Gülnaz Qənbərli “Söz Adamı”nda: “Azərbaycanda 850 jurnalist tanımıram”-VİDEO

Jurnalistlərə verilən evlər necə satılır?!

 

Gülnaz Qənbərli: “Jurnalist evləri satılmamalıdır, başqasına bağışlanılmamalıdır, o binada kənar adamlar yaşamamalıdır”

Onun son günlərdə status yazaraq intihar edəcəyini oxuyanda Almaniya ilə Fransanın sərhəddində yerləşən Kehl şəhərində çay içirdim. Donub qaldım. Mən Gülnaz Qənbərlini 20 ildən çoxdur ki, tanıyıram. Mərd, qorxmaz, qətiyyətli, mübariz, etibarlı, ən əsası da iradəli bir xanımdır. Mətbuatın hər zaman üçün pərdəarxası qəhrəmanlarından biri olub. Bir çox ciddi media qurumlarında işləyib və ayrıldığı heç bir yerdən də problemli, qalmaqallı ayrılmayıb. Problemli ayrılmaq, qalmaqallarla yaddaşlarda qalmaq qəbahət deyil, amma Gülnaz elə olmayıb. O, davanı hər zaman öz yerində, öz redaksiyasında, öz iş yoldaşlarının arasında aparıb. Yorulmayıb, usanmayıb, ancaq kənara da çıxarmayıb.

Belə tanıdığım, 20 ildən çoxdur ki, “qardaş” dediyim bu “kişi kimi qadın” nə oldu ki, birdən-birə pessimist notlara üstünlük verdi və həyatdan küsdü? Çox narahat oldum. Dərhal səhifəsinə girib statusunun altından etirazımı yazdım. Dostlara dedim. Və… təbii ki, çox narahatçılıq içində nəticənin müsbətə doğru dəyişəcəyini gözlədim. Mən Gülnazı tanıyıram. O, nə dedisə onu da edər – buna görə qorxdum. Amma onu çox yaxşı tanıdığım üçün bilirdim ki, dostlarının sözünü də eşidər, yanlışdan tez dönər – ona görə də nəticənin yaxşı olacağını gözləyirdim. Şükür, elə də oldu.

Çox az qadınlardan biridir ki, ona “qardaş” deyirəm. Qardaş kimi qızdır Gülnaz. Ağır günlərində yanında olar. Heç çəkilməz. Mənim taleyimin ağır günlərində də elə oldu. İşdə, evdə, həbsxanada hər zaman gəldi, əlindən gələni etdi – yarpaq dolması bükdü gətirdi Ağır Cinayətlər Məhkəməsinin salonlarına. Bunları unutmaq olarmı? Olmaz təbii ki… Amma Azərbaycan mətbuatının durumunu o günə gətirib salıblar ki, artıq heyimiz qalmayıb. Mən Kehl şəhərində Gülnazın intihar anonsunu oxuyanda hiss etdim ki, hamımız çox zəifik və bir-birimizdən elə də fərqimiz yoxdur. Çarəsizik. Kimsəsizik. Dövlətin zor aparatının bütün gücü ilə üstünə gəldiyi yalnız qalan adamlarıq. Narahatçılığımın bir səbəbi də o idi əslində. Gülnaz Qənbərli də bu vəziyyətət düşdüsə, sonuncu akkordlarımız çalınır demək ki.

Hər zaman pozitiv və optimist adam olmuşam. Bilənlər bilir. Amma son zamanlar qəti bir ümidsizlik və pessimist ovqat nə gizlədim, mənə də hakimdir. Bunun tamam başqa səbəbləri də var, amma ictimai motivlər də yox deyil. Bu yaxınlarda mən də “Yoruldum” deyə bir status paylaşmışdım, dostlar imkan vermədilər. 3 dəqiqədən sonra silməli oldum. Cəmiyyətin elə adamları var ki, onlar hər zaman pozitiv görünməli, optimist olmalıdır. Kimin içini özü, çölünü özgəsi yandırır, kimsənin umurunda deyil. Bu cəmiyyət üçün “saman çöpü” rolunu oynayan adamlar var ki, onlar yorulsa, cəmiyyət çökər. Kim nə çəkir, kim niyə yorulur, bunun hesabını çəkmir cəmiyyət – sən sınmamalısan, sən hər zaman öndə və dik olmalısan.

“Söz Adamı” jurnalist çevrələrində birinci – baş redaktor olmayan, amma jurnalistikada külüng çalan həmkarlarımız üçün nəzərdə tutulub. Onlar da danışmalıdır və onlar əslində, hamıdan da yaxşı və olanı danışırlar. Hələ uzun illərdir Azərbaycan mətbuatında bir “baş redaktor kultu”nun olduğunu yazanlar var. Hər zaman onlar, hər zaman onların sözü çatdırılır cəmiyyətə. Düşünürük ki, “Söz Adamı” bu kulta qarşı olmasa da, sözü olan hər kəsin sözünü çatdırmalıdır. Gülnaz Qənbərlini həm də bu baxımdan, dəvət etdik. Və onun çox maraqlı müsahibəsinin şahidi oldum.

Gülnazla jurlnalistikanın niyə belə vəziyyətə düşdüyündən tutmuş jurnalistlərə verilən evlərin sanki qara bazarda satılmasına qədər hər şeydən danışmışıq. Jurnalistlərə verilən birinci binada boş qalan və kirayə verilən evlər haqqında da, uzaq 2001-ci ildə “Millətin Səsi” qəzetində baş verən qalmaqaldan da danışmışıq. Ümid edirəm ki, Gülnaz Qəmbərli ilə bu müsahibə mətbuat çevrələrində ciddi müzakirələrə səbəb olacaq…

Beləliklə, “Söz Adamı” rubrikasında müstəqil jurnalist Gülnaz Qəmbərlidir. O, mediamızın problemlərindən danışır…

Əvəz Zeynallı,

“Söz Adamı”

I hissə

 

Gülnaz Qəmbərli I hissədə deyir ki:

– Senzura götürüldükdən sonra insanlar düşünürdülər ki, jurnalist hər şeyi yaza bilər, jurnalist də düşünürdü ki, kimin ağzından nə çıxdısa, bunu birinci mən yazmalıyam və yazırdılar da

– Məlum oldu ki, Azərbaycan mətbuatının bir problemi var imiş, baş redaktor problemi. Baş redaktorun evi, maşını, bağı, çoxlu işçiləri olmalıdır.

– Düşünürəm ki, Azərbaycanın hazırkı baş redaktorlarının heç biri məni sevmir və sevməzlər də, çünki mən onlarla işləyə bilmirəm, işləyə də bilmərəm…

– Jurnalistlərin əksəriyyətinin KİV haqqında qanundan xəbəri yoxdur – heç baş redaktorların da…

– Bir çoxları var ki, özlərini baş redaktor elan ediblər

– Əslində baş redaktorlar cəmiyyətin güzgüsü olmalıdır, amma mətbuat olmadığı üçün o güzgü də yoxdur

– İndi Azərbaycan mətbuatı şou-biznesin və kriminalın üstündə qurulub

– Sovet dövrünün bir yaxşı ənənəsi vardı…

– Biriləri üçün itirilən mənim üçün qazancdır

– Bəzi adamlar həyatımdan getdiyində peşiman olmuram, bu, mənim qazancımdır

– Pis günlərimi gözəlləşdirməyi qazanmışam

– Qürur duymamışam ki, kimsə məni baş redaktor qoyacaq və ya bir saytım olacaq

– Yaddaqalan bir şeylər yarada bildim, amma sonunda bəlli oldu ki, onlar mənim deyilmiş

– Bütün SSRİ Xalq Artistləri mənim müsahibim olub

– Ağdərənin alınması xəbərini ilk mən vermişəm

– Aprel döyüşlərində bütün dünyaya xəbəri mən verdim, amma qəzet qonorarımı vermədi

– Qalmaqalçılıq haqqını qorumaqdırsa, mən qalmaqalçıyam, mən haqqımı kimsəyə yedirtmərəm, yedirtmədim də

– Heç bir iş yerimdən qalmaqalla getməmişəm

– Vahid Mustafayev dəfələrlə arxamca adamlar göndərdi ki, getməyim

– Mənə bəlkə də Azərbaycan mətbuatında ən böyük dəyəri Vahid Mustafayev verib – hər zaman

– İş yeri ailə kimi olmalıdır, iş yerinin sözünü çölə çıxarmazlar

– Mən ANS-də yeganə jurnalist idim ki, işə gəlməyə, qol çəkməyə bilərdim, çünki mənə güvənirdilər

– Şahvələd Çobanoğlu çox demokrat baş redaktor idi

– Süleyman Məmmədli bizi gecə saat 3-də aparıb evimizə qoyurdu

– Şahbaz Xuduoğlu hər zaman mənə dəyər verirdi

– İrfan Sapmaz mənə jurnalistikanın təməl dəyərlərini öyrətdi. Deyirdi ki, qələmini sındır, amma satma

– Türkiyənin “Hürriyet” qəzetinin “En iyi savaş muhabiri” mükafatını aldım

– ANS-də işləyəndə “Çingiz Mustafayev” adına mükafatı aldım

– Kirayə verməyə pulum olmayanda redaksiyada qaldığım günlər olub

– Evim yoxdur

– Mənə ev verəcəklərindən əmin deyiləm

– Elə şeylər var ki, desəm, aləm bir-birinə dəyər

– Jurnalistlərin əvvəlki binasının mənzillərinin əksəriyyəri kirayə verilib, bir çoxları ümumiyyətlə, o evlərə ayaq qoymur

– Mən bilirəm, kim hansı fırıldaqla dövləti aldadaraq ev alıb

– Ev alınandan sonra evin satılıb pulunun bölünməsi qədər iyrənclik edənlər var

– Prezident evləri təqdim edəndən bir müddət sonra evlər satılacaq və pulu bölünəcək – bu qədər iyrənclikmi olar?!

– Baş redaktor şərt qoyur: Ev alınacaq, 6 ay sonra satılacaq və pulu bölünəcək

– Prezident haradan bilsin ki, mən məkrliyəm, evim var, evi alıram, sonra da satıram və aramızda bölürəm

– 150-dən çox jurnalist siyahıdan çıxarılıb

– Elə ev istəyən jurnalistlər var ki, ən azı 2 evi var

– Jurnalist evləri satılmamalıdır, başqasına bağışlanılmamalıdır, o binada kənar adamlar yaşamamalıdır

– Azərbaycanda 850 jurnalist tanımıram

– Oğlumun təhsil haqqını ödəmək üçün…

– Mən evdə qaranlıqda gəzməyi öyrənmişəm, mən hər yerə piyada getməyi öyrənmişəm

– Mən xərcləri minimuma endirmişəm ki, onları oğlumun təhsil haqqına göndərəcəm

– Mən bütün kapitalımı oğlumun üzərinə qoyuram

– Ev almaq üçün kiməsə yaltaqlana bilmərəm

– Balaca uşaqlar kimi 20 qəpiklikləri bankaya atıram ki, oğlumun hansısa kitabını ala bilim

– 2013-cü ildən bu yana özümə ayaqqabı ala bilməmişdim…

– İndi utanıram ki, o statusu yazdım… O statusu necə yazdığımı xatırlamıram…

– Mən daha güclü olmaqdan bezmişəm

– Bir adam anlamır ki, mənim də haqqımdır normal maaş almaq, mənim də haqqımdır istirahət günlərini normal keçirmək, mənim də haqqımdır bayram günlərində atamın, anamın, həyat yoldaşımın qəbirlərini ziyarət eləmək… Mənim də haqqımdır…

– Həmişə pozitiv görünməyə çalışıram…

 

I hissənin sonu

 

Xural.com

 

Əlaqəli məqalələr

1 şərh

  1. Gozel musahibedir. Bashdan ayaga 2 defe baxdim, hamisinda da agladim.Men hech bu xanimi gileylenen gormedim. Hemishe hamiya yardima qachan gordum. Muxalifet, iqtidar bilmez. Hami da sever onu. Men qurur duydum ki, bele jurnalistlerimiz var. Bildiyim qeder her zaman ogluycun hech bir atanin bacarmadiqlarini etdi. Aprel doyuslerinde Qapanlida partlamamish qradin uzerine yixilmishdi. Amma sesini de cixartmayif. Ushaqlari yaxin da buraxmayib. Onunla birlikde doyush erazisinde olan Zaur Qeriboglu danishib mene. Surunerek chixib. Amma baxin, ne ad isteyir , ne de haray salib ev isteyir. Hormetim var bu qadina.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button