Güllələnmiş Azərbaycanın Atatürkü – Əvəz Zeynallı -42

Teylor Fətişoğlu

Qəribə təzadlarla dolu dünyanın qonağıyıq. Qara dumanlı, qara tumanlı ANS-in əttökən, şit səsi ilə türməni zəbt etmiş aparıcı Mətanətin normal adamda qıcıq oyadan «bənzərsiz» səsi ilə nursuz səhərləri onsuz da buradakı insanların taleyi kimi qap-qara axşamlara qovuşdura-qovuşdura dəyirman daşı kimi ağır, mənasız günləri təsbeh dənələri kimi zamanın sapına düzürük.
İndiyədək mənə xoş gəlməyən, boz, ilin sonunun çatdığının göstəricisi olan dekabr ayında ürəyimdə ilıq hisslər oyadan, məni həyata bağlayan cəmi üç hadisəyə görə bu bomboz aya bir az ilıq yanaşmışam. Dördüncü ilıq yanaşma da ilin musiqi alətinə son akkordu vuran dekabr ayına məndə həbsxanada yarand. Bakı İstintaq Təcridxanasının 7 – ci korpusunun 24 saylı kamerasında (hansı ki, bu kamera türmədə «qanuni oğru»ların evi sayılır. Təcridxana istifadəyə veriləndən buranın sakinləri – rəhmətlik, cənnətməkan, oğru Masallı Mamed, adı, nüfuzu tək MDB-də deyil, bütün dünyada məşhur olan Rövşən Lənkəranski bir müddət sakin olduqlarından «oğrunun evi» anlamını daşıyır) bir qaldığım, günlərimizi zamanın təsbehin bir düzdüyümüz, güllələnmiş məmləkətin azad söz, fikir məhbusu Əvəz Zeynallını, bir can dostu, əbədi qardaş kimi kəşf eləyəndən sonra boz dekabra bir az da isindim. Əvvəllər canımın içi, ürəyimin başı oğlum Ayxanın doğum gününün təsadüfi ilə mənə özünü bir az sevdirmiş 8 dekabrdan başlayan, mənə dünyalar qədər əziz olan bir dostumun şirin-şəkər qızının 24 dekabra, həmin dostumun ilin son gecəsinə – 31 dekabra ünvanlanmış doğumunu əks etdirən tarixlərə bir yenisi də əlavə olunaraq, dekabr ayının qəlbimdə şah taxtını qurdu.
Həmin tarix – 16 dekabr Güllələnmiş Azərbaycanın Atatürkü, dəyərli Əvəz Zeynallının doğum günüdür. Əvəz Zeynallının xarakterini cəmi bir cümlə ilə açmaqla, onun həbsinin səbəbi və bu həbsin izahı öz-özünə verilir. Təpədən dırnağadək türkçü, gündüzlər türkçülük şərqiləri oxuyub gecənin qaranlığında qanımıza yerikləyən yadqafalı, yadnəfəslilərdən millətin ürəyinə, kürəyinə iti xəncər kimi saplanan zəhərli təlimatlar, özü də qucaq, cid dolusu paraları olan «milli başabəlalarımızdan» fərqli olaraq ağlı-qaralı dünyaya göz açdığı Ağbulaq kəndinin bulaqları kimi saf, dumduru, körpə uşaq kimi kövrək, eyni zamanda yetərində kəskin qılınca dönən xarakterə malik 42 yaşlı qos-qoca Əvəz Zeynallı.
Bu millətin ancaq bütövlüyünə baş qoymuş, qəbul elədiyi əzəmətli «türkəm» kəlməsinə, türkün bayrağına anında canıyla-qanıyla fəda olmağa hazır olan, güllələnmiş Azərbaycanın ilk azad və müstəqil mətbuat nümunəsini, Böyük Gələcəyin «Xural»ının qurucusu, sahibi, baş redaktoru Əvəz Zeynallını, can qardaşım olan bu möhtəşəm türk kişisini əzəmətdə, böyüklükdə, dünyalara sığmamaqda yalnız Mustafa Kamal Atatürklə, Heydər Əliyevlə, Əbülfəz Elçibəylə müqayisə etmək olar. Bu sözlər gəlişi, boğazdan yuxarı deyilmiş kəlmələr deyil. İnsan üçün hesablanmış məskənlərdən yalnız qəbirlə müqayisə edilməli olan türmədə belə sözlərə ehtiac olmur. Türmə ən böyük zaman, həyat universitetidir. Burada suyu, duzu, bir qismət tikəni böldüyün insanı, dostu, qardaşı kəşf edib iç dünyana bir ömür həkk edirsən. Və beləcə XX yüzilliyin Böyük Türk Dünyasına bəyan etdiyi qüdrətli dühaların Mustafa Kamal Atatürkün, Heydər Əliyevin, Əbülfəz Elçibəyin müqəddəs sıralarına təpədən-dırnağadək türkçü, son ucu şərəfli, qələbəli, böyük türkçülük səfərinə baş qoymuş Əvəz Zeynallını da qeydsiz-şərtsiz əlavə etmək olar. Əvəz Zeynallı bu şərəfi keçən onilliklərdə qələmi il, əməli ilə haqq edib!
Doğum Günün mübarək!
Güllələnmiş Azərbaycanın Atatürkü Əvəz Zeynallı!
Həbsxana divarları hələ yolun sonu demək deyil, əksinə başlanğıcıdır!
Sənin bu dünyaya verdiyin  iki böyük sərvəti – Selcanxatun Əvəz oğlunu, məsum gözlərində dünyanın «saf»lığını saxlayan Banuçiçəyi bağrıma basıram və onlara, “Atanız qos-qoca Əvəz Zeynallı ilə qürur duyuram!” deyirəm.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button