Həbsdəki general, Eldar Mahmudovu və Hilal Əsədovu hədəf göstərdi: “7 milyon 300 min…”

Ləğv edilmiş MTN-in generalı növbəti dəfə hakim qarşısına çıxarılıb. O, Apellyasiya Məhkəməsinə müraciətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

MTN-nin Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin barələrindəki hökmdən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib. E.Quliyev müsadirə olunması üçün üzərinə həbs qoyulmuş əmlaklarının da özünə qaytarılmasını istəyir.

Məhkəmədə generalın vəkili Ziyad Abbaszadə vəsatətlərlə çıxış edib. Vəkil birinci vəsatətində prosesin qapalı və videoçəkilişlə aparılmasını istəyib.

O, deyib ki, bu iş üzrə bir çox faktar araşdırılmayıb: “Burda dövlət sirrini təşkil edən məsələlər var. Proses qapalı olarsa, Elçin Quliyev bu məsələlərə toxunacaq”.

Elçin Quliyev deyib ki, birinci instansiya məhkəməsinində də bəzi proseslərin qapalı keçirildiyini deyib: “Hakimə ərizəmdə bildirdim ki, burda elə məsələlər var ki, hamının içində danışmaq olmur. Orda da bu səbəbdən bəzi dövlət sirlərinin yayılmasına səbəb oldu. Ona görə də proses qapalı keçirilməlidir”.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra vəkil digər vəsatətində göstərib ki, “Şimal küləyi” və “Qərb qütbü” əməliyyatlarına yönəlik vəsatətlərlə bağlı Elçin Quliyevə mənimsəmə ittiham verilib. Amma həmin pulların ayrılması ilə bağlı sənədlərin məhv edilməsi barədə nazir Eldar Mahmudovun və nazir müavini Hilal Əsədovun əmri var: “Bu işlə bağlı heç bir iş araşdırılmadan Elçin Quliyevə 7 milyon 300 min manat mənimsəmə ittihamı verilib. Xahiş edirik ki, bu məsələ aradırılması ilə bağlı eskpertiza təyin edilsin”.

Elçin Quliyev bu məsələ ilə bağlı çox şeyi danışa bilməyəcəyini qeyd edib: “Burda əsas məsələ agenturaya ayrılan pullardır. Məndən heç kim soruşmayıb kj, hansı agentə nə qədər pul vermişəm. Pulların verilməsi ilə bağlı Maliyyə İdarəsinin xəbəri olmayıb. Çünki mənim səlahiyyətimdə olan agentimi heç kim tanımayıb. Həmin adamı burda nə sizə deyə bilərəm, nə də başqasına… İndiki DTX-nın rəhbər şəxslərinə adları verə bilərəm. Çünki nazirlikdə hərənin öz agenti olub. Mərhum İlqar Əliyevin öz agenti olub, nazirin və yaxud nazir müavininin öz agentləri olub. Hər kəs öz agentini tanıyıb”.

General Quliyev ona verilən mənimsəmə ittihamı ilə razılaşmayıb: “7 milyon 300 min pul mənimsədiyimi bildirirlər. Hanı o pullar? Mənim o boyda pulum olsaydı, indi obyektlərim, villalarım, bağlarım olardı. Hazırda mənim banka belə, borcum var”.

Məhkəmə martın 15- də davam edəcək.

General Quliyev və A.Mehdiyev 2015-ci ildə həbs edilib. Onlar Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə E.Quliyev 10 il 6 ay, A.Mehdiyev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edilib. Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.

Xatırladaq ki, “MTN işi” hadisələrindən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi, general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq, MTN-in Heydər Əliyev adına Akademiyasında kafedra rəisi təyin edilmişdi.(musavat.com)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button