Gürcüstan azərbaycanlı jurnalisti qaçırdımı?

Gürcüstanın paytaxtı Tbilisinin küçələrində bir azərbaycanlı müxalif jurnalistin yoxa çıxması özünü demokratiya flaqmanı hesab edən ölkədə fəlakətə səbəb oldu. 29 may günü Əfqan Muxtarlı Tbilisidə bir kafedə dostu ilə görüşməyə getdi. Saat 19:00-da həyat yoldaşı Leyla Mustafayevaya zəng edən jurnalist bildirdi ki, o, evə qayıdır. Amma 2015-ci ildən etibarən Gürcüstanda məcburi sürgündə yaşayan azərbaycanlı jurnalist Muxtarlı gəlib çıxmadı. Tbilisidəki kiçik bir mərtəbəli evinin bağçasında danışan Leyla deyir ki, “Çox pis bir şey olduğunu düşündüm. Düşündüm ki, onu öldürüb meşəyə atdılar”.
Əfqan Muxtarlı Azərbaycan hökumətini açıq tənqid edirdi. Ölkədən qaçmazdan əvvəl o, Müdafiə Nazirliyində korrupsiyanı ifşa edən bir sıra araşdırmalar aparmışdı. “2014-cü ildə Azərbaycan hökuməti öz tənqidçilərinə təzyiqləri gücləndirmişdi. Əfqan jurnalist Xədicə İsmayılova ilə işləyirdi, o həbs olundu. Sonra hökumət “Azadlıq” radiosunu bağladı və Əfqan bu işlə bağlı sorğu-sual edildi” deyir Leyla.
Açıq viza siyasətinə malik olan Gürcüstan bir çox azərbaycanlı siyasi fəallar və jurnalistlər üçün seçim ünvanına çevrildi.
Yoxa çıxdığı ərəfədə Muxtarlı Korrupsiyaya Qarşı Mübarizə və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) adından Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstandakı ailə biznesi haqqında araşdırma aparırdı.
Oğurlandığı iddia edildikdən sonra Leyla səhər ərinin sağ olduğunu, Azərbaycanda polis nəzarətində saxlandığı xəbərini aldı. “Mən çox xoşbəxt idim, …ən azı o sağ idi”. Muxtarlı Bakı şəhərindəki vəkilinə bildirib ki, onu gürcü polis forması geyən adamlar qaçırıb maşında döymüş, başına torba keçirmiş, sonra ciblərini pulla doldurub Azərbaycanın təhlükəsizlik güclərinə təhvil vermişlər. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili isə Gürcüstan dövlət orqanlarının bu işdə iştirakını qətiyyətlə rədd edir.
Azərbaycanın sərhəd nəzarətçiləri və prokuror da deyir ki, Muxtarlı böyük miqdarda qeyri-qanuni pulla Gürcüstan-Azərbaycan sərhəddindən keçərkən saxlanılıb. Bakıda onun haqqında üç aylıq həbs qəti-imkan tədbiri seçilib və cinayət məsuliyyətinə cəlb olunub.
“Human Rights Watch” təşkilatının Cənubi Qafqaz ölkələri üzrə direktoru Georgi Qoqiya deyir ki, “Rusiyada yoxa çıxan, sonra Mərkəzi Asiyada tapılan şəxslər haqqında sənədlərə rast gəlinə bilər. Lakin heç kəs belə bir hadisənin Gürcüstanda baş verəcəyini gözləmirdi.”
Tbilisidə bir neçə etiraz aksiyası təşkil edildi, bəzi etirazçılar Muxtarlı ilə həmrəylik üçün başlarına torba keçirmişdilər. Bu jest populyar televiziya şousunda Giorgi Qabunia tərəfindən də təkrarlandı. O, Daxili İşlər Nazirinin müavini Şalva Xutsişvili ilə müsahibə zamanı başına qara torba keçirmişdi. Nazir buna etiraz olaraq müsahibədən imtina etdi.
Xutsişvili Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən Muxtarlının Gürcüstan-Azərbaycan sərhədinə necə çatdığını, ora öz istəyi və ya zorakılıqla aparıldığının araşdırıldığını bildirdi: “Gürcüstanın hüquq-mühafizə orqanlarının hər hansı bir qurumunun bu hadisə ilə bağlılığını tamamilə istisna edirəm”, – deyə nazir müavini bildirib.
Gürcüstanlı müstəntiqlər Azərbaycan hakimiyyətindən Muxtarlı ilə canlı görüş üçün icazə istəyib. Xutsişvili deyir ki, bu cür dəlillər olmadan araşdırmaların nəticələrini ictimaiyyətə çatdırmaq qeyri-mümkündür.
Azərbaycan Gürcüstanın aparıcı ticarət tərəfdaşı və əsas enerji tədarükçüsüdür. Gürcülər tərəfindən istifadə edilən təbii qazın 90%-dən çoxu Azərbaycandan gəlir, həmçinin ölkə ordan benzin və dizel idxal edir. Azərbaycan da Avropaya neft ixracı üçün Gürcüstandan asılıdır. Dünyanın ən uzun kəmərlərindən biri olan Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri Gürcüstandan keçir və o, Azərbaycanın əsas gəlir mənbələrindən biridir.
Muxtarlının vəkili Elçin Sadıqov onun diabetdən və yüksək təzyiqdən əziyyət çəkdiyini və mayın sonlarında həbs olunduğundan bu yana 16 kiloqram çəki itirdiyini deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button