Hər bir həbsdə olan insanın azadlığa çıxması hakimiyyətin arzusudur (?!)

Əli Həsənov: “Məhkəmə qərarı olandan sonra, məsələnin ictimai müzakirəsi zamanı mən də fikrimi bildirəcəyəm.”

Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov APA-ya müsahibə verib. Həmin müsahibəni ixtisarla təqdim edirik:

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycanın müxalifət partiyalarına aksiya keçirmək üçün təklif olunan Səbail rayonunun ərazisində yerləşən meydan təmir olunsa da, müxalifət partiyalarının təmsilçiləri həmin yerdə aksiya keçirmək niyyətində olmadıqlarını bildiriblər. Buna münasibətiniz necədir?

– Sözün düzü, bu məsələni Prezident Administrasiyası səviyyəsinə qaldırıb siyasiləşdirmək istəmirəm. Siyasi partiyaların kampaniya aparmaq, seçiciləri ilə görüşmək, öz fikirlərini insanlara çatdırmaq üçün imkanları və haqları var. Bunlar – mitinq, seçki dövründə təşviqat məqsədilə görüşlər keçirmək və s. – konkret olaraq yerli qurumlarla həll olunacaq məsələlərdir. Bu və digər imkanlar daim yaradılıb, bundan sonra da yaradılacaq. Azərbaycan demokratik dövlətdir, dövlət həyatında baş verən proseslər, o cümlədən siyasi plüralizm, demokratik yarış mühiti indiyədək olduğu kimi, bundan sonra da olacaq.

– Bu yaxınlarda bəzi qəzetlərdə İctimai Palatanın 2 aprel aksiyasında tutulan şəxslərin azadlığa buraxılacağı haqda məlumat verilmişdi. Bu, nə qədər doğru xəbərdir?

– Əlbəttə, hər bir həbsdə olan insanın azadlığa çıxması eyni zamanda, hakimiyyətin ən böyük arzusudur, istəyidir. Heç bir hakimiyyət istəməz ki, onun cəmiyyətində azadlıqdan məhrum olunaraq həbs edilmiş insanlar olsun, insanlar qanunları, asayişi, normaları pozsun, başqalarının istirahətinə mane olsun, başqalarına xəsarət yetirsin, nəticədə cəza alsın. Bunu heç bir hakimiyyət istəməz, biz də istəmirik. Biz də arzu edirik ki, o insanlar yaxın zamanlarda çıxsınlar, normal vətəndaş həyatı yaşamaqda davam etsinlər. Amma ictimai asayişi və qanunları, şəhərin sabit həyatını pozan, polisə müqavimət göstərən, asayiş keşikçilərinə həqarət yağdıran, onları daşa basan, insanların mülkiyyətinə, əmlakına zərər vuran, dükanlarını dağıdan insan üçün başqa tərbiyə yolu, nümunəsi yoxdur. Biz hüquqi dövlət qururuq. Biz bu hüquqi dövləti qurmağı dünyadan, Avropadan öyrənmişik. Bütün dünyada olduğu kimi, bizdə də bu əməlləri törədən insanlar həbsə məhkum olunurlar. Bu, Avropada da, Amerikada da, dünyanın digər yerlərində də belədir. Kimsə hesab edirsə ki, bu, yalnız bizim ölkədə baş verir, böyük səhv edir.

– Həbsdən söz düşmüşkən, bəzi müxalifət partiyaları və qəzetləri “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının həbsinin siyasi sifariş olduğunu iddia edirlər…

– Mən bu məsələyə münasibət bildirmək istəmirəm. Çünki adını çəkdiyiniz adamın hazırda istintaqı gedir. Mənim işlədəcəyim hər hansı fikir, ifadə qarşı tərəfdən məhkəməyə təsir, təzyiq kimi görülə bilər. Ona görə də istəyirəm ki, məhkəmə işə ədalətli şəkildə baxsın. Amma onu bildirmək istəyirəm ki, illərlə həmin müxalifət partiyalarının, o cümlədən müxalifət təmsilçilərinin, ayrı-ayrı qəzet nümayəndələrinin həm “Xural” qəzetinə, həm də bu gün hüquqlarını müdafiə etdikləri digər qəzetlərin əməkdaşlarına qarşı məhkəmə iddiaları olub. Prosesləri də udublar, sadəcə, məhkəmə qərarlarına tabesizlik olduğundan qərarlar icra edilməyib. Bu gün ortada millət vəkilinin və digərlərinin konkret şikayətləri var. Məhkəmə qərarı olandan sonra, məsələnin ictimai müzakirəsi zamanı mən də fikrimi bildirəcəyəm.

– Ziyalılar Forumunun keçirilməsi və professor Rafiq Əliyevin Neft Akademiyasının kafedra müdiri vəzifəsindən çıxarılmasına münasibətinizi bilmək istərdik…

– Sözün düzü, bu məsələyə də bilavasitə münasibət bildirmək, bununla da məsələni siyasiləşdirmək istəmirəm. Amma eyni zamanda, təəssüf edirəm ki, bu məsələni siysiləşdirməyə cəhd göstərənlər var. Əvvəla, “forum” adlandırdığınız 16-17 nəfərin iştirak etdiyi “Eldar Namazovun qrupu”nun iclasına qədər Rafiq Əliyev kafedra müdiri vəzifəsindən çıxarılmışdı. Lakin ali məktəbdə professor vəzifəsi saxlanmaq şərti ilə… Bu gün bir insanın kafedra rəhbəri olması, yaxud kiminsə təyinatı, kiminsə çıxarılması məsələləri təhsil qanunvericiliyi ilə bir ali məktəbin daxili işidir. Bir ali məktəbin daxili işini siyasiləşdirib, az qala beynəlxalq səviyyəyə qaldırmağın özü onu göstərir ki, bəlli siyasi qüvvələr daxildə və xaricdə Azərbaycan cəmiyyətində qarşıdurma yaratmaq, Azərbaycan cəmiyyətinin mövcud sabit durumunu pozmaq istəyir. Bəziləri insanları, ziyalıları, ali təhsilli şəxsləri, ali məktəblərin ayrı-ayrı kateqoriyadan olan müəllimlərini bir-birinə qarşı qoymağa, bundan istifadə edərək kimlərinsə siyasi ambisiyasını təmin etməyə çalışırlar. Eldar Namazov uzun müddət məmur olub, Prezident Administrasiyasında çalışıb. Prezident Administrasiyası, yaxud digər dövlət qurumlarının cəmiyyətin idarəçiliyi istiqamətində keçirdiyi tədbirləri günah, nöqsan, həqarət sayırsa, Eldar Namazovun özü onları vaxtilə həyata keçirib, özü də bunu indikindən qat-qat sərt şəkildə edib. Dövlət vəzifəsindən qovulan bir adamın dövlətə qarşı belə həqarəti tam anlaşılandır. Eyni zamanda, qarşıdan seçki gəlir, Eldar Namazov bəyan edib ki, seçkilərdə iştirak edəcək və onun bütün bu hərəkətləri seçkilərdə namizəd kimi iştiraka hesablanıb. Deməli, ətrafına insan yığmaq istəyir. Həmin insanları hansısa şəraitə, situasiyaya salıb dövlətlə, cəmiyyətlə müəyyən qarşıdurmaya gətirib, bununla, siyasətin gündəminə gəlməyə çalışır. Amma hansı yolla gündəmə gəlir-gəlsin, əgər siyasətçi siyasi fəaliyyətində səmimi deyilsə, onun siyasi fəaliyyəti cəmiyyətin istək və arzuları ilə üst-üstə düşmürsə, insanlar tərəfindən dəstəklənmirsə, insanlar səmimi şəkildə onun simasında gələcək liderini görmürlərsə, hansı yola əl atır-atsın, bunlar sabun köpüyü effekti verə biləcək şeylərdir. Bir alimin bəlli bir fəaliyyət imkanları var, hər biri insan bəlli bir mərhələdən sonra tutduğu vəzifəni tərk etməlidir, bu, həyatın, cəmiyyətin qanunudur. Heç kim də cəmiyyətin, həyatın qanununa qarşı çıxıb, cəmiyyətdə, həyatda lider ola, uzunmüddətli şöhrət qazana bilməz.

– Baş verənlərə müxalifət partiyaları və qəzetlərinin baxışını, münasibətini necə qarşılayırsınız?

– Əlbəttə, bir-iki müxalifət partiyası və müxalifət “lider”i, onların maliyyələşdirdiyi, xaricdən maliyyələşən bir-iki mətbu orqan var ki, dünyada Azərbaycanla bağlı nə pis şey var, çəkib ölkəyə gətirirlər. Azərbaycan dövlətinə, iqtidarına, xalqına nə qədər pisdirsə, onlar üçün bir o qədər yaxşıdır. Azərbaycan dövlətinə, xalqına nə qədər yaxşıdırsa, onlar üçün bir o qədər pisdir. Bu insanlar Azərbaycan dövlətinin müvəffəqiyyətlərindən gecə-gündüz əriyirlər. Sanki bu millət onlar üçün düşməndir. Hətta vəziyyət o həddə çatıb ki, “Eurovision” yarışının, beynəlxalq konfransların, tədbirlərin Azərbaycanda keçirilməməsi üçün səbəb axtarırlar. Azərbaycanın dünyada yaxşı dövlət kimi tanınmamasını istəyirlər, bundan ötrü hər şeyə əl atırlar. İnanın, son dövrlərdə dünyanın heç bir ölkəsində bu xislətli müxalifətə rast gəlməmişəm. Nə Ermənistanda, nə Gürcüstanda, nə Rusiyada, nə bizi əhatə edən digər post-sovet ölkələrində, nə Avropada bu xislətli müxalifət var. Hətta Afrika ölkələrində belə, bəzən müxalifət əlinə silah alıb mərdi-mərdanə vuruşur, daha bunlar kimi dövlətə, millətə xəyanət yolunu tutmurlar. Əlbəttə, bu dediklərimi bütün müxalifətə, bütün müxalifət mətbuatına şamil etmirəm. Amma bir-ikisi var ki, onlar məhz dediyim yolu tutublar. Biri xaricdə oturub, guya ki, Azərbaycan xalqının dərdini çəkir… Adama sual verən lazımdır ki, axı sənin bu xalqa aidiyyətin, bu xalqla bağlılığın varmı? Sən bu xalqın dərdini çəkəndinsə, niyə Azərbaycan xalqından oğurladığın sərvətləri neçə ildir, xaricdə dağıdırsan! Belə məsələləri görəndə, bu müxalifətə görə sadəcə utanıram. Bu yaxınlarda Gürcüstanda ATƏT-in təşkilatçılığı ilə bir tədbir keçirilib. Orada bizimkilər özlərini o qədər aşağı səviyyədə aparıblar ki, mən bunu orada iştirak edən işçimizdən eşidəndə, dəhşətə gəldim. Dəfələrlə televiziyada görmüsünüz yəqin, erməni ilə konyak vurub, Azərbaycanın gələcək müvəffəqiyyətlərinin sağlığına içirlər… Bizə dəfələrlə Avropa və dünya ölkələrindən informasiyalar daxil olub ki, həmin o adlarını çəkmək istəmədiyim müxalifət partiyalarının sədrləri bəzi beynəlxalq təşkilatlarda söz veriblər ki, “Siz bizi hakimiyyətə gətirin, Dağlıq Qarabağ problemini siz istədiyiniz şəkildə həll edək, Cənubi Qafqazda nə istəyirsiniz edək”. Adam belə şəxslərlə bir ölkədə yaşadığına, onlarla eyni dövlətin vətəndaşı olduğuna görə utanır.

Redaksiyadan: Bu yerdə deyirlər, “Utanmasan, oynamağa nə var?”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button