Həmkarları Rauf Mirqədirovla bağlı prezidentə müraciət edə bilər

rauf mirqədirov

Jurnalistin sonuncu dəfə həbs müddəti uzadılıb; həmkarları onun günahsız həbsinə inanırlar

 
“Ayna-Zerkalo” qəzetinin əməkdaşı Rauf Mirqədirovun həbsindən 17 aya yaxın müddət keçir. Dövlətə xəyanətdə ittiham edilən jurnalist barədə hələ də məhkəmə hökmü çıxarılmayıb. Onun həbs müddəti daha iki ay uzadılıb. Bu o deməkdir ki, jurnalistin məhkəməsi noyabrın əvvəllərində başlaya bilər. 
R.Mirqədirovun vəkili Elmar Süleymanov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, sonuncu dəfə həbs müddətinin uzadılmasıdır: “İstintaq bu müddətdə bitməlidir. Kifayət qədər geniş cinayət işi materialıdır. Bu maddə üzrə təkcə Mirqədirov təqsirləndirilmir. Əlavə iki şəxs də var. Həbs müddətinin uzadılmasına Rauf Mirqədirov narazılığını bildirdi. O, ədalət mühakiməsini gözləyir. Təəssüflər olsun ki, hər dəfə gözləntilər puça çıxır. Real vəsatətlər qaldırırıq. Amma obyektiv baxılma olmur. Səhhəti normaldır. Vaxtaşırı ağrıları olur. Baş və göz ağrıları, təzyiqin düşməsi halları baş verir. Bu da istər-istəməz təsir edir”.
R.Mirqədirovun jurnalist həmkarları onun səhhəti və uzun müddət həbsxanada saxlanılmasından narahatdırlar. Onun azadlığa çıxmasında yeganə çıxış yolu kimi, “ev dustaqlığı”na buraxılması ilə bağlı ölkə başçısına müraciət etməyi görürlər. Artıq bu təşəbbüslərlə çıxış edənlər də var.
 
Təşəbbüsü irəli sürənlərdən biri – uzun müddət Mirqədirovla bir yerdə işləmiş, tanınmış jurnalist Azər Rəşidoğlu bildirdi ki, mətbuat bu məsələdə həmrəylik nümayiş etdirməlidir: “Rauf Mirqədirovun istintaqında şahid kimi dindirildiyimə görə, bu məsələnin detalları ilə bağlı danışmaq mənə qadağan edilib. Onu deyə bilərəm ki, Rauf müəllim Azərbaycanın ən parlaq və vətənpərvər ziyalılarındandır. Onun dövlətə xəyanət etməsi fikri ağlasığmazdır. Ermənilərlə debatda Rauf Azərbaycanın mövqeyini ardıcıl və peşəkarlıqla müdafiə edib. Onu Qarabağ danışıqlarına ekspert kimi cəlb etmək daha məqbul olardı. Rauf Mirqədirov çağdaş jurnalistikanın yaradıcılarından biridir. Odur ki, mətbuat onun ev dustaqlığına buraxılması təklifi ilə çıxış etməlidir. Belə bir təşəbbüs yaranmış vəziyyətdə çıxış yollarından biridir”.
“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı Mirqədirovun onun üçün ən dəyərli insanlardan biri olduğunu qeyd etdi: “Rauf dostum, jurnalist həmkarım, Azərbaycanın Qarabağla bağlı jurnalistikasının əsas nümayəndələrindən biri kimi dəyərli insandır. Onun azadlığa buraxılmasının tam tərəfdarıyam. Əminəm ki, onun heç bir günahı yoxdur. Sadəcə olaraq, təəssüf ki, hadisələr belə gətirdi. Rauf ağır ittihamla müvəqqəti həbs olunub. Onun ya günahını sübut edib cəzasını verməlidirlər, ya da azad etməlidirlər. Amma nəzərə alaq ki, Raufun sübut ediləsi heç bir günahı yoxdur. Əvvəllər sizin dediyiniz tərzdə, yəni zaminə buraxılması üçün bir neçə həmkarlarla müraciət etməyi düşündük. Amma alınmadı. Əgər belə bir təşəbbüs olarsa, mən öndə getməyə hazıram. Onu həbsdə saxlamaqla, ermənilərin əl-ayaqlarını açmışıq. Hesab edirəm ki, Rauf zaminə buraxılsa, bu çox gözəl olardı”.
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı R.Mirqədirovun həbsinin ilk günlərindən sarsıldığını bildirdi: “Rauf həbs olunarkən həbsxanada idim. Çox təsirləndim. O, Azərbaycan mətbuatının ən önəmli analtiklərindən biridir. Jurnalist heç zaman 274-cü maddə ilə ittiham oluna bilməz. Xüsusilə, analitik jurnalistikanın nümayəndəsi isə heç zaman düşmən ölkəyə gedə, ən təhlükəli sandığımız şəxslərdən müsahibə götürə bilər. Heç bir halda 274-cü maddə ilə ittiham olunmaz. Rauf bəyə qarşı bütün istiqamətlərdə dəstək istəməyə hazıram. İndiyə qədər daim dəstəkləmişəm. Yazılarımda daim vurğulayıram. İrəli sürülən maddə, saxlandığı yer çox ağırdır. Onun saxlanıldığı yerdə olmuşam. Bilirəm ki, nəsə etmək insanın əleyhinə də işləyə bilər. Amma istənilən halda mətbuat hansısa təşəbbüs irəli sürsə, ön sıralarda olacam. Çünki, Rauf Mirqədirov mətbuatımızın tarixinə düşəcək sanballı yazarlardan biridir. Ona bu maddə ilə ittiham olunmaq yaraşmır. Azərbaycan dövlətinə də yaraşmır ki, onu bu maddə ilə ittiham etsin. Zaminə buraxılması ilə bağlı müraciət olarsa, o kampaniyanı aparanlardan biri mən olacam. Lazım olarsa, cənab prezidentə olunan müraciətə mən də imza ataram. Hesab edirəm ki, bu müraciət yerinə düşər. İlham Əliyevin daim hər kəsdə təəccüb doğuran qərarları olur. Ramil Səfərovun azadlığa buraxılması hər kəsin yadındadır. Müraciət etmək olar. Orada mənim də imzam olacaq”.
Cavanşir ABBASLI

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button