Gültəkin Hacıbəyli YAP hakimiyyətinə od püskürdü

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli ona qarşı qarayaxma və təhdid kampaniyasl aparanlara Facebook səhifəsində cavab verib:

“Mən bunu etmək istəmirdim, amma yapçılar elə yalvarırlar ki, bizi döy)))). Mən heç vaxt YAP-ın və ya başqa partiyanın üzvü olmamışam. 2008-ci ildə Yapçıların xahişi ilə İlham Əliyevin seçki mitinqində çıxış edib onu dəstəkləmişəm. 2008-dən doqquz il ötüb və çox sular axıb, çox ümidlər qırılıb, çox gizlinlər aşkara çıxıb! Parlamentdə olduğum müddətdə də həmişə xalqın sözünü demişəm, həmişə xalqımın haqlarını qorumuşam, rəhbərliklə də konfliktlərim bundan yaranıb. Mənə deyiblər ki, başqa deputatlar kimi susmalısan, camaatı əzsək də, üstündən tankla, BTR-lə keçsək də, sən qarışmamalısan (elə bu cür də deyiblər, bu barədə təfərrüatı ilə yazacağam), əvəzində biz sənin ailənin biznesinə təminat veririk. Mən nəinki imtina etmişəm, mən buna üsyan etmişəm, PA-nı bir-birinə vurmuşam. Mənə deyiblər ki, siyasi məhbusların üzünə dur, imtina etmişəm. Başqaları mənim yerimə bunu edib və deputat seçiliblər. Nəticədə, mən şüurlu şəkildə vəzifəmdən, imkanlarımdan, əlaqələrimdən imtina edib xalqımı dəstəkləmişəm. Bu gün YAP trolları, hətta bəzi küçükləri də (yazdıqları təhqirlər onları belə adlandırmağa əsas verir) korrupsionerlərin, oğruların, əsgərin silahından pul qazananların yanında yox, müxalifətin yanında olduğum üçün mənə satqın deyirlər. Birincisi, mən 7 ildir davamlı, ardıcıl, prinsipial mübarizə aparıram və elə təzyiqlərə dözürəm ki, onlara dözmək hər kişinin hünəri deyil. Məni hətta 9 yaşlı övladımla təhdid ediblər, övladımı əsəb xəstəsi ediblər, amma bir addım da geri çəkilməmişəm. Mənə görə Zakir Qaralov açıq-aşkar cinayət törədib və törətdiyi cinayətə görə mütləq cəzalandırılacaq. O, mənim üzümə qoyduğu adama prokuroluqda vəzifə verib, halbuki onu fərariliyiə və prokurorluq orqanı əməkdaşına yaraşmayan hərəkətlərə görə özü əmrlə işdən qovmuşdu. Başınızı çox ağrıtmayım. Demək istədiyim odur ki, mən şüurlu şəkildə xalqıma görə vəzifəmdən, yüksək imkanlarımdan, ailə biznesimizdən imtina etmiş adamam və müxalifətə qoşulan gündən bir qara qəpik qazanmamışam, qazandıqlarım təqiblər, təzyiqlər, məhrumiyyətlər olub. Fəlsəfə doktoruyam, iki ali təhsilim var, beş dildə danışıram, 21 yaşımdan Universitet müəllimi işləmişəm, amma siyasi mövqeyimə görə məni işlədiyim Universitetdən də uzaqlaşdırdılar. Yeri gəlmişkən, bunun bədəlini də çox baha şəkildə ödəməli olacaqlar. Evimdə oturub başqa keçmiş deputatlar kimi rahat 2700 manat pensiyamı da yeyə bilərdim, amma bunu etməmişəm. Satılan bilirsiniz kimdir?! Müxalifətdə olub sonradan vəzifə, pul, imkanlar naminə xalqına arxa çevirənlər və YAP-a, hakimiyyətin yanına keçənlər. İndi burada tərbiyəsizlik edən yap trollarına deyirəm: gedin başbilənlərinizdən soruşun görün DÖRD siyasi partiya dəyişib sonda vəzifə, pul qazanmaq üçün YAP-a gələn YAP sədrinin müavini kimdir?! YEDDİ siyasi partiya dəyişib sonra YAP-a qoşulan kimi deputat seçilən, varlanan YAP icra katibinin müavini kmdir?! AXC Ali Məclisinin üzvü olub sonra YAP İdarə heyətinin üzvü, Milli Məclisin spikeri olan kimdir?! Mən heç bir siyasi partiyanın üzvü olmamışam, onlar 4, 5, 7 siyasi partiya dəyişblər. Mən müxalifətə keçib olanlarımı da itirmişəm, onlar vəzifə, var-dövlət qazanıblar. İndi deyin görək SATQIN KİMDİR?!))))). YAP trollarının bugünkü kütləvi tərbiyəsizliyi mənə əla ideya verdi. Biz gərək xalqının mənafeyini pula, vəzifəyə satmış Yapçıları cəmiyyətə geniş tanıdaq, onların hər birilə bağlı həftəlik keçirək. Xalq görsün ki, bu hakimiyyət əksəriyyət etibarilə belələrindən ibarətdir. Məncə, lazımlı işdir, necə düşünürsünüz?!

Və sonda. YAP funksionerlərinin biri mənə açıq mətnlə yazb ki, susmasanız sizi də tezliklə Gözəl Bayramlının yanına göndərəcəyik, körpə oğlunuzun arxasınca ağlaya-ağlaya qalacaqsınız. Məni hara göndərəcəklərini bilmirəm, özləri bilər, amma mən artıq YAP funksionerinin bu hədəsini copy edib beynəlxalq təşkilatlara göndərdim”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button