Gündəmdə olmaq və gündə dəm olmaq

Əssəlamün ələyküm,  Seyyid Əzim demiş, “ey guruhu-niksifat”, “müəllimi-dana”, sahibi-ixtiyar, necə varsız, əsənsinizmi? Təknənizdə əppək, pulqabınızda para, telefonunuzda kontur və ən əsası, gündəminizdə xəbər varmı?  Bu ay nə qədər işıqpulu verdiniz, qaza borcunuz yüzə,  kreditiniz dizə çıxdımı, ey əzizi-mənlər, suyunuz  gəlirmi, modeminizin yaşıl işığı yanırmı, itiniz hürürmü, qurdunuz ulayırmu, qazanınız qaynayırmı, sosial şəbəkələrdə paylaşmağa status, qruplarda kiməsə atmağa gülməli video tapırsınızmı, paylaşmağa təzə şəkil varmı əlinizin altında?
Sizin məhlədə, yəni feysbukda nə xəbər var? Bu gün kim içib dəm və həm şiri-nər olub, ayılan kimi dovşana dönüb, səhvini qanıb, sözünü danıb, söyüşü silib, amma gündəmdə qalıb, hansı şair səyləyib, hansı deputat quşlayıb, kimin babası naxoşlayıb, nənəsi ölüb?
Kimin məhləsinə daha çox qar yağıb, kimin düzəltdiyi qar adamı daha böyükdü, hansı bəxtəvərin kefi kökdü, hansı bədbəxt Allahına da yükdü?
Hansı növcavan  münasibətə başlayıb, kim evlənib, kim boşanıb, hansı Məcnunu Leylisi atıb, hansı müxbir o birinin bostanına daş atıb, hansı manıs özünə əl qatıb, hansı papaq altında hansı oğullar yatıb, kim kimi keçi qiymətinə satıb, kimin iti kimi tutub, kim kimdən borc alıb sonra atıb, hansı özünü körpüdən atıb, birinin pulu, birinin qanı batıb və nəhayət, üzüm ayağınızın altına, sözünüzü balla kəsim, arada bir başınızı qaldırın, xəbəriniz varmı, ey əhləlğübur, axı müharibə sizin dağlara da çatıb?
Kimin gəlini qaçıb, kimin qızı köçüb, kimin ağlı uçub, kim təzə sayt açıb, qaçqınlar hansı yaşayış məntəqəsinə köçüb, kim YAPa keçib, kim kimi qurban seçib, hansı şair Anara satılıb, hansı müəllim işdən atılıb, yurdumuzda kim qırılıb, kim qalıb, Qarabağ nə qədər unudulub? Təqaüddən, maaşdan, qranddan-mranddan nə ala bilirsiz, çax-çuxunuz varmı, başınızı dolandırırsızmı, uşaqlarınız dovşan olub kələm yemir ki, arvadınız “kül sənin kişi başına”,- demir ki, belə canım sizə desin, müəllimlərə hörmət etməyə, məmurlara rüşvət verməyə, toyları, vayları yola verməyə bir şey-mir şey tapırsızmı?
Yenə hansı qaynata gəlinini zorlayıb, hansı yazar azarlayıb, neçə ər arvadını baltalayıb, pensiyalar neçə manat artıb, neçə qardaş bacısının sevgilisini yortub?
Kim təzə yaltaq doğub, kim yeni satqın əkib, hansı ana aldadılmış qızını boğub, kim kimin papağını yerə soxub?
Şadlıq evləri gözəllik salonlarını, xəstəxanalar mollaları, işverənlər hüquqşünasları dolandıra bilirmi, beləcə böhranı aldadıb yan keçə bilirsizmi, ay mənim dəyirmanın boğazına ölü atılıb diri çıxan xalqım?
Müğənniləriniz nə söyləyir, mollalarınız nə deyir, falınızdan nə çıxır, əlinizə kim baxır, atalarınıza yasin, uşaqlarınıza dərs oxutdura bilirsizmi?
Ateist və cahil olduğunuz günlərin cəzasını alırsızmı, qəzasını qılırsızmı, bəxtəbəxt, yoxsa məntiqi ardıcıllıqla ölürsüz, ay mənim əzizlərim?
Sonda bir nida cümləsi – yas mollaları demiş, bütün əhləlgübura bir salavat!
Bu arada “əhləlgübur” qəbristanlıq əhli deməkdir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button