Gürcüstan niyə belə davranır?-İCTİMAİ MÜZAKİRƏYƏ

Zəlimxan Məmmədli

“Borçalı Cəmiyyəti” İB-nin sədri 

 

Dəyərli soydaşlarım, qeyd edim ki, Borçalı Azərbaycandan kənarda türk ruhunu, əski türk – Dədə Qorqud dialektini, adət-ənənələrini bu günə qədər qorumaqda olan tək coğrafiyadır. Bu baxımdan zəngin olan Dərbənd, Qərbi Azərbaycan kimi tarixi ərazilərimiz haqqında bunu söyləmək imkanlarımız təəssüf ki, əlimizdən alınmışdır.

Borçalı Cəmiyyəti Beynəlxalq hüququn, Gürcüstan və Azərbaycan ana yasalarının tələblərindən kənara çıxmadan yurddaşlarımızın yanında olmuş, daha çox mədəni-kütləvi tədbirlərlə soydaşlarımızın Gürcüstan cəmiyyəti ilə qarşılıqlı inteqrasiyasına dəstək verməyə çalışmışdır. Qarşılıqlı olaraq yad hesab oluna bilən mədəniyyətlərin, dillərin, dinlərin, dövlətlərin arasında mənəvi körpü funksiyasını yerinə yetirməyi mənəvi borcu bilmişdir və bu gün də prinsiplərinə sadiqdir. Bütün anlamlarda xoşməramlı yolumuza əngəl olmaq istəyən qüvvələr də az olmamışdır. Bunu da təbii hesab edirik. Köhnə zərərli stereotipləri dağıdaraq yeni, daha sivil, qarşılıqlı etimada və ehtirama dayanan münasibətlər sistemi bərqərar etmək iddiamız görünür bəzi mərkəzlərin maraqlarına uyğun olmamışdır.

2018-ci il müsəlman şərqində ilk olan Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyidir. Gürcüstanda da bu şərəfli tarixin 100 illiyidir. Azərbaycanın istiqlalının elan olunduğu məkanın Gürcüstan, həm də Borçalı olması da bir tarixdir. Babalarımız eyni amallar uğrunda bir səngərdə qərar tutmalı olub və eyni taleyi bölüşmüşlər. Borçalı Cəmiyyətinin sədri olaraq bəndəniz də babalarımızın qoyduğu aydın, işıqlı yolla getməyi doğru bilir. Qafqazın yaraşığı olan Azərbaycan və Gürcüstanın bir səngərdə olmaqdan başqa yolunu görmürəm. Qafqazın xoşbəxt gələcəyi, hər iki dövlətin var olması, diri və iri olmaları yenə bu dövlətlərin və xalqın birliyindən, səmimi tərəfdaşlığından keçir. Borçalı Cəmiyyəti bunlardan başqa bir istək sahibi olubmu? Əsla yox. Zərərli zehniyyətin basqılarına baxmayaraq, Azərbaycan-Gürcüstan-Türkiyə bayraqları başımızın üstündə dalğalanmaqda, müqəddəs bildiyimiz yolu heç kimdən təmənna ummadan getməkdəyik.

Belə olan halda, Borçalı Cəmiyyətinə qarşı Gürcüstanda qorxu mənbəyi obrazının yaradılmasının kökündə nə durur? Zəlimxan Məmmədli hansı qəbahətin sahibidir ki, öz doğulduğu vətənə, yurda gedişinə ədalətsiz olaraq yasaq qoyulub? Hansı cinayətin sahibidir ki, onun haqqında şərəfsizcəsinə terrorist, separatçı obrazı yaratmaq istəyirlər?

Sözüm sizədir, əziz eloğlularım, Gürcüstan rəsmiləri, Azərbaycan rəsmiləri, hüquq müdafiə təşkilatları, siyasi partiyalar, ictimai qurumlar və aydınlar! Açıq ictimai müzakirə açılmasını istəyirəm. Həqiqəti biz özümüz üzə çıxarmalıyıq. Cümhuriyyətin 100 illiyi bizdən səfərbərlik tələb edir. Allah sizi, millətimizi, ədaləti var eləsin.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button