Gültəkin Hacıbəylinin keçmiş əri iddiasından əl çəkib

gultekin25.07.2013

Mahmud Mehdiyev prokuror köməkçisinin qızı olan 2-ci arvadından daha uşaq tələb etmir.

Ziyalılar Forumu Koordinasiya Şurasının üzvü, Milli Şuranın Beynəlxalq Əlaqələr komissiyasının sədri Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin növbəti dəfə məhkəməyə müraciət etməsi haqda məlumat vermişdik.

Redaksiyamıza daxil olan məlumatda M.Mehdiyevin bu dəfə də uşaq davası açdığı, Nərimanov Rayon Məhkəməsində ikinci həyat yoldaşından da övlad tələb etdiyi bildirlirdi. Qeyd olunurdu ki, M.Mehdiyevin Şamaxı rayonunun sabiq prokuroru Füzuli Musayevin qızı olan 2-ci həyat yoldaşına qarşı iddiasına hakim Vüqar Məmmədov baxacaq.
İyulun 25-də Ədliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Aydın Ağazadə “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirib ki, Mahmud Mehdiyevin iddiası baxılmamış saxlanılıb: “İddiaçının təşəbbüsü ilə iddiası baxılmamış saxlanıb. Belə olduqda iş arxivə verilir. Buna baxmayaraq iddiaçı yenidən eyni iddia ilə çıxış edə bilər”.

Xatırladaq ki, M.Mehdiyev G.Hacıbəyliyə qarşı iddiasına Nəsimi Rayon Məhkəməsinin görünməmiş bir sürətlə 2, 3 və 4 iyul tarixlərində baxıb. Hakim Etibar Hümbətov Gültəkin Hacıbəylinin 9 yaşlı oğlu Toğrulun anasından alınaraq 9 ildə üzünü görmədiyi atası M.Mehdiyevə verilməsilə bağlı qətnamə çıxarıb. Xatırladaq ki, bir müddət əvvəl Mahmud Mehdiyev mətbuat konfransı keçirərək Gültəkin Hacıbəylinin əleyhinə bəyanatlar vermişdi. Buna Gültəkin Hacıbəylinin hazırkı siyasi mövqeyinin səbəb olduğu isə heç kimdə şübhə doğurmur.

Nəsimi Rayon Məhkəməsinin absurd qərarının da keçmiş  millət vəkilinin siyasi mövqeyi ilə bağlı olduğu  şübhə doğurmur.

“Azadlıq” qəzeti yazıb ki, bu işlə bağlı məhkəməyə təzyiq o qədər güclü olub ki, hakim vəkilin təqdim etdiyi bütün vəsatətləri nə qəbul, nə rədd etməyərək, baxılmamış saxlayıb. Maraqlıdır ki, Səbayel Rayon İcra Şöbəsindəki icraat üzrə Mahmud Mehdiyevin Toğrulla dörd görüşü olub və bütün görüşlərdə uşağın tələbkarla ünsiyyətdən qəti şəkildə imtinası vəkilin və icra məmurlarının iştirakı ilə aktlaşdırılıb. Görüşlərin uşağın səhhətinə və psixikasına sarsıdıcı zərbə vurması və görüşlərin dərhal dayandırılması haqda psixoloqun rəsmi rəyi də var. Bütün bunlardan və uşağın həftədə bir dəfə görüşdən təkidlə imtina etməsindən sonra, heç bir məhkəmə araşdırması aparmadan Toğrulun onu 9 il ərzində böyüdən, təhsil verən və təmin edən anasından faktiki olaraq alınması haqda qərar verilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button