“Xural”ın arxivindən 11 il əvvəlin yazısı: “Günahkar adam öldü!!!”

Ad günün mübarək, Böyük Dost!

Onun 65 illiyi…

…Son günlər mənə tez-tez deyirdi ki, bu il ad günümü yaxşı keçirərsən. Mən də təxmin edirdim, niyə elə deyir. Cavab verirdim ki, yaxşı, çox yaxşı ad günü keçirəcəyəm. “Yox, gələn ilə saxlama, bu il keçir. Gələn il mən olmayacağam” deyirdi. Bir az əsəbiləşirdim, “nə danışırsan, 65 illiyini də, 70 illiyini də keçirəcəyəm” deyirdim. İsrar edirdi, razılaşırdım. Onun da mənə beli bağlı deyildi. Söz verib, 60 illiyini keçirə bilməmişdim. Mənim imkanlanm nə zaman iddialarımla üst-üstə düşmüşdü ki? Yəqin və təbii ki, bunu Onun özü də bilirdi. Bilirdi ki, düzəlməyən imkanlarım birdən dekabrın 1-də, onun ad günündə, ya da o ərəfədə lap qıtlaşar. Mənim yaşamımı anbaan bilirdi, izləyirdi, ona görə.

60 illiyi ərəfəsində də elə olmuşdu. Gözləntilərim olmamış, özümü yalandan aldadaraq, “65 illiyini daha böyük keçirər” demiş, hələ gələn – 2006-cı ili gözləməkdəydim – mən illərdir insanları “hər şey çox yaxşı olacaq” deyə gözlətmirəmmi zatən?

Günahkar adam…

…Onun mənə ciddi tapşırığı vardı: “Əgər öz maraqlarını millətinin maraqlarından aşağı tutacaqsansa, verdiyim çörəyi sənə halal edirəm, yox, öz maraqlarını millətinin maraqlarından yuxarıda tutacaqsansa, o zaman verdiyim çörək haramın olsun!” Mən bu tapşırığa, Onun – mənim bütün zamanlardakı ən Böyük Adamımın əmrinə sadiq qaldım. Bəzən o da, mən də bilirdik, hiss edirdik nə qədər ağır bir anda sadiq qaldığımızı. Bəzən hətta mənə etiraz edir, qınayırdı, “sənin gələcəyin böyük olacaq, amma mən çətin durumdayam axı” deyirdi. Başqa cür yapa bilmirdim… Məni elə böyütmüşdü. Əmrimi elə vermiş, mayamı elə yoğurmuşdu. Hətta dəli şeytanın buyruğu ilə mənə etiraz etdiyi zamanlardan belə heç 10 dəqiqə keçməzdi ki, “oğul, sən haqlısan” deyə əmrini xatırlayırdı. O da andına, əmrinə sadiqdi. Bütün arzularının, bütün böyük xəyallarının təcəssümü kimi görürdü məni. Bütün həyata keçməyən böyük düşüncələrinin, hələ 1960-cı illərdən, “gözünə mil kimi girən” düşmən gəmilərinin Xəzərdən – mənim millətimin sularından qovulmasını belə mənə əmr edəndə, çox uşaq idim. Mən o zaman belə böyük işlər və belə böyük adamlardan anlamazdım. Sonra, çox sonra azadlığın xəfif rüzgarları ölkəmizin üstündə əsəndə mən onun bağıra-bağıra “azad olacağımızdan”, “ordu quracağımızdan”, “müstəqil Vətəndə yaşayacağımızdan” danışdığını gordüm. Ağlımın yeni kəsən vaxtlarıydı. Ona gülür, “cəbhəçi” deyir, bəzən indi belə yadıma düşəndə əsəbiləşdiyim jestlər edirdilər. Sonra o gülənlər “azadlıq” və “milli ordu”dan danışanda, Onu danışan görmədim…

…Həyat ikimizə də oyun oynamışdı. O, məni “Vətən üçün böyük adam kimi” böyütməyə cəhd etmiş, mən onun normal ağrılarını və dərdlərini həll edə bilməmək girdabında çabalayan halda mövcudlaşmışdım. O, məni, mən də Onu təqib edir, O mənimlə, mən də Onunla qürur duyar olmuşduq. O, oturduğu, durduğu hər yerdə Vətən üçün böyütdüyü “Böyük Oğul’dan, mən hər yerdə hər cür müsbət keyfıyyətlərimi borclu olduğum Böyük Atadan danışar olmuşduq.

…Real imkansızlıqlarmı? Onlar bizi nə zaman tərk etdi ki? Lap cin başıma vurduğu zamanlarda, təntidiyim, bitdiyim, tükəndiyim, yaşamaqdan bezdiyim anlarda da çıxış yolunu yenə Onda, Onun tərbiyə metodunda görürdüm. Qoca Rusiyanın nəhayətsiz çöllərindən qoca Türkiyənin hər qarışına, qoca Azərbaycanın hər künc-bucağına qədər, harada bir problemlə qarşılaşdımsa, o an Ondan xəbər gəldi. Ona hətta “GÜNAHKAR ADAM” dedim bütün bunlara görə.

Seçki dərdi…

…Biz seçkilərə bir yerdə hazırlaşmışdıq. Bir küncdə dərdləşəndə bəzən etiraz edirdi “gərək Gəncədən namizədliyini verməyəydin” deyə. Özünün arqumentləri vardı və mən o arqumentlərin hamısının doğru olduğunu dərk edəndə, O, artıq ömründə ilk və son dəfə olaraq mənə etibarsızlıq edib getmişdi. Görünür, özümü ağıllı bildiyim bütün zamanlarda O, məndən təbii ki, ağıllı və haqlıymış. O, hamını və hər kəsi yaxından və yaxşı tanıyırmış…

…O, həm də mənim seçki qərargahımın rəhbəri idi. Qərargah üçün ofıs axtarırdı. Tərslikdən də mənimlə danışdığı evə gedəndə qiyməti iki dəfə qaldırdıqlarının şahidi olduq. Ağıllı çıxmışdıq. Hamımız etiraz etdik ki, niyə dəqiqləşdirməyibsən. Sən demə, 2005-ci il seçkilərinin ömrümə tarix yazan adamı olaraq, nəticəni əvvəlcədən bilirmiş. Ona görə də xüsusi narahatçılıqlar içərisində xəstələndi.

“Mənim axırım nə olacaq?!”

…Onun bu xəbərini bəlkə də illərlə gözlədim. Mən Onun heç bir zaman mənə etibarsız ola biləcəyini fıkirləşməzdim. Bu ağır və bəd xəbərin zəhmi hər zaman beynimdən keçsə də, mənə elə gəlirdi ki, hələ çox uzun illər çiyin-çiyinə vuruşacağıq. O, mənim dostum idi. Hələ uzaq uşaqlıq illərində, uşaqlar atalarının problemli məsələlərdə üzünü görəndə ürəyi gedən zamanlarda, mən Onunla hətta qadağan olunmuş mövzulardan – qız istəməyimdən danışırdım. Hamının üstümə gəldiyi bir vaxtda canımı dişimə sıxıb məsələnin mahiyyətini ona söyləmiş, O da məni haqlı bilmiş, hətta məni yanına salıb, bəzi “böyük balacalar”la “razborka”ya çıxmışdı. Mənə azadlığı bəs deyənə qədər vermişdi. O qədər vermişdi ki, zamanla artıq mənə özü də heç nə demirdi.

…Ən böyük Oxucum, ən böyük Dostum, ən ciddi və nizam-intizamlı Əməkdaşım, ən sarsılmaz və ən vəfalı Silahdaşım, heç kimlə dərdləşə bilməyəcəyim dərəcədə Dərddaşım idi O, məni hamıya tapşırırdı. Onun məni tapşırdığı adamların sıralarında kimlər yoxdur ki? Hətta bir dəfə uşaqlar bu halı diqqətdən qaçırmamış, “Xural”ın ilk 100-lüyündə yazmışdılar da. Azad, məğrur, təmənnasız, əyilməz, mərd idi O. Hər an, hər saniyə, bir göz qırpmadan döyüşə və cəngə qalxmağa hazırdı. Hətta yaşının bu çağında belə…

…Seçkinin şıdırğı vaxtında, hamımızın Gəncəyə köç etdiyimiz günlərdə xəstələndi. O halında belə görüşlərdən, tədbirlərdən çəkinmirdi. Artıq xəstəlik lap ciddiləşəndə belə hər bir hadisəni soruşur, fıkirlərini deyirdi. Zatən Onun yanlış edə biləcəyini, başqa xəyallara düşə biləcəyini ağlıma belə gətirmirdim. O, dünyanı mənim təbliğatım üçün ayağa qaldırmağa can atırdı, mənə Ondan bir laqeydlik gəlməzdi ki.

…Yoğun iş günlərinin bir anını xatırlayıram. Əlini əlimə alanda, ciddi-ciddi üzümə baxdı və “mənim axırım nə olacaq?” dedi. Deyəsən, o zaman məsələnin nə yerdə olduğunu öyrənməli idim. Çatmadı. Təbii ki, çatsa da, çatmasa da, öz inamımı söylədim Ona: “Çox yaxşı olacaq. Hər şey çox əla olacaq!” Əllərini yana açdı. Bəlkə də “boş-boş danışma” demək istəyirmiş.

…Elə bir adəti vardı Onun. Bir dəfə düz Gəncədən Bakıya qədər ikimiz yol gəldik və maşını mən sürdüm. Sürətlə arası yox idi və Onun yanında heç 90-nı da keçə bilməzdim. Bir az aşağı sürət, bir az yolda çay-may, 7 saatı keçdi. 7 saat durmadan O sual verdi, mən danışdım. Özünün və mənim arzularımı danışdım, nələr necə olunmalıdır ondan danışdım, nələr necə olunacaq ondan da bəhs etdim. Onun sözü olmasın, Qarabağı işğaldan azad etdim, Təbrizə bayraq sancdım, sonra Dərbəndi alıb, Naxçıvanla aranı götürdüm, əməkhaqqlarını 3-5 min dollara qaldırdım və bütün bunları izah etmək üçün nə az, nə çox düz 7 saat vaxt sərf etdim və heç də arqumentsiz danışmadım məncə… Nəhayət, Montində, Heydər Əliyevin obrazı Hüseynin qapısının ağzında maşından düşəndə əlini yelləyib “boş şeylərdən danışdın” dedi. Tutulduğumu görüb, izahat verdi: “Səni də belə bədbəxt elədim”.

Bilirdi. Bu boyda arzuların nəyə mal olunacağını məndən yaxşı bilirdi.

Sənin 64 yaşın…

…Ötənilki ad günündə beləcə də yazmışdım:

“…Mənim Gözəl Atam, nə yaxşı ki, şeytanın ürəyimə girə bildiyi zamanlarda mənə həmdərd, həmqamçı oldun. Nə yaxşı ki, məni bütün yanlışlıqlardan çəkindirib, yaxşı tərbiyə etdin. Sən ona görə mənim böyük Adamımsan, mənim böyük Atam!

Mən hər ilin – Sənin ad gününün olduğu günü bax bu hesabatları vermək üçün, bir az da nisgillə gözləyirəm. Ömrüm gözlərinin qarşısında və mərhəmətinin nəzarətində beləcə ötüb keçir. İndi ha əlləş-vuruş məni bu “dövrün”, bu “zəmanə”nin adamı edə bilməyəcəksən. Heç buna can atdığımı da görmədim zatən. Amma hər ehtimalda Sənə hesabat verirəm.

…Səni təbrik edirəm. 63 yaş nədir ki? Sən hələ Azərbaycanın ən gözəl və ən böyük günlərini görəcəksən!

Etibarsızlıq etmək yox! Sən zatən heç bir zaman etibarsız olmadın ki!

Biz Bakıda – arzularımızın və ideyalarımızın ümid yerində bu Böyük və Şanlı Vətənin hələ çox işlərini beləcə aşıracağıq!

Çiyin-çiyinə!”

Onun Bakı nisgili…

…Bakını xüsusi qeyd etməkdə məqsədim vardı. O, dünyanın bütünündən çox Bakını sevirdi və ömrünün qalan hissəsini burada – arzularımızın və ideyalarımızın ümid yeri olan bu şəhərdə keçimək istəyirdi. Bunun üçün təbii ki, oğul lazım idi ki, evi olsun. Ona görə ümidlə yazırdım ki, qaraladığım bir koma bir-iki ilə artıq hazır olmalıydı. Qızının, oğlu kimi bildiyi, eləcə də olan kürəkəninin evində oğlunun evindəymiş kimi qalsa da, nə O, nə də mən bunun belə olmamalı olduğunu bilirdik. Bəzən ikimiz dərdləşir, bəzən problemlərin ağırlığından hətta ağladığımız olurdu. Bülün bunlarla yanaşı, hər ehtimalda ayağımı bərkitmiş, “Etibarsızlıq etmək yox! Sən zatən heç bir zaman etibarsız olmadın ki!” xəbərdarlığını etmişdim. Yox! Etibarsızmış! Etibarsızmış Mənim Sevimli Atam!

Ölüm xəbəri!

…İlk dəfə idi ölümlə qarşılaşırdım. O, etibarsızlıq etmişdi.

Onsuz da Gəncəyə qayıdacaqdım. Axı biz bütün gücümıizü, bütün enerjimizi son həftəyə saxlamış, Gəncəni fırtına kimi götürməyi son 7 günün öhdəsinə buraxmışdıq. Gör işlərin bu yerində kimdən hansı hərəkətlə qarşılaşdım. Yox, yəqin bilirmiş. Yəqin “Qızıl Kollektiv”in adamlarını öz ölümüylə də sınağa çəkir, onların da “yağını yağ, ayranını ayran” etmək istəyirmiş. Xəbəri alanda anlamışdım zatən Onun bu məqsədini. Gəncədə Ağsaqqalı-Ağbirçəyi-Qibləgahı Səkinəsiylə, qardaşları – Rəşid, Vəkil, Vəzir, Ənvəriylə, illərlə yanında olan, əziyyətini çəkən, mənim vəzifələrimi də yerinə yetirən oğlu Raufuyla, gözünün işığı, evinin Xanımı Şamamasıyla, Ulduzuyla, “Böyük Gələcəyi”n Bamsı Beyrəyi, Xan Turalı, Dədə Siracıyla, onu sevən onlarla yaxınları, dostlarıyla birlikdə, “Qızıl KoIlektiv”in Qızıl Ağsaqqalı Sərdar Əlibəyli, Rəşad Vaqifoğlu, Şövkət Yusifqızı da Onun yanındaydılar. Onların hamısı Ona – burada Vüsalımızın ad günündə bir yerə yığışan dünya qədər əziz qızları Maralından, Alidəsindən, Məlahətindən, bacıları Dilqəmindən, Leylasındaıı, nəvəsi Ayselindən, Selcan Xatunundan, Banu Çiçəyindən, Ay Humayından və təbii ki, məndən etibarlı çıxdılar. Tanrı belə məsləhət bilirmiş! Əmrinin qarşısında dayanmaq çətinmiş! Biz – Hüseyn, Vidadi, Nizami və mən yola düşəndə başqa şeylər haqqında fikirləşirdim: Ölümü öldürmək olarmı?!

Ölümü öldürmək olar!!!

…O, bunu sübut edə bildi. Yaşadığı kimi də köçdü. Ömrü boyu hərəkətdə oldu, kimsənin qarşısında əyilmədi, sınmadı, dediyini dedi, etdiyini etdi. Köçünü də eləcə – kimlə, kimsəylə danışmadan, vəsiyyətləşmədən, vidalaşmadan apardı. Ölümündən yarım saat əvvəl bütün seçkilər haqqında məlumatları aldı, sonra gedib əl-üzünü yudu, hələ bir ətarafa nəzər salıb, “hər tərəf nə yaman işıqlanıb”, – deyərək, yerinə uzandı və Onu gözləyən Əmisinin yanına getdi…  Heç kimin gözləmədiyi anda haqqın dərgahma qovuşdu. Bu, Onun bizim hamımıza, ələlxüsus da mənə etdiyi ilk və son vəfasızlıqdı. Heç gözləmədiyimiz halda…


Ad günün mübarək!..

…Sənin 64 yaşın olur. Baxma, özünün etibarsızlığına. Mən dönən deyiləm. Yanına gələnə qədər də eləcə olacaq. Hər şeydən çox, Sənin kimi yaşamaq, elə Sənin kimi də ölmək istəyirəm. Ayaq üstəcə. Mənə özün kimi yaşamağı öyrətdin, mənə azadlığı bəs deyənə qədər verdin, baxaq görək, Günahkar Adam… görək ölüm məsələsində də Sənə oxşaya biləcəyəmmi?

evez koshe…Hələliksə, uzıvıxlıq” etmədən onu deyim. Səni narahat edən bəzi məqamlarm olduğunu bilirəm. Hamısını yerinə yetirəcəyəm. Bəzilərini yetirməyə başlamışam belə. Bütün arzularını gerçəkləşdirəcək, əməllərini davam etdirəcəyəm. Dostların dostlarım olacaq, düşmənlərin zatən yoxdur, olmadı ki. Mənim də düşmənim olmayacaq, mənim Böyük Adamım. Onsuz da məndə olan bütün yaxşı cəhətlər Sənindir, bütün bu yaxşı cəhətlərə görə Sənə borcluyam. Naqis olaıı nəyim varsa və olacaqsa, onlar bu nanəcib dunyada qazandıqlarımdır, elə olacaq. Sənin heç yanlışın olmadı ki? Sən yaxşılıq etməkdən başqa nə iş gördün ki?

…Məsuliyyətdən ağır məsuliyyətimin fərqindəyəm. Bütün zamanlarda millətimin maraqlarını öz maraqlarımdan üstün tutacağam. Bütün zamanlarda özümün ambisiyalarım olmayacaq. Bütün zamanlarda regionçu olmayacaq, bu millətə xəyanət etməyəcəyəm. Elə bir Azərbaycanın qurulmasında iştirak edəcəyəm ki, bütün Oğullar bütün Ataların arzularını həyata keçirə bilsin, qulluğunda dayana bilsin, Atalar oğullarından “mənim axırım necə olacaq”, – soruşanda Oğullar cavab verə bilsin. Və…

Ən əsası, Böyük Adam, ən əsası hər il beləcə qarşında Hesabat verəcəyəm. İndi də bunu edirəm:

Mənim Sevimli Dostum, mənim əziz İş Yoldaşım, mənim İstəkli Əməkdaşım, mənim Böyük Oxucum, mənim Alovlu Tərəfdaşım, mənim Sarsılmaz Böyüyüm, bütün yaxşı cəhətlərimi borclu olduğum Atam, indinin özündə belə ictimai marağı üstələmədim ki, bu səhifəni sənə ayırmaqla?!

Ad günün mübarək olsun, Böyük Kişi!

İzində yorulmadan bir ömür boyu yürüyəcək  Əvəz Zeynallı

“Xural” qəzeti 48 (162) 27 noyabr-3 dekabr 2005-ci il

Əlaqəli məqalələr

1 şərh

  1. Allah Gözəl müəllimimə qəni-qəni rəhmət eləsin. 4-cüsinifdə sinif rəhbərim olmuşdu. Yadımdadı, vurma cədvəli soruşurdu. Ordan-burdan, yanıltmac soruşardı. Bilməyəni, yanılanı vurmazdı (bəzi müəllimlərdən fərqli). Amma “cəza”sız da buraxmazdı. Cəzası da bu olurdu ki, bilməyən oturub-durmalı idi… Bu kimi xatirə lentləri göz önundən keçdikcə, biz o zaman cəza kimi qəbul etdiyimiz rəhmətliyin gördüyü tədbir sən demə həm də bizlər üçün idman imiş… Demə, müəllimim uşaqlarını təkcə savadlı yox, həm də sağlam, güclü görmək istəyirmiş…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button