdirib.

Oxucularımıza təqdim etdiyimiz bu müsahibədə G.Əhmədova israrla bildirir ki, “Ona (red – Ə.Zeynallıya)başa salmışdım ki, məndə bu yazılar (lent yazıları-red.) var və özünü doğru-dürüst aparmasa, mən müvafiq qurumlara müraciət edəcəyəm.” Hüquqşünaslar tək bu ifadədən kimin kimi şantaj etdiyini dəqiq şərh edə bilərlər. Ortada rüşvəti təsdiq etməyən “dəlil” uydurulub, özü də bu “dəlil” baş redaktorun iş otağında, yəni onun məkanında icazəsiz aparılan səsyazısına əsaslanır. O zaman Azərbaycan Konstitusiyasının 32-ci maddəsinin 3-cü bəndi yada belə düşmürdü. Həmin bənddə göstərilir: qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və etirazına baxmadan izlənə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu kimi hərəkətlərə məruz qala bilməz…”. G.Əhmədovanın bu hərəkəti qanunsuz olsa da, “saxtalaşdırılaraq qanuni” hala salındı. İndi eyni durumla G.Əhmədovanın özü üz-üzə qalıb. Keçmiş ABU-nun rektoru E.Abdullayev yenə öz ofisində, öz təhlükəsizliyini təmin etmək üçün aldığı videogörüntü G.Əhmədova tərəfindən “qanunsuz və montaj” hesab olunmağa başlayıb, nədənsə… Birinci halda G.Əhmədova bir baş redaktorun redaksiyasına məqsədli şəkildə gələrək, ona rüşvət təklif edir (Məhkəmə prosesi zamanı həmin lent yazısı dinlənildi və məlum oldu ki, Ə.Zeynallı deyil, G.Əhmədova israrla ona rüşvət təklif edir. Bu hərəkət AR CM-nin 312-ci maddəsilə cinayət məsuliyyəti yaradır. Yəni ortada rüşvəti təsdiq edəcək bir dəlil belə yoxdur.). İkinci halda da G.Əhmədova eyni hədə və təhdidlə Universitet rektorunun iş otağına hücum çəkərək, ondan rüşvət tələb edir, ortada real olaraq rüşvət faktını təsdiq edəcək ifadələr işlədilir. Görüntü və səsyazısında GƏhmədova ona 1 milyon dollardan artıq 500 minin çatdığını öz dili ilə təsdiqləyir. Lakin hər iki halda, hər iki tərəf  G.Əhmədovanın “baxışlarına” görə, cinayətdir və qarşı tərəf cəzalandırılmalıdır. O zaman Gülər Əhmədovanın hərəkətlərinin hüquqi anlayışı varmı? Onun hərəkətləri qanunla necə dəyərləndirilməlidir?

16 noyabr 2011-ci ildə “Yeni Musavat” qəzetində dərc olunan bu müsahibədə də maraqlı məqamlar çoxdur. Onu olduğu kimi oxucuların diqqətinə çatdırmaqla, əslində “Xural” qəzetinin baş redaktoru Ə.Zeynllının həbsinin nə qədər sifarişli olduğunu və bu oyunda əsas rolu G.Əhmədovanın oynadığını görmək o qədər də çətin deyil.

16.11.2011 [9:38]
Son xəbər

“MƏN AİLƏMİ QORUMUŞAM”

Gülər Əhmədova: “Ona başa salmaq istəyirdim ki, məndə bu yazı var, sakit otur”
“Rauf Arifoğlundan hər iki tərəfə doğru söz deyə biləcək adam kimi xahiş etdim”

13322 dəfə baxılıb

“Xural” qəzetinin baş redaktorunun həbsindən keçən günlər ərzində iddiaçı tərəf olan Milli Məclisin YAP-çı deputatı Gülər Əhmədova ilə danışmaq, məsələlərə aydınlıq gətirmək mümkün olmamışdı. Dünən parlamentdə deputatla görüşüb baş redaktorun həbsi ətrafında ortaya çıxmış bir sıra suallara nəhayət ki, cavab ala bildik. 

– Gülər xanım, Əvəz Zeynallının həbsindən sonra ortaya çıxan suallara aydınlıq gətirəcəyiniz gözlənilsə də, sükutunuz çox uzun çəkdi. Bu barədə nə deyə bilərsiniz?

– Hazırda istintaq gedir. Mənim susqunluğum heç kəsdə elə təsəvvür yaratmasın ki, deməyə sözüm yoxdur. Deməyə kifayət qədər sözüm var. Çox adamın ağlına gəlməyən deyəcəyim və açıqlayacağım çox ciddi məqamlar var. Sadəcə mən öz məsuliyyətimi dərk edən insanam. Mən istintaqa verdiyim sözü tutaraq bir çox məsələləri bu gün danışa bilmirəm. Hər halda məni mətbuatda da, ictimai həyatda da az-çox tanıyırlar. Çox gözəl bilirlər ki, mən nə vaxt nə demişəmsə, onun arxasında durmağı bacarmışam və əmin olmadığım işlərin də arxasınca heç vaxt getmirəm. O baxımdan mənim susqunluğumu kimlərsə qorxaqlıq və yaxud başqa hansısa səbəblə əlaqələndirməsin.

– Bu məsələdə “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlunun adının hallandırılmasına sizin izahınız necədir? Düzdür, baş redaktor öz tərəfindən mətbuatda məsələyə aydınlıq gətirib, ancaq sizin arqumentləri də bilmək istərdik.

– Mən o qədər də ağılsız adam deyiləm ki, müxalifət qəzetinin baş yazarına telefon açım və onun vasitəsilə atdığım addımı istintaq işi ilə bağlı məsələyə qatım. Həmin məsələlər artıq yazılmışdı da (Əvəz Zeynallının səsini yazdırmasını nəzərdə tutur-red.), mən o adamla (Ə.Zeynallı-red.) 40 dəfə danışmışdım da. Ona da başa salmışdım ki, məndə bu yazılar (lent yazıları-red.) var və özünü doğru-dürüst aparmasa, mən müvafiq qurumlara müraciət edəcəyəm. Ona görə də o, sakitləşmişdi. Ancaq daha sonra mən gördüm ki, o mövzuda olmasa da, digər mövzularda – kim “Xural”ı açıb baxsa, görəcək – şəxsiyyətimə bağlı məsələlər, adımın dırnaq arasında verilməsi kimi məsələlərdə davam edir . Mən bununla bağlı Rauf bəyə zəng etdim ki, xahiş edirəm ona deyin mənim telefonuma cavab versin. Çünki bizim artıq onunla razılaşmamız var idi. Rauf bəyin telefon danışığının yazılması məsələsinə qətiyyən dəxli yoxdur. İstintaq gedəndən sonra hamı məhkəmədə hər şeyi görəcək ki, bu səs nə vaxt yazılıb, zəng nə vaxt olub.

– Əvəz Zeynallı ilə telefon danışığının yazılması ideyası hardan gəldi?

– O adamın şantajlarının qarşısını almaq üçün mən yazdım, dedim ki, bax. Ona başa salmaq istəyirdim ki, məndə bu yazı var, sakit otur! Ancaq ondan sonra bu adam bir də başladı. Ambisiyaları onu rahat buraxmırdı ki, yox, necə ola bilər ki, mən bu qədər adamdan bu qədər pulları ala bilim, Gülər Əhmədovadan…Mən artıq o zaman Rauf bəyə müraciət etdim. Mən Rauf bəydən ona görə müxalifət mətbuatının tanınmış yazarı kimi xahiş etdim ki, görsün ki, mən o adama zəng vururam. Yəni hüquq mühafizə orqanlarına müraciət etməmişdən qabaq insan kimi hətta müxalifət qəzetinin baş redaktorundan xahiş edirəm ki, ona deyin mənim telefonumu qaldırsın. Yəni mən insanlığımı sona kimi elədim. Bu gün desəydim ki, ona dəfələrlə zəng vurmuşam, telefonumu götürməyib və ondan sonra hüquq mühafizə orqanlarına müraciət etmişəm, çox adam mənə inanmazdı, deyərdi zəng etməyib, birbaşa qaçıb ora.

– Əgər problem var idisə nəyə görə dərhal deyil, bu qədər müddət keçəndən sonra hüquq mühafizə orqanlarına müraciət etdiniz?

– Mən bu işin sülhlə həll olunmasının tərəfdarı idim. Kimsə də başa düşmürsə, bir daha qeyd etmək istəyirəm ki, mən sülh tərəfdarı olduğum və onun (Ə.Zeynallının-red.) ilkin razılaşmanı pozduğunu yadına salmaq üçün Rauf Arifoğlundan xahiş etdim ki, ona desin telefonu götürsün. Yoxsa mənimlə onun arasında həmin yazıların yazılmasına şərait yaradan özünün çox yaxın dostları var idi. Mən indi onların adını çəkmək istəmirəm. Rauf Arifoğlundan hər iki tərəfə doğru söz deyə biləcək adam kimi xahiş etdim. Mən zəng etməyi özümə əskiklik bilmədim. Sülh tərəfdarı olduğum üçün dönə-dönə xahiş etdim ki, deyin telefonu götürsün. Əslində mən onunla bağlı atacağım addımı bir az qabaq ata bilərdim. Amma artıq hər kəs gördü ki, mən onun həbs olunmasını istəmirdim, onun haqq yoluna gəlməsini istəyirdim. Bunun üçün əlimdə olan bütün imkanlardan – bəlkə də lazım olandan artıq şəkildə istifadə etdim.

– Belə başa düşdüm ki, iddianızdan geri çəkilmək niyyətində deyilsiniz.

– Mən niyə geri çəkilməliyəm? Səbəbini kimsə izah edə bilərmi? Mən ailəmi qorumuşam. Bunun yazdığı hər hansı saçma-sapan, fantaziyalı bir şeylərə mənim ailəmdən təpki gələ, ya da bu adam özü cinayət işlədə-işlədə mənim ailəmdən kimsə cinayətkar ola bilərdi. O halda bu adam zərərçəkmiş olacaqdı. Mən onunla danışanda demişəm ki, adam, sən mənə qarşı dayanmasan, mən də dayanmayacağam…

– Bəs, tanınmış deputat olaraq adınızın bir jurnalistin həbsində hallanması sizi narahat etmir ki?

– Qətiyyən. Mən çox adamın cürət eləmədiyi, bilib də susduğu məsələlərdə susmamışam. Bu, mənim siyasi fəaliyyətimdə kifayət qədər, dönə-dönə təkrar olunan bir faktdır. Çox insanlar çox şeyi bilib susublar. Amma mən çox şeyi bilib də, susmamışam. Bunları açıq-açığına parlamentdə və mətbuatda söyləmiş bir adamam. Heç kəs məni indiyə kimi mövqeyimi ortaya qoymamaqda, həqiqətləri danışmamaqda suçlaya biməz. Bu gün də bütün Azərbaycan mətbuatı bunu bilir. Bir çox tanınmış insanlara, vəzifə adamlarına qarşı “Xural” tərəfindən reketlik həyata keçirilmişdi. Amma demək olar ki, hamı susurdu. Onu məhkəməyə verən millət vəkilləri olmuşdu ki, bir nəticə əldə edə bilməmişdilər. Mən başa düşdüm ki, bu, artıq mətbuatın bəlasıdır və mətbuatın bu qara ləkəsini təmizləmək üçün kimsə ayağa durmalıdır. Odur ki, bu addımı atdım. Mənə qarşı bu gün olan təzyiqlərin heç biri məni maraqlandırmır. Çünki mən bilirəm ki, o sözləri deyən adamların çoxu şərəfsiz adamlardır. Azərbaycan çox kiçik bir ölkədir, hamı hər kəsi çox gözəl tanıyır. İkincisi də söyüş söymək zəiflik əlamətidir. Arqumentsiz danışan, söyüş söyən adamlar sadəcə zəifdirlər. Mən zəif adamlarla heç vaxt vuruşmamışam. Arqumenti olan varsa, mənim bu məsələdə haqlı olmadığımı sübut edə biləcək adamlar varsa, gəlsinlər mətbuatda söhbət edək.

Qeyd edək ki, Əvəz Zeynallı oktyabrın 28-də həbs edilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb. Jurnalistin deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istədiyi qeyd olunur. Sonra daha üç nəfər Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət edərək Ə.Zeynallıya rüşvət verdiyini deyib. Həmin şikayətlər əsasında Ə.Zeynallıya qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Nəsimi Rayon Məhkəməsi Ə.Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apelyasiya Məhkəməsi birinci instansiya məhkəmənin qərarını qüvvədə saxlayıb.
Yazıda adı çəkilən Əvəz Zeynallınin vəkili aracılığı ilə məsələyə münasibətini dərc etməyə hazırıq.

Elşad PAŞASOY

http://www.musavat.com/new/Son_xəbər/112219-GÜLƏR_ƏHMƏDOVA_%22YENİ_MÜSAVAT%22A_DANIŞDI

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button