Həsən Şirinov müəmması – azad edilib, yoxsa iş başındadır?

Həsən Şirinov

Həsən Şirinov

Məlumatlı mənbə israrla “azad edilib”, rəsmi qurumlar isə “işinin başındadır” deyirlər – bəs bu xəbərləri kimlər yayır?

Bir müddət əvvəl mediada Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Həsən Şirinovun istefaya göndərilməsi barədə xəbərlər yayıldı. Ancaq Həsən Şirinov buna münasibət bildirərək, işinin başında olduğunu, istefası barədə xəbərlərin qərəzli şəkildə yayıldığını bəyan edib. Ancaq maraqlıdır ki, general-mayor “qərəzli xəbər”in kim tərəfindən mediaya ötürülməsi barədə heç nə deməyib.

Qeyd edək ki, Həsən Şirinov 1994-cü ildən 2010-cu ilə qədər isə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində çalışıb. Hələ eks-prezident Heydər Əliyevin vaxtından prezidentin kortejini müşayiət edib. 2010-cu ildə H.Şirinov Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin olunsa da, prezidentin kortejində təmsil olunmaq “statusu”nu özündə saxlamağa nail olub. Ancaq son iki ildə iki dəfə prezidentin kortejinin səhv marşrutla hərəkət etməsi səbəbilə tıxaca düşməsi barədə mediada məlumatlar yer alıb. Hətta bu səbəbdən Həsən Şirinovun kortejdən uzaqlaşdırılması barədə də xəbərlər yayılıb. Məsələnin ən maraqlı tərəfi isə  prezidentin kortejinin “səhv marşrut” üzrə hərəkət etməsi səbəbilə tıxaca düşməsinin səbəbidir. Belə ki, yuxarıda da qeyd etdiyimiz kimi, Həsən Şirinov BŞBPİ-də rəis müavini olduqdan sonra da xüsusi prestij sayıldığı üçün kortejdə təmsilçiliyini əldən verməyib. Bu isə Bakı Şəhər Yol Polisi İdarəsinin yeni rəisi Nuşirəvan Səfərovla onun arasında konfliktə səbəb olub. Prezidentin tıxaca düşməsinin məqsədli “səhv” olması və Həsən Şirinovla Nuşirəvan Səfərov arasındakı konfliktin nıticəsində yarandığı mediada yayılan məlumatlar sırasındadır.

Nuşirəvan Səfərov

Nuşirəvan Səfərov

Xatırladaq ki, prezidentin kortejinin ilk dəfə 2014-cü ildə prezident İlham Əliyevin Eduard Şevardnadzenin vəfatı ilə bağlı başsağlığı mesajı vermək üçün Gürcüstanın Bakıdakı səfirliyinə gedişi zamanı baş vermişdi. Həmişə olduğu kimi həmin hərəkət zamanı da prezidentin kortejinin önündə H.Şirinovun rəhbərliyi ilə DYP heyəti gedib. Lakin H.Şirinovun sürücüsü xətaya yol verib və yolu səhv salaraq prezidentin kortejinin qısa müddət ərzində tıxacda ilişməsinə səbəb olub. Bu insidentdən sonra sürücü DYP orqanlarından xaric olunub, H.Şirinov isə prezident kortejini müşayiət etməkdən kənarlaşdırılıb. Bu səbəbdən Bakı şəhər Baş Polis İdarəsi rəisinin müavini, general Həsən Şirinov prezident kortejindən uzaqlaşdırılmışdı. Həmin vaxt mətbuatda yayılan məlumatlarda qeyd olunurdu ki, prezident İlham Əliyevin kortejini Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov özü müşayiət edəcək. Ancaq bir müddət sonra H.Şirinov kortejə qayıtmağa nail olmuşdu. Qeyd edək ki, ötən il də eyni səbəblə prezident kortejinin “tıxac”a düşməsi barədə məlumatlar yayılmışdı.

Yuxarıda qeyd edilənləri nəzərə alsaq, Həsən Şirinovun “xəbərlərin qərəzli şəkildə yayılması” dedikdə kimə işarə vurmasını təxmin etmək olar…

Məsələ ilə bağlı DİN mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə ilə əlaqə saxladı. Bu haqda bir şey deyə bilməyəcəyini bildirən Orxan müəllim Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Ariflə əlaqə saxlamağı məsləhət bildi. Qalib müəllim suallarımıza cavab olaraq bildirdi ki, Həsən Şirinov öz işinin başındadır və onun işdən çıxması ilə bağlı deyilənlər jurnalist təxəyyülündən başqa bir şey deyil. Amma Qalib Arif “bəs bu xəbər niyə yayılıb” sualımıza maraqlı cavab verdi: “Əslində, Həsən Şirinovun yaş məhdudiyyəti ilə bağlı müddəti gələn il bitir. Ola bilsin ki, onu nəzərdə tutublar. Belə xəbərlər də onu narahat edir. Xəbərlər yayılanda təskinlik verdik ki, tanınmış adamsan, haqqında hərə bir şey yaza bilər, belə xəbərlərə fikir vermə. Belə götürəndə Həsən Şirinov tanınmış adam olduğu üçün güman ki, ətrafında müəyyən xəbərlər yayılmasına səbəb olub.”

Həsən Şirinovun özü ilə əlaqə saxlamaq cəhdlərimiz isə alınmadı.

Yazıda adı çəkilənlərin münasibətlərini dərc etməyə hazırıq.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button