Günel Mövlud lent.az-ı yazır…

günel mövludGünel Mövlud

Bizim ailə

Deyirəm, ad günü tortumuzun şirini dodağımızdan getməmiş, reportajımızı yazaq…

Üç yaşımız tamam olan ərəfədə baş redaktorumuz, qeyri-rəsmi “dədəm” Qabil Abbasoğlu müxtəlif saytlara “Lent.az-a rəqib görmürəm” tipli yekəxana-yekəxana müsahibələr verib, üç illik xidmətlərimizi ciddi-ciddi sadalamağında olsun. Olsun, olsun… o ciddiliyi dağıtmaq əlimizdə bir içim sudur)))

Hələ yarım il əvvəl, yarızarafat-yarıgerçək Lent.az-ın doğum günlərindən birində redaksiyada elədiyim müşahidələrimi yazacağımı demişdim. Sözü elə orda verib, ordaca da yaddan çıxartsam da, sən demə, redaksiya əhli bu məsələni ciddi qəbul eləyib. Və elə dünən təbrik tortunu yediyimiz yerdə, ağzımdakı tikəni zəqqutuna döndərən bir qınaq eşitdim:

– Elə bil axı kimsə ad günümüzdə reportaj yazacağına söz vermişdi.

Di hı! Yayın bu cırhacırında gəl, indi dizini yerə qoy, reportaj yaz… nəsə, yaxşı ki, işin içində mərdimazarlıq eləyə bilmək lüksü var. Səhər yazını oxuyub, arxamca dişinin dibindən çıxanları deyəcək əməkdaşların üzünü yada salanda, çəkəcəyim zəhmət heç gözümə də görünmür.

Deməli, mənim evin tərbiyəsiz uşağı sayaq, arada-sırada, qonorardan-qonorara, kefimə düşəndən-düşənə gəldiyim redaksiya iki otaqlıdır. Bütün kapitalist cəmiyyətlərdə olduğu kimi, burada da proletariatla (oxu: müxbirlərlə) burjuanın (oxu: redaktorların) arasında qalın bir divar var. Doğrudu, arada redaktor otağından kimsə müxbir otağına keçib, babat danışıb-gülməklə, bu divarın əslində şərti bir şey olduğunu göstərməyə çalışır, amma kimə gəlirlər eeee…

Bizsə, əziz oxucu, elə müxbirlər otağından başlayaq. Səhər saat 10 olar-olmaz iş kompüterlərinin arxasında əmrə müntəzir oturan, zəhmətkeş yoldaşların hərəsinin öz sahəsi var.

Yaş sırasıyla başlamaq istərdim, amma kriminal müxbirimiz Nizam sinəmə çalın-çarpaz dağ çəkdiyindən, birinci ondan başlamalıyam. Nizamı tanıyana qədər elə bilirdim ki, ən qaramat peşə mollaların peşəsidir, çünki hara fırladırsan fırlat, onun çörəyi ölümdən çıxır. Nizam mənim bu barədəki qənaətlərimi at-üst elədi. Mən mətbuatda çox şey görmüşdüm, amma ilk dəfə redaktorun otağına girib, çırtıq çala-çala, gözünün içinə qədər gülə-gülə, sevincindən yerə-göyə sığışmadan:

– Qabil müəllim, əla xəbər var e! Bir kişi üç yaşlı nəvəsini diri-diri ocaqda yandırıb, arvadını da baltalayıb! – deyən adam gördüm.

İlk dəfə polkovnik rütbəli, 55 yaşlı polis rəisinə zəng eləyib, əsgərlik yoldaşı ilə danışırmış kimi:

– Rəis, nə var nə yox, nətərsən? O cavan oğlan bir arvadı zorlamışdı eee, onun axırı nooldu? Yaxşı rəis, o qurtaranda mənə xəbər verərsən də… – deyən, bütün zorlamalardan, işgəncələrdən, qətllərdən, ailə faciələrindən, üzüm ayağınızın altında, zorakı insestlərdən xəbər düzəltmək həzzi alan 23 yaşlı gənc görürdüm.

Belə ağır və ağrılı sahədən kəskin bir keçid eləyək. Keçək şou-biznes müxbirimizə. Lalə Nizamdan fərqli olaraq, müğənni ölümlərindən, onların ailə münaqişələrindən həzz-zad almır. Əksinə, şou-biznesdən yazsa da, özünün müğənni tayfasından qat-qat ağıllı, savadlı olduğunu göstərmək üçün hamısının arxasınca deyinir, lağa qoyur. Hətta hərdən məsələn, məşhur siyasətçi, adıgöyçək “Ümid” partiyasının başqanını divara dirəyir ki: xeyir ola eee, İqbal müəllim, Siz beynəlxalq əlaqələr, demokratiya tarixi barədəki qalın-qalın kitabları və Harun Yəhyanın yaradıcılığını oxumuşdunuz ki, axırda gəlib Manaf Ağayevə qulaq asasınız?! Bəli, Lalənin xasiyyəti ağırdır. Amma öz aramızdı, arada-sırada hiss eləyirəm ki, altdan-altdan özü də “nauşniki” taxıb, İbrahim Tatlısəsə, Xumar Qədimovaya-zada qulaq asır. Özü də hansı müğənninin təsirində olursa, həmin günlər onun üslubunda geyinir.

Ramiz müəllimin sahəsinin dəqiq nə olduğunu xatırlamıram. Bircə onu bilirəm ki, qazaxlıdır. O bölgədən olan bütün adamlar kimi, deyən-gülən, zarafatcıl olsa da, xəngəl-qurud, saz-söz sevgisi yerli-yerində olsa da, arada adamın sözünü iynəli-iynəli bir münasibətlə kəssə də, deyəsən, Ramiz müəllimin insanlarla göz təması qurmaq problemi var. Mən hələ bir dəfə də olsun, onun insanlarla danışanda üzlərinə baxdığını görməmişəm.

Mədəniyyətdən yazan Xəyalə evin tox və yuxulu pişiyi kimi bir şeydi. Müsahibənin, yazının, xəbərin necə alındığından asılı olmayaraq, gözləri yuxulu, üzü məmnun, halı meyxoşdu. Səsini qaldırdığı, kiməsə acıqlandığı, kiməsə qaşqabaq tökdüyünü görməmişik. Kefi lap yaxşı olanda, məsələn Fuad Poladov miqyasında mədəniyyət adamlarından müsahibə götürəndə, durub hamıya çay süzür.

İdman müxbirimiz Elşən barədə nəsə yazmaq istərdim, amma idman müxbiridir də, əzələləri möhkəm, xasiyyəti də ağırdır, başımı dərdə salmaq istəmirəm.

Həəəə, əllərimizi ovuşdura-ovuşdura keçək redaktor otağına. Baş redaktorumuz Qabil Abbasoğlu hamının bildiyi kimi qara-qura bir adamdı. Dəst kostyum geyinəndə ziyalı görkəmli kolxoz sədrlərinə, cins şalvar, qısaqol mayka-zad geyinəndə isə özünə oxşayır. Daldaya düşən kimi, müxbirlərin qeybətini qırır. Masasının siyirməsində həmişə şirniyyat və naməlum bir qadının fotosu olur. Kefinin yaxşı vaxtı lətifə danışır, qanı qara olanda isə işgüzarlıq, məsuliyyət və yaradıcılıqla bağlı müdrik məsləhətləri ilə anadan əmdiyimiz südü burnumuzdan gətirir.

Səlim bəy ayrı dərddi. Redaktorluq keyfiyyətlərindən nəsə danışmağa ehtiyac görmürəm, çünki bu sahədə heç vaxt problemimiz olmayıb. Amma vay o gündən ki, onun yanında hansısa mövzuda dartışılması gərəkən bir söhbət salasan. Bah! Orduda əsgər qırx beş saniyəyə geyinib, döyüş vəziyyəti alan kimi, o da dördcə saniyəyə mübahisəyə tam hazır vəziyyət alır. Münasibət bildirmədiyi, narazılıq ifadə etmədiyi, razılaşdığı söhbəti gözüylə görüb, qulağıyla eşidən adam cənnətlikdi. Mübahisədən bezib, “Səlim bəy, haqlısınız” deməklə də canınızı qurtara bilməzsiniz, çünki haqlı olduğu ilə də razılaşmır.

İki kişi redaktor arasında tək gözmuncuğu qadın redaktor Gülşən xanımdır. Uzun xasiyyətnamə verməyim – Xəyalənin haqqında dediklərim yerlisi Gülşən xanıma da aiddir. Təmizliyə, səliqəyə və sakitliyə çox önəm verir, daha çox işlə və çay içməklə başını qatır. O səbəbdən də müxbirlərin üstünə qışqırmağa həvəsi və heyi qalmır. Vaz keçə bilmədiyi tək şey Səlim bəy kiminləsə mübahisəyə başlayanda gülümsəyib, qaşlarının dartaraq baş direktora işarə verməkdir…

Hə, deyəsən, “əmi” yadımdan çıxdı axı… Xaliqi deyirəm. Özü otağımızda olmayıb, heç ürəyi də yanımızda olmayan, kəndisi texniki şöbədə oturan, müxbirlərin xahiş və istəklərini “google-talk”-una almayan, sözə minnətlə cavab verən, beş kəlmədən birinə dillənən, dünyanın düz vaxtı zəhmi ilə adamın bağrını yaran dizaynerimiz…

Özüm heç dəəə…mən bir ayağı redaksiyada, bir ayağı qaçaraq olan ştatdankənar əməkdaşlardanam. Redaksiyada oturduğum nadir günlərdə özüm səhərlər gedib bir siyasətçini danlaya-danlaya səhər yeməyi yeyirəm, sonra redaksiyaya qayıdanda Nizam boynumun dalından basıb, mətbəxə göndərir ki, ona yemək hazırlayım…

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button