Gündəmdə VC-dir: “Hakimiyyət marta qədər real addımlar atmasa…”

Akif Qurbanov

Demokratik Təşəbbüslər İnstitutunun sədri

 

Bu gün ölkəmizdə səfərdə olan Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT-EITI) Beynəlxalq İdarə Heyətinin sədri, İsveçin keçmiş baş naziri Fredrik Reinfeldt və MHŞT Beynəlxalq Katibliyinin rəhbəri Yonas Moberqlə görüşdük. Maraqlı müzakirə keçdi. Qonaqlar ilk öncə ölkə başçısı İlham Əliyevlə görüşlərinin qısa təəssüratlarını bölüşdülər. Sonra isa vətəndaş cəmiyyətinin üzləşdiyi real vəziyyət, MSŞA Koalisiyasındakı son durum müzakirənin əsas hissəsini təşkil etdi. Aşağıdakı başlıqlarda real durum detallı olaraq mən və həmkarlarım tərəfindən onların diqqətinə çatdırıldı:

1. QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilikə edilmiş 2013-2014-cü il məhdudlaşdırıcı dəyişikliklərdə və EITI İdarə Heyətinin son qərarla irəli sürülən 3 tələbə dair heç bir irəliləyiş yoxdur. Fərman və NK qərarları qanundan üstün qüvvəyə malik deyil. Həmçinin də son addımlar texniki xarakterlidir və daha çox beynəlxalq ictimai rəyi çaşdırmaq üçün oynanılan növbəti siyasi oyunlardır. Bu problemlərin aradan qaldırılması üçün QHT, Qrant və Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında qanunların mütləq dəyişdirilməsinin vacibliyi qeyd olundu.
2. VC-nin normal fəaliyyəti üçün, həmçinin MHŞT prosesində onların (MSŞA Koalisiyanın yaradılması haqqında Memorandumun və MHŞT-nin Standartınını tələblərinə uyğun olaraq) müstəqil tərəf kimi gerçək iştirakı üçün nə hüquqi, nə də praktik fəaliyyət imkanları yaradılmayıb. Bunun başlıca ammillərindən biri də ölkədə müstəqil məhkəmə sisteminin olmaması, azad medianın sıradan çıxarılması və maliyyə qaynaqlarının yalnız hakimiyyətdən asılı vəziyyətə salınması vurğulandı.
3. QHT-lərin qeydiyyat problemləri, müstəqil VC liderlərindən bəzisinin ölkədən çıxa bilməməsi, hələ də sərhəddə yoxlamanın davam etməsi, onlara qarşı cinayət işlərinin tam aradan qaldırılmaması, tədbir keçirməyə imkan verilməməsi, reyestrdən çıxarışı ala bilməmələri, könə qrantların belə hələ də qeydə alınmaması qeyd olundu.
4. Bizi bundan sonra nə gözləyəcəyini, hətta ola bilər ki, görüşdən cıxandan sonra nə ilə üzləşəcəyimizi bilmirik deyildi. Hətta misal olaraq son günlər 4 ildir ki, qanunsuz həbs yatan siyasi məhbus, EITI-nin yaradıcılarından olan NRGI-ın Məsləhət Şurasının üzvü İlgar Məmmədovun rəhbəri olduğu ReAL Hərəkatının İH üzvlərinə qarşı qonşu ölkənin diplomatı ilə açıq görüşdüklərinə görə Baş Prokurorluq tərəfindən başladılmış təhqiqata görə davamlı dindirməyə çağırıldığı vurğulandı. Həmçinin yazdığı Facebok statusuna görə keçmiş Şura üzvü Fuad Qəhrəmanlının qanunsuz olaraq 10 il həbsə məhkum olnduğu bildirildi.
5. Dövlət rəsmilərinin müstəqil VC-lərə qarşı baxışı tamamilə dəyişməli, onları düşmən obrazında görmələri, “5-ci kalon üzvləri”, “anti-milli ünsürlər” ifadələri işlətməklə heç bir əndazəyə sığmayan münasibətinə son qoyulmalıdır.
6. MSŞA Koalisiyasında son Ümumi Yığıncaqdan sonra nəzarəti itirən hakimiyyətyönlülər tərəfindən yaradılan süni gərginlik və maneələr; QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən Koalisiyanın institusional dəstəyinin və MHŞT prosesinə dair layihə mövzularının bu ildən ləğv olunması; MŞŞT Komissiyasının sədri, Neft Fondunun rəhbəri Ş.Mövsumovun MHŞT-yə dair Fəaliyyət Planının tələblərini pozaraq hələ də qanuni seçilmiş Koalisiya Şurasının üzvlərilə görüşməməsi, yeni seçilmiş Çoxtərəfli Qrupun fəaliyyətə başlamasına yaradılan süni əngəllər, Koalisiya üzvlərinin problemlərinin çözümündə selektiv yanaşmalar, dəfələrlə rəsmi tərəflərə Koalisiya Şurasının üzvlərinin müraciətinə baxmayaraq heç bir rəsmi və ətraflı məlumat verilməməsi əslində “dialoq nəticəsində problemlər həll olunur” deyimlərinin statistik rəqəmlər üzərində daha çox göstəridən başqa bir şey olmadığı diqqətə çatdırıldı və.s

Təbii ki, hakimiyyətin siyasətini dəstəkləyənlər, onlardan mədət umanlar da öz “arqumentləri”ni söyləyərək ölkədə baş verən bütün neqativlərin arxasında elə bizim durduğumuzu, dediklərimizin hamısının guya yalan və ara-qarıdırmaq məqsədilə edildiyi beynəlxalq vəziyyətin VC-nin gerçək inkişafına obyektiv olaraq imkan vermədiyini, EITI guya sığınacaq yeri və hakimiyyətyönlülərə qarşı təhdid vasitəsi kimi istifadə etdiyimizi çatdırdılar.

Sonda Fredrik Reinfeldt deyilənlərə öz şərhini bildirdi. Mesajları çox aydın və açıq idi. Əslində ölkədə nəyin baş verdiyinin fərqində olduqlarını, onların isə tələblərinin ciddiliyini aydın ifadə etdi.

Bir sözlə, görünən odur ki, hakimiyyət qeyd olunan problemlər istiqamətində marta qədər real addımlar atmasa, vəziyyət heç də yaxşı olmayacaq. İndiki vəziyyət davam etsə, ölkənin statusunun dayandırılması qaçınılmazdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button